NAXÇIVAN :

21 Aprel 2025, Bazar ertəsi

Atı nalı saxlar...

...

Qədim el sənətimiz nalbəndlik bu gün də yaşadılır

Zəngin tarixi mədəni irsə malik olan qədim Naxçıvan müxtəlif sənət sahələrini yaradan və min illər boyu yaşadan sənətkarları ilə zəngindir. Hazırda dövrün tələbinə görə qismən az istifadə olunan, lakin bir sənət sahəsi kimi hələ də yaşadılan nalbəndlik XX əsrin 50-ci illərinədək daha aktiv idi. İlk zamanlar dəmirçiliklə birgə inkişaf edən nalbəndlik sonrakı dövrlərdə ayrıca sənət sahəsi kimi formalaşmışdır. Yaşadığımız müasir dövrdə də bu sənət nalbəndlər tərəfindən yaşadılır. Bunlardan biri də yaxın zamanlarda 70 yaşını tamamlayacaq şərurlu Qurban Məmmədovdur. 
Nalbəndin sorağı ilə yolumuz Şərur rayonunun gözqamaşdıran mənzərəsi, təmiz havası, ecazkar gözəlliyi ilə ruhumuzu, cismimizi oxşayan Danyeri kəndinə düşür. Kəndin ensiz yollarında soraqlaşa-soraqlaşa Qurban dayının evinə yaxınlaşırıq. Gülər üzü, şirin dili ilə bizi elə qapıdaca qarşılayan Qurban dayı və ailəsi bizi evlərinə dəvət edir. Bir az hal-əhval tutduqdan sonra Qurban Məmmədovu bu yaşa belə sağlam çatması münasibətilə təbrik edir, sənəti barədə söhbətə başlayırıq. Qurban Məmmədov deyir: “Elə dədə-babadan atlarla məşğul olmuşam, balaca vaxtlarımdan minikçi kimi yetişmişəm. 23 yaşımdan isə nalbəndlik sənəti ilə məşğul oluram. Atlara olan marağım məni bu sənəti öyrənməyə vadar etdi. Hazır­da da bu sənət sahəsi ilə məşğul olur, kimə ehtiyacdırsa, onların atlarını nallayıram”. 
“Bu sənətə tələbat varmı?” sualımızın cavabında Qurban dayı bunları söylədi: “Bu sənətə tələbat vardır. Çünki at minən insan 45 gündən bir atı nallamalı, köhnə nal sökülməli və yenisi ilə əvəz olunmalıdır”. Qurban dayı, həmçinin qeyd etdi ki, atın ayağı mütləq nallanmalıdır. Onun sözlərinə görə, necə ki insan ayaqqabı geyinmədikdə daş ayağı əzirsə, atın da ayağına nal vurulmadıqda ayağı daşlardan zədə alır.
Müsahibim nalvurma prosesində bıçaq, çəkic, kəlbətin, yonmaq üçün törpü, mismar kimi alətlərdən istifadə etdiyini bildirir və prosesi izah edir. Əvvəlcə atın ayağını iplə sarıyaraq bərkidir. Daha sonra atın ayağını təmizləyir, çıxıntıları yonur, nal vurur yanlarda artıq qalan hissələri kəsib çıxarırıq.
Qurban dayı bu sənəti yaşatmaq üçün öz övladlarına da öyrətdiyini, hətta yaxın kəndlərdən atını nallatmaq üçün gələnlərin belə sənətə marağı olduğunu qeyd edir.
Burada haşiyə çıxaraq bildirmək istəyirik ki, müsahibim əvvələr Badaşqanda yerləşən Atçılıq İstirahət Mərkəzində atlara baxmış, nal vurmuş, hətta atların bəzi xəstəliklərini müalicəsi ilə məşğul olmuşdur.
İki yaşından yuxarı atların nallanmalı olduğunu vurğulayan Qurban dayı qeyd edir ki, hər atın öz ayağının ölçüsü var və ölçüyə uyğun nal vurulur. Nisbətən yaşlı atlar da istifadəyə yararlı olduğu müddətdə nallanmalıdır.
Sənətinin çətinliklərindən bəhs edən müsahibim burada bir atalar sözünü dilə gətirir: “At təpiyinə at dözər”. Qollarındakı mismarların şırım izlərini misal çəkərək deyir ki, buna baxmayaraq,  bu sənətin çətinlikləri çoxdur, yenə də sevdiyim işlə həvəslə məşğul oluram.
7 illik yolyoldaşına çevrilmiş, rəngi ağ olduğundan “Ağgül” adını verdiyi Qarabağın Dilboz növü olan atını göstərərək deyir ki, bu yaşıma baxmayaraq, atımın arxasınca at gələ bilməz. Mənim atımı minməyə isə 50 nəfərdən 5-nin cəsarəti çatar.
Müsahibim atına və sənətinə o qədər bağlıdır ki, onlarsız özünü təsəvvür edə bilmir. Qədim el sənətimizi yaşadan ağsaqqala “Qolunuz qüvvətli olsun”, – deyib sağollaşırıq.

Türkanə ƏSƏDOVA

Nəşr edilib : 21.04.2025 14:10