Gələn həftə Azərbaycana yaz fəsli daxil olur
16:33 14.03.2025
0
0
0
NAXÇIVAN :
14 Mart 2025, Cümə
Araz çayı… Onun adı səslənən zaman qəlblərdə bir nisgil, bir həsrət boylanır. Bu çay təkcə coğrafi sərhəd deyil, eyni zamanda xalqların, ürəklərin, talelərin şahididir. O, min illər boyu Azərbaycan torpaqlarını suvarıb, könülləri oxşayıb.
Araz çayı Qafqazın ən sirli və ecazkar çaylarından biridir. Onun suları qaynayıb axdıqca özü ilə qədim zamanların sirrini, əsrlərin səsini gətirir. Bu çaya baxdıqca sanki gözlər Arazın suları ilə birlikdə çay gözdən itənə qədər onun qonağı olur.
Bəlkə də Araz çayı Tanrının göz yaşlarından yaranıb. O göz yaşları ki bir vaxtlar bir xalqı ayıran sərhəd oldu. Bu çayın suyuna baxanda, bəlkə də, o göz yaşlarını görmək mümkündür – hər damlasında bir nisgil, bir sevda… Bəlkə də, uzaqdan baxarkən Naxçıvanın belinə dolanmış, günəş şüaları altında bərq vuran gümüş bir kəmər. Görəsən, kim bu suya öz xatirələrini danışıb? Kimisi sevincini, kimisi isə öz kədərini… Gah üsyan edərək Qarabağ atı tək şaha qalxır, gah da Azərbaycan təbiətinin ecazkarlığından mürgüləyir.
Sözsüz ki, nə vaxtsa onun sahillərində sevgililər görüşüb, bir-birinə sədaqət andı içiblər. Amma elə olub ki, Araz aralarına sərhəd çəkib. Bir sahildə qalan sevgili o biri sahildə gözləyəninə baxaraq ürəyində bir həsrət daşıyıb. Ona görə də Araz azərbaycanlıların şeirlərində, mahnılarında həmişə ayrılığın simvolu olub:
Araza gəmi gəldi,
Mən dedim hamı gəldi
Sən ağla, ay gözlərim
Ayrılıq dəmi gəldi.
Onun sahillərində baharın gəlişi xüsusi gözəllik yaradır. Yaşıllıqlar içində qıvrılan bu çay bülbüllərin nəğməsinə qarışan su səsləri ilə təbiətin nə qədər canlı və şairanə olduğunu xatırladır. Bəzən isə boz torpağı yuyaraq sanki onun olmayan yaşıllıqlarının yerini doldurmağa, ona həmdəm olmağa çalışır.
Azərbaycanın Xalq şairi Nəriman Həsənzadənin “Gəncə çayı, Araz çayı, Kür çayı” misraları, bayatılar, bu çayı təxəllüs etmiş görkəmli şair Məmməd Araz və neçə-neçə dahi şəxsiyyətin əsərləri…
Bu gün Araz təkcə sərhəd deyil. O, xalqları, mədəniyyətləri birləşdirən bir körpü olmalıdır. Bu çayın suları tarixboyu olduğu kimi, yenə də sevgi və ümid daşımalıdır. Çünki Araz təkcə ayrılığın deyil, həm də vüsalın çayıdır.
Bəlkə bir gün Arazın sahillərində heç bir ayrılıq olmayacaq… Bəlkə, bir gün onun suları yalnız xoşbəxtlik və sevgi mahnıları gətirəcək… Və, bəlkə, bir gün Arazın hər damlası əsrlərboyu axıdılan göz yaşlarının əvəzinə, sevinc və vüsal rəmzinə çevriləcək…
Rafiq TƏHMƏZ
Digər xəbərlər