NAXÇIVAN :

19 Aprel 2026, Bazar

AOA-nın 30 illiyi: Ombudsmanlar arasında beynəlxalq əməkdaşlıq güclənir

...

Asiya Ombudsmanlar Assosiasiyasının (AOA) təsis olunmasının 30 illiyi münasibətilə aprelin 16-da onlayn tədbir keçirilib.

Ombudsman Aparatından bildirilib ki, Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman), AOA-nın vitse-prezidenti Səbinə Əliyeva tədbirdə çıxışı zamanı təşkilatın ötən müddət ərzində bir sıra mühüm nailiyyətlər əldə etdiyini bildirib və işini yüksək qiymətləndirib. Assosiasiya çərçivəsində biznes və insan hüquqları, əlilliyi olan şəxslərin hüquqları, korporativ məsuliyyət və digər aktual mövzularda tədbirlərin keçirildiyini və müsbət nəticələrin qazanıldığını qeyd edib.

S.Əliyeva Azərbaycanın Ombudsman təsisatının Assosiasiyanın fəal üzvü olduğunu, ölkəmizin AOA-nın İdarə Heyətinin iclası kimi əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb.

Müvəkkil AOA çərçivəsində biznes və insan hüquqları sahəsində beynəlxalq platformanın yaradılması təşəbbüsünün digər üzv ölkələrin ombudsman təsisatları tərəfindən müsbət qarşılandığını xatırladaraq, bu sahədə işçi qrupun yaradılmasının müntəzəm məlumat mübadiləsinə və birgə fəaliyyətlərin əlaqələndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Çıxış edən digər ombudsmanlar da müsbət təcrübələrini paylaşaraq, Assosiasiya çərçivəsində birgə əməkdaşlığın inkişafı və gələcək fəaliyyət istiqamətlərinə dair fikir mübadiləsi aparıblar.

Nəşr edilib : 16.04.2026 17:59