NAXÇIVAN :

08 Noyabr 2024, Cümə

Amerikan səfirindən revanşistcəsinə “izah” və ya cəfəngiyyat adlandırılan həqiqət

...

30 il boyunca Azərbaycanın regionda yaratmaq istədiyi sülh və əmin-amanlıq siyasətinə bu və ya digər yollarla qarşı çıxan, bununla yanaşı, daim Ermənistanı ölkəmizlə müharibəyə, çəkişmələrə təhrik edən Amerika hökumətinin, ordumuzun əldə etdiyi böyük qələbədən sonra da, belə demək mümkündürsə, bizimlə olan “işi” bitmək bilmir ki, bilmir. 44 günlük Vətən müharibəsinin baş verdiyi müddət ərzində amansız çıxışları, ərazi bütövlüyümüzə qarşı qaldırdığı sərt iddiaları, ondan sonrakı dövrdə də Azərbaycana və onun Qafqaz cəbhəsində yaratmaq istədiyi atəşkəs siyasətinə qarşı qeyri-ciddi maraqları, sözün həqiqi mənasında, Amerikanın ölkəmizə qarşı olan niyyətini gün üzünə çıxardı. Bu hegemon dövlətin növbəti “ürəkaçan” məqsədi də Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirinin İctimai TV-yə verdiyi səs-küylü  müsahibədə özünü göstərdi.

Səfir Mark Libbinin İctimai Televiziyaya olan müsahibəsi ölkəmizdə ciddi narazlıqlara, xüsusən də jurnalistlər və media nümayəndələri arasında tənqidə səbəb oldu. Belə ki, Mark Libbi ABŞ-ın Ermənistanı silahlandırması faktını cəfəngiyyat adlandırdı. Səfir müsahibəsində bildirdi ki, “Caliber.az”n təqdim etdiyi bütün məlumatları təkzib edir. Bu da bəs etmirmiş kimi Azərbaycan media nümayəndələrini araqarışdıran adlandıran səfir, müsahibəsində onu da vurğuladı ki, Ermənistana hərbi yükün göndərilməsi hərbi təlimlə əlaqəlidir. Səfirin səsləndirdiyi son fikirləri oxuyanda, yəni Amerikanın Ermənistana göndərdiyi hərbi yükün təlimlə əlaqəli olduğunu öyrənəndə, nədənsə qərb qonşumuzun bir zamanlar sərhəddə qalan “Spayk”a məxsus yük maşınları yada düşür. Düzdür, haqqında danışdığımız hadisənin üzərindən xeyli zaman ötüb; mövzu tamam fərqlidir, lakin mahiyyəti bütün reallıqları ilə eynidir. Çünki bir neçə il bundan əvvəl də “humanitar yardım” adı altında Amerika ilə bir bulaqdan su içən Avropa emmisarlarının, ermənilərlə ağız-ağıza verib “dənizdən-dənizə Ermənistan” yaratmaq xülyasına qapılan Avropa elitasının məqsədi də aşağı-yuxarı səfirin “təkzib” etdiyi Amerikanın bu addımı ilə eynidir. Bəli, o zaman “Spayka”a məxsus yük maşınları Gürcüstan-Ermənistan sərhədində saxlanılmışdı: Ermənistana silah daşıdığına görə. Həmin zaman məlum oldu ki, hərbi yüklər mülki bağlamalarla üstü örtülü şəkildə yük qoşqusunun arxasına yerləşdirilib. Silah-sursatı Gürcüstan yolu ilə Ermənistana daşımaq, oradan da Azərbaycan əleyhinə istifadə etmək istəyirdilər, ancaq baş tutmadı. “Spayka” şirkətinin yükləri mənzilbaşına çatmadı…

Amerika səfiri müsahibəsində ölkə mətbuatını və media nümayəndələrini araqarışdıran, şouyaradan adlandırıb. Mark Libbinin yanaşmasına görə Azərbaycan Respublikasında fəaliyyət göstərən jurnalistlər, media nümayəndələri bu və ya digər səbəblərdən yaydıqları məlumatlarda regionda sülh və əmin-amanlığa xələl gətirəcək, o cümlədən ölkələrin bir-biri ilə olan münasibətlərində nöqsanlar yaradacaq mövzulara toxunurlar. O zaman hadisələrə bir az geniş prizmadan, obyektiv və şəffaf şəkildə baxaq. Məsələn, xatırlayaq ki, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi  bu il mayın 6-da Şuşa şəhərinə səfər etmişdi. Cıdır düzündə yayımladığı videomüraciətdə “Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm” söyləyən səfir onu da qeyd etmişdi ki, “Biz iki aya yaxındır ki, bu səfərə hazırlaşırdıq və mən şadam ki, bu səfər, nəhayət ki, baş tutdu… Qonaqpərvərliyinizə görə təşəkkür edirəm…Azərbaycanın bütün bölgələrinə səfərlərimi davam etdirməyi səbirsizliklə gözləyirəm”.

 

Səfirin müraciətdə söylədiyi fikirlərdən belə bir nəticə çıxarmaq olur ki, o, Azərbaycanın qədim və əzəli torpağı olan Qarabağda, o cümlədən Şuşa şəhərində olmaqdan çox şaddır. Amerikanı ölkəmizdə təmsil edən nümayəndənin o zaman belə fikirlər səsləndirməsi istər-istəməz bu ölkənin illər boyu Qarabağ mövzusunda yaydığı bəyanatları, o cümlədən Azərbaycanın ərazi bütövlüyünə olan münasibətlərini bizə az da olsa unutdurmuşdu, daha dəqiq desək, Amerikaya qarşı olan münasibətlərimizi yumşaltmışdı. Ən azından həmin müraciəti dinləyəndə hamılıqla Amerikanın öz xislətindən əl çəkdiyini, artıq ərazi bütövlüyümüzü tanıdığını və ordumuzun Ermənistan üzərindəki mütləq qələbəsini qəbul etdiyini düşünmüşdük. Lakin bütün bu müsbət gözləntilərimiz, düşüncələrimiz, sən demə, aylar sonra bizi yanıldacaqmış. Azərbaycan jurnalistlərini şou göstərməkdə, ara qarışdırmaqda ittiham edən səfirin ay fərqi ilə söylədiyi fikirləri dinləyəndə, əslində, kimin şou göstərdiyi, ara qarışdırdığı və Azərbaycanın Qərb qonşuları ilə olan münasibətləri düzəltmək ərəfəsində, hər iki dövlət arasında yenidən əlaqələri kəskinləşdirmək məqsədi güddüyü gün kimi aydınlaşdı. Bir sözlə, reallıqlar göz önündədir; kimin Qafqaz cəbhəsində müharibə yaratmağa can atması, Azərbaycan-Ermənistan arasında olan əlaqələrin pozulmasına çalışması…dünyanın gözləri qarşısındadır.

Amerikan səfirinin revanşistyana “izahı” və cəfəngiyyat adlandırdığı həqiqətlərin doğruluğuna biz dəfələrlə şahid olmuşuq. Yəni hələ İkinci Qarabağ müharibəsinin baş verdiyi zamanda “humanitar yardım” adı ilə silah daşıyanlardan tutmuş, “hərbi təlim keçənlərə” qədər Ermənistanı Azərbaycanla müharibəyə təhrik edən qüvvələrin məkrli niyyətlərinə bələd olmuş, onların bu ikiüzlü və alçaq məqsədlərini ifşa etmişik. Nəticəsi necə olursa-olsun, Azərbaycan Respublikası heç bir halda və heç bir şəraitdə regionda müharibəyə şərait yaradacaq, Ermənistanla münasibətləri kəskinləşdirəcək addımlar atmayıb.

Mark Libbi müsahibəsində onu da qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan arasında ən böyük problem etimadsızlıqdır. Lakin dövlət başçısı cənab İlham Əliyevin bütün çıxışlarında Ermənistanı dostluq münasibətlərinə çağırmasını, Qafqaz cəbhəsində hər iki dövlətin sülhə əməl etməyə səsləməsini və bunun üçün çalışmasını, Qarabağın ərazi bütövlüyümüzün bir parçası olduğunu dostcasına tanımağa Ermənistanı dəvət etməsini gözardı edən səfir, deyəsən, Amerikanın bütün məkrli planları kimi bunun da baş tutacağına, ədalətsizliyin zəfər çalacağına inanıb. Ancaq məqsədi baş tutmadı və heç bir zaman da baş tutmayacaq. Azərbaycan Respublikası bütün ölkələrlə (hətta Ermənistanla belə) dostluq əlaqələri qurduğu kimi, Amerikanın bu cılız addımına məhəl verməyəcək və bundan sonra da hər iki, hətta hər üç ölkə arasında olan əlaqələr sülh və əmin-amanlığa rəvac verəcək şəkildə inkişaf edəcək. Elə ölkə başçısının Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenə təbrik məktubunda qeyd etdiyi kimi: “Ölkələrimiz mürəkkəb regional çağırışların həlli istiqamətində, terrorizmə qarşı mübarizə və beynəlxalq təhlükəsizlik məsələlərində hər zaman yaxından əməkdaşlıq ediblər. Enerji sahəsindəki uzunmüddətli və səmərəli birgə fəaliyyətimiz xüsusi əhəmiyyət kəsb edir. Birləşmiş Ştatların Azərbaycanın enerji strategiyasının gerçəkləşməsinə, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin reallaşmasına verdiyi qətiyyətli dəstəyini yüksək qiymətləndiririk”.

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.08.2024 16:13