NAXÇIVAN :

26 Oktyabr 2026, Bazar ertəsi

AMEA Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi ilə əməkdaşlığa başlayır

...

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə AMEA-dan məlumat verilib.
AMEA-nın Rəyasət Heyətində keçirilən görüşdə çıxış edən akademik İsa Həbibbəyli tarixi köklərə söykənən Azərbaycan-Özbəkistan münasibətlərinin bu gün yüksək səviyyədə olduğunu bildirib. Qeyd edib ki, son illərdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müstəsna rolu var.
Daşkənddə Heydər Əliyevin abidəsinin və parkının yaradılmasını, Bakıda isə böyük özbək şairi Əlişir Nəvainin abidəsinin ucaldılmasını xatırladan akademik İsa Həbibbəyli hər il ədibin doğum günündə keçirilən tədbirlər çərçivəsində Əlişir Nəvainin abidəsinin ziyarət olunduğunu deyib, bu münasibətlərin səmimi dostluq və qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
Akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, Azərbaycanla Özbəkistan arasında tarixi, mədəni və mənəvi bağların möhkəmləndirilməsi istiqamətində elmin və akademik qurumların üzərinə mühüm vəzifələr düşür.
Özbəkistanda yeni yaradılmış İslam Sivilizasiyası Mərkəzinin əhəmiyyətinə toxunan AMEA rəhbəri bu mərkəzin yalnız dini deyil, həm də elmi, mədəni, fəlsəfi və ictimai irsi əhatə etdiyini, maariflənməyə və tərəqqiyə xidmət edəcəyini söyləyib.
Sonra çıxış edən Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, Azərbaycan alimləri Özbəkistanın tarixi və mədəni irsinin öyrənilməsi və təbliği istiqamətində mühüm işlər görürlər. Səfir xüsusilə AMEA-da Əlişir Nəvai irsinin tədqiqi və təbliği ilə bağlı, o cümlədən Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib.
Səfir AMEA rəhbərliyinin Azərbaycan-Özbəkistan elmi əlaqələrinin möhkəmləndirilməsinə verdiyi dəstəyi xüsusi vurğulayıb.

Görüşdə çıxış edən Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqov göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. Vurğulayıb ki, bu gün iki ölkə arasında münasibətlər səmimi dostluq və ortaq mənəvi dəyərlərə əsaslanır. Mərkəzin direktoru iki ölkənin elmi və mədəni əlaqələrinin daha da inkişaf etdirilməsinə və bu istiqamətdə birgə fəaliyyətə hazır olduqlarını bildirib.
Mərkəzin direktoru gələcək əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi beynəlxalq elmi konfransların təşkilini qeyd edib. Bildirib ki, 2027-ci ildə qarşılıqlı səfərlər və elmi tədbirlər vasitəsilə əməkdaşlığın praktik mərhələyə keçirilməsi nəzərdə tutulur.
Çıxışlardan sonra AMEA ilə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzi arasında elmi əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Sənədi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli və İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqov imzalayıblar.
Azərbaycan-Özbəkistan elmi-mədəni əlaqələrinin inkişafına verdiyi töhfələrə görə Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Abduxaliqova “AMEA-nın Üzeyir Hacıbəyli” döş nişanı təqdim olunub.
Daha sonra hədiyyələr təqdim edilib.
Qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə də tanış olublar.
Görüşdə Özbəkistan Müsəlmanları İdarəsinin sədrinin birinci müavini Xomidjon İşmatbəkov, Özbəkistan Elmlər Akademiyasının Dövlət Tarixi Muzeyinin direktoru Jannat İsmailova, “Özbəkistan-24” telekanalının və Özbəkistan Milli İnformasiya Agentliyinin əməkdaşları, həmçinin AMEA-nın Rəyasət Heyəti aparatının Xarici əlaqələr və beynəlxalq elmi təşkilatlarla iş şöbəsinin müdiri biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürov da iştirak ediblər.

Nəşr edilib : 26.10.2026 19:39