"Euronews": Türkdilli ölkələr saxta xəbərlərlə müb...
22:40 07.12.2025
0
0
0
NAXÇIVAN :
07 Dekabr 2025, Bazar
Azərbaycanın Mərkəzi Asiya regionunda yerləşən türkdilli respublikalarla həm ikitərəfli, həm də çoxtərəfli platforma üzərindən əlaqələrində aparıcı amil tarix, dil, din yaxınlığı, mədəni, mənəvi bağlılıqdır. Bu xüsusda Qazaxıstanla münasibətlər isə tarixi köklərə dayanmaqla paralel, həm də müasir çağırışlara uyğun dövlət başçılarının şəxsi dostluq münasibətləri zəminində inkişaf edərək dərin məzmun qazanmaqdadır. Ötən illərdə liderlərin qarşılıqlı müntəzəm rəsmi və işgüzar səfərləri ölkələrimiz arasında münasibətlərin yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Azərbaycanla Qazaxıstan arasında 2005-ci il mayın 24-də imzalanmış strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə və 170-dən çox sənəd, eləcə də 2024-cü ildə ilk iclası keçirilən Ali Dövlətlərarası Şura iki ölkə arasında hərtərəfli əməkdaşlığın genişləndirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. Prezident İlham Əliyevin oktyabrın 20-də Astanaya səfəri, səfər çərçivəsində ertəsi gün keçirilən görüşlər, imzalanan sənədlər yaxın gələcəkdə ikitərəfli münasibətlərin dərinləşməsi istiqamətində mühüm addımların atılacağından xəbər verdi.
Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında möhkəm qardaşlıq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin növbəti təsdiqi kimi mühüm əhəmiyyət daşıdı deyə bilərik. Tərəflər arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi münasibətilə Birgə Bəyanatın imzalanması və Ali Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi səfərin həm siyasi çəkisini, həm də iqtisadi dəyərini ortaya qoydu. Səfər çərçivəsində liderlərin iştirakı ilə “Orta Dəhlizin inkişafı” (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) birgə layihəsinin təqdimatı oldu. Bu xüsusda onu vurğulamaq lazımdır ki, Azərbaycan sözügedən layihənin inkişafı və şaxələndirilməsi üçün mühüm təşəbbüslər irəli sürür, layihələrə imza atır. Xəzərin ən böyük ticarət donanması sayılan Ələt Beynəlxalq Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yükdaşıma aviaşirkəti və digər infrastrukturlar respublikamızı beynəlxalq nəqliyyat-logistika mərkəzlərindən birinə çevirməklə həm də Orta Dəhlizin yükaşırma qabiliyyətini xeyli artırıb.
Təsadüfi deyildir ki, son bir neçə ildə bu dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Müqayisə üçün bildirək ki, əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon tondur, 2030-cu ilədək həmin həcmin hazırkı dövrlə müqayisədə 3 dəfə artması proqnozlaşdırılır. Bu isə, öz növbəsində, layihənin əhəmiyyətinin növbəti illərdə daha da artacağını əsaslandırır. Türk dünyasının birliyi naminə Orta Dəhlizin iqtisadi, ticari əhəmiyyətini xeyli artırmaq üçün qətiyyətli addımların atılması baxımından Azərbaycan-Qazaxıstan iş birliyi, birgə fəaliyyəti mühüm rol oynayır və Astanada təqdimatı olan “Orta Dəhlizin inkişafı” layihəsi sözsüz ki, həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın bu istiqamətdəki inkişafında aparıcı yol xəritəsi rolunu oynayacaq.
Azərbaycan Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqlar timsalında cari il avqustun 8-də Vaşinqtonda əldə olunan razılaşmalarla bölgəyə yalnız sülh deyil, həm də yeni faydalı əməkdaşlıq mühiti qazandırmaqdadır. Bu baxımdan, gələcəkdə Orta dəhlizin mühüm seqmentlərindən biri kimi çıxış edəcək Zəngəzur dəhlizinin açılması Türk dünyasını daha sıx birləşdirməklə yanaşı, o cümlədən Azərbaycan-Qazaxıstan əlaqələrinə də yeni məzmun qazandıracaq. Prezident İlham Əliyev Astanada keçirilən Ali Dövlətlərarası Şuranın iclasında çıxışı zamanı bölgədə yeni sülh və əməkdaşlıq mühitinin formalaşmaqda olduğunu diqqətə çatdırdı, Zəngəzur dəhlizinin açılacağına dair mühüm mesajlar verdi. Sitat: “Bu gün Orta Dəhliz layihəsinin reallaşdırılması çərçivəsində əldə olunanlar, həmçinin qarşıdakı planlarla bağlı təqdimat da etdik. Bununla yanaşı, öz tərəfimdən əlavə etmək istəyirəm ki, hazırda biz hər şeyi planlaşdırır və həyata keçiririk, Zəngəzur dəhlizi layihəsi də böyük potensiala malikdir. Azərbaycan ərazisində avtomobil və dəmir yolu əlaqəsi üzrə bütün işlər gələn ilin ortalarında başa çatdırılacaq. Ümid edirik ki, digər ölkələrin ərazisində də bütün bunlar analoji sürətlə həyata keçiriləcək və belə olan halda Zəngəzur dəhlizinin açılışı 2028-ci ilin sonuna qədər baş verə bilər”.
Bu gün Azərbaycanda Qazaxıstan kapitalı ilə 250-dən çox müəssisənin qeydiyyata alınması iqtisadi sahədə ölkələrarası tərəfdaşlığın artıq kifayət qədər möhkəm təməllər üzərində bərqərar olunduğunu göstərir. İki ölkə arasında yaradılmış Birgə İnvestisiya Fondu 300 milyon dollarlıq nizamnamə kapitalı ilə qarşılıqlı investisiya mühitinin genişlənməsinə xidmət edir. Azərbaycan Qazaxıstan iqtisadiyyatına 225 milyon dollar, Qazaxıstan isə Azərbaycan iqtisadiyyatına 136 milyon dollar investisiya yatırıb. Güclənən iqtisadi münasibətlər Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin dinamik şəkildə artımına da təsir göstərir. Təqdiredici haldır ki, Qazaxıstan Mərkəzi Asiya regionunda Azərbaycanın birinci ticarət tərəfdaşı kimi tanınır. Tərəflər arasında ticarət dövriyyəsi 2024-cü ildə 470 milyon dollara, 2025-ci ilin yanvar-avqust ayları ərzində isə əvvəlki ilin göstəricilərini üç dəfə üstələyərək 547 milyon dollara çatıb. Bu artım Orta Dəhlizin potensialından səmərəli istifadə və nəqliyyat və logistika infrastrukturunun sistemli modernləşdirilməsi ilə bağlıdır.
Qazaxıstan Azərbaycana taxıl, alüminium, metal məmulatları, kimya və neft məhsulları ixrac, maşınqayırma məhsulları, etilen polimerləri və ərzaq məhsulları isə idxal edir. Ölkələrimiz Qafqaz və Türkiyə bazarlarında kənd təsərrüfatı məhsullarının emalı və paylanması üzrə birgə mərkəzlərin yaradılmasını da nəzərdə tutur. İnvestisiya əməkdaşlığı iqtisadi inteqrasiyanın mühüm istiqaməti kimi, gələcəkdə ölkələrarası iqtisadi münasibətlərin daha da dərinləşməsinə və hər iki ölkədə rəqabətqabiliyyətli biznes mühitinin formalaşmasına təsir göstərən əsas amillərdən biridir. Prezident İlham Əliyev Astanada keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclasında çıxışı zamanı iqtisadi və ticari sahədə birgə əməkdaşlığın perspektivlərinə toxundu, ölkələrarası iqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlərin əldə olunduğunu vurğuladı: “Bu yaxınlarda Hökumətlərarası Komissiyanın müsbət iclası oldu. İqtisadi-ticari əlaqələrin möhkəmləndirilməsi üzrə ciddi nailiyyətlər əldə olunub, əmtəə dövriyyəsi artır və bu, təbii ki, bizi çox sevindirir. Təsis etdiyimiz Birgə İnvestisiya Fondu da böyük potensiala malikdir. Artıq həyata keçirilmə mərhələsində olan bir neçə layihə mövcuddur və konkret layihələrin nəzərdən keçirilməsi, Birgə İnvestisiya Fondu mexanizmi ilə müştərək maliyyə ilə bağlı təkliflər var”.
Azərbaycan-Qazaxıstan dostluq, qardaşlıq münasibətləri ölkəmizin Böyük qayıdış siyasətinin həyata keçirilməsi prosesində də özünü bariz şəkildə göstərir. Qazaxıstanın maliyyə vəsaiti hesabına Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası qardaş dəstəyinin əyani ifadəsidir. Prezident İlham Əliyev Astanada mətbuata bəyanatı zamanı Uşaq Yaradıcılıq Mərkəzini bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də Azərbaycan-Qazağıstan qardaşlığının və dostluğunun rəmzi kimi dəyərləndirdi: “Prezident Tokayevlə Füzulidə açılışını etdiyimiz Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi bu gün təkcə uşaqların təhsili və inkişafı ocağı deyil, həm də qardaşlığımızın və dostluğumuzun rəmzidir. Qarabağ bölgəsinə istər avtomobil nəqliyyatı ilə, istərsə də avianəqliyyatla səfər edən istənilən şəxs, - Füzulidən başqa bölgələri ziyarət etmək üçün istifadə edənlər, - Kurmanqazı adına Mərkəzin yaxınlığından keçərkən hər bir Azərbaycan vətəndaşı və ölkəmizin qonağı qardaş köməyinin şahidi olur. Bu, bizim, o cümlədən Qazaxıstanın qardaş köməyi sayəsində genişmiqyaslı “Böyük Qayıdış” layihəsini uğurla həyata keçirdiyimiz bir vaxtda müstəsna əhəmiyyətə malikdir”.
Prezident İlham Əliyevin Qazaxıstan səfəri həm siyasi, iqtisadi çəkisi ilə seçildi, eyni zamanda da ölkələrarası mədəni, mənəvi bağlılığın təcəssümünə çevrildi. Azərbaycan liderinin şərəfinə verilən ziyafətdə Ümummilli Lider Heydər Əliyevin sevimli mahnısı “Alagöz” mahnısının səsləndirilməsi, fonda isə Ulu Öndərin Prezident İlham Əliyevlə birgə kadrlarının nümayişi ölkələrimiz arasında sarsılmaz qardaşlıq və dərin mənəvi bağların olduğunu bir daha dünyaya bəyan etməklə tarixi-siyasi irsə sədaqəti, hörməti göstərdi. Həm Strateji tərəfdaşlıq münasibətlərinin 20-ci ildönümünün məxsusiləşdirilməsi, həm də Ali Dövlətlərarası Şuranın 2-ci iclasının keçirilməsi ilə əlamətdar olan Astana görüşü bir daha əminlik yaratdı ki, tarixi qardaşlıq, ortaq türk kimliyi, oxşar mənəvi, mədəni dəyərlərə, ənənələrə əsaslanan Azərbaycan-Qazaxıstan münasibətləri əsl strateji tərəfdaşlıq xarakterinə malikdir və bu tərəfdaşlığın üfüqləri zaman keçdikcə daha da genişlənəcəkdir.
Nail ƏSGƏROV
Digər xəbərlər