NAXÇIVAN :

14 Mart 2026, Şənbə

“Araz-Naxçıvan”ın tarixi heç-heçəsi – Naxçıvan sakinlərinin təəssüratı

...

Xəbər verdiyimiz kimi, Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Araz-Naxçıvan” II təsnifat mərhələsində cavab oyununa çıxaraq Yunanıstanda “Aris” komandasının qonağı olub. Salonikidəki “Kleantis Vikelidis” stadionunda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticə ilə “Araz-Naxçıvan” adını növbəti mərhələyə yazdırıb və Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. Üstəlik, III təsnifat mərhələsinin ilk oyunu avqustun 7-də Bakıda, cavab görüşü isə ayın 14-də Nikosiyada keçiriləcək.

Biz də “Şərq qapısı” komandası olaraq Naxçıvan şəhərində sakinlər arasında sorğu keçirdik, onların doğma komanda “Araz-Naxçıvan”ın bu uğuru barədə təəssüratlarını öyrəndik.

İlk sorğu iştirakçımız “Araz-Naxçıvan”ın uşaqlar və yeniyetmələr üçün olan komandasının keçmiş üzvü, 2008-ci il təvəllüdlü Ədalət Vəliyev oldu. Təxminən, üç il əvvəl “Araz-Naxçıvan”dan ayrılan Ədalət bir müddət “Galatasaray”ın, daha sonra isə “Güngörən” futbol klubunun uşaqlar və yeniyetmələr üçün olan komandasında çıxış edib:

 “Bu komandanın bir hissəsi olmuşam, uşaq vaxtı “Araz-Naxçıvan” formasını geyinmək mənim üçün böyük qürur idi. Dünənki oyunu izləyəndə həyəcanlandım. Heç-heçə olsa da, meydanda iradə gördüm. Komanda hazırda doğma stadionunda oynamasa da, ruhdan düşmür. Çünki bilir ki, biz – naxçıvanlılar buradan onlarla fəxr edirik”.

Digər müsahibimiz, şəhər sakini Elnur Tağıyev oyunun çətinliyinə diqqət çəkdi:

 “Aris” kimi komandaya qarşı meydanda dayanmaq asan deyil. Amma “Araz-Naxçıvan” meydanda əsl döyüş göstərdi. Mənim üçün nəticədən çox, mübarizə önəmlidir və həmin mübarizəni gördüm. İndi hər kəs “Omoniya” ilə görüşü gözləyir. Əminəm ki, komandamız daha da irəli gedəcək”.

Dünənki oyunu izləyən Türkanə Bilalova isə matçdan aldığı sevinc hissini bizimlə bölüşdü:

 “Matçı izləyəndə sanki qələbə qazandıq kimi sevindim. Çünki heç-heçə nəticə belə bizi növbəti təsnifat mərhələsinə yüksəltdi. Komandanın doğma yurdunda, Naxçıvan şəhərində stadion problemi var, amma bunu motivasiya kimi istifadə edirlər. Bizə qürur bəxş edirlər, biz də onların uğuru üçün dua edirik”.

Ayşən Adıgözəlova, futbolu tez-tez izləməsə də, bu oyunu diqqətlə seyr edib:

“Düzü, futbola o qədər də baxmıram, amma “Araz-Naxçıvan” oynayanda həyəcanlanıram. Dünən gördüm ki, komandamız Avropada heç kimdən geri qalmır. Azarkeşlərimizin Yunanıstana və başqa ölkələrə gedə bilməməsi təəssüf doğurur, amma futbolçularımız sanki bütün Naxçıvanın səsini eşidir”.

Son olaraq, futbol azarkeşi Nicat Əliyev fikirlərini belə ifadə etdi:

“Bu heç-heçə mənim üçün qələbə qədər dəyərlidir. “Araz-Naxçıvan” sübut etdi ki, Avropada da sözünü deyə bilər. Bizi qürurlandırmağa davam edirlər. Stadion uzaqda ola bilər, amma ürəyimiz meydandadır”.

Nəticə olaraq, aydın görünür ki, “Araz-Naxçıvan” yalnız futbol klubu deyil o, naxçıvanlılar üçün qürur, birlik və ümid mənbəyidir. Komandanın meydanda göstərdiyi mübarizə isə azarkeşlərin inamını daha da artırır. Naxçıvanda stadionda oyun izləmək hələ ki, mümkün olmasa da, sakinlərin qəlbi hər matçda “Araz-Naxçıvan”la birlikdə döyünür.

 

Rafiq TƏHMƏZ

Nəşr edilib : 01.08.2025 17:59