NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsində elmi mühitə iki yeni töhfə

...

AMEA Naxçıvan Bölməsində iki yeni elmi nəşrin – sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanovun “Naxçıvan teatrında rəssam işi” və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərovanın “Qərbi Azərbaycanın etno-mədəni mühiti: 
tədqiqlər, xatirələr, faktlar (II kitab)” kitablarının təqdimatı keçirilib. 
Tədbiri açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev təqdim olunan nəşrlərin elmi və ictimai əhəmiyyətindən danışıb. Akademik hər iki müəllifin apardığı tədqiqatların yalnız müvafiq sahələrin inkişafına deyil, eyni zamanda Azərbaycan xalqının mədəni irsinin, milli yaddaşının qorunmasına da mühüm töhfə verdiyini qeyd edib. Kitabları ümumi təhlil edən İsmayıl Hacıyev çıxışının sonunda müəllifləri ərsəyə gətirdikləri yeni kitablar münasibətilə təbrik edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Teatr rəssamlığına aid dəyərli araşdırma” mövzusunda məruzə edib. O bildirib ki, Əli Qəhrəmanovun monoqrafiyası Naxçıvan teatr rəssamlığının tarixi inkişaf yolunu, onun əsas mərhələlərini, tanınmış teatr rəssamlarının yaradıcılığını əhatəli şəkildə tədqiq edir. Məruzəçi əsərdə teatr sənətinin formalaşmasında rəssamların rolu məsələsinin və səhnə dekorasiyasının estetik prinsiplərinin geniş araşdırıldığını diqqətə çatdırıb.
 İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev hər iki nəşri yüksək qiymətləndirərək onların geniş oxucu kütləsi üçün əhəmiyyətindən danışıb. Alim bu əsərlərin həm sənətşünaslıq, həm də filologiya və tarix sahələrində araşdırma aparan tədqiqatçılar üçün zəngin və etibarlı mənbə olduğunu bildirib.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl “Qərbi Azərbaycana Qayıdış siyasətinə daha bir töhfə” mövzusunda məruzə edib. Aytən Cəfərovanın kitabında toplanmış etnoqrafik materialların, xatirələrin və arxiv faktlarının bu gün dövlət səviyyəsində aparılan Qayıdış siyasətinə uyğun məzmun daşıdığını qeyd edib. Alim müəllifin topladığı materialların təkcə keçmişə işıq salmadığını, həm də gələcək nəsillərin bu torpaqlara olan bağlılıq hissini gücləndirdiyini qeyd edib.
Sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin əməkdaşı Aytəkin Zeynalova hər iki müəllifi təbrik edərək onların fəaliyyətini yüksək qiymətləndirib. O, kitabların maarifləndirici və elmi dəyəri ilə yanaşı, milli-mədəni kimliyin təbliğinə və qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.
Sonda müəlliflər-sənətşünaslıq üzrə fəlsəfə doktoru Əli Qəhrəmanov və filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova kitablarının elmi əhəmiyyəti, ərsəyə gəlmə mərhələləri barədə danışıb, ürək sözlərini səsləndiriblər. Eyni zamanda tədbirin təşkilinə və yaradıcılıqlarına göstərilən diqqətə görə minnətdarlıq ediblər.

Nəşr edilib : 23.09.2025 16:29