NAXÇIVAN :

15 Sentyabr 2026, Çərşənbə axşamı

AMEA-da “Tağıyev” filminə baxış və Azərbaycan geyim mədəniyyətinə dair sərginin açılışı olub

...

AMEA Rəyasət Heyətində dördseriyalı “Tağıyev” bədii filminə baxış və rəssam Vüsal Rəhimin “Azərbaycan geyim mədəniyyəti. Tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərgisinin açılış mərasimi keçirilib.
Bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ekran əsərinin böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinin, tarixi irsinin yeni nəslə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını söyləyib. Akademik qeyd edib ki, film yalnız Tağıyevin şəxsiyyətini deyil, onun yaşadığı dövrün ictimai-mədəni mənzərəsini də əks etdirir.
Vurğulanıb ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınmış “Tağıyev” filmi Azərbaycan mədəniyyətində və ictimai fikrində mühüm hadisədir.
Bakı Media Mərkəzinin icraçı direktoru Orman Əliyev çıxışında “Tağıyev” filminin böyük layihə olduğunu bildirib. O, filmin çəkilişlərinin müxtəlif məkanlarla yanaşı, AMEA-da da aparıldığını diqqətə çatdırıb.
Tədbirdə dörd seriyadan ibarət olan “Tağıyev” filminin bütün hissələrini özündə əks etdirən müxtəlif parçalar videoçarx şəklində təqdim olunub.
Daha sonra “Tağıyev” filminin rejissoru Zaur Qasımov ekran əsərinin ərsəyə gəlməsi prosesi və yaradıcı heyəti barədə məlumat verib.
Tədbirdə, həmçinin “Azərbaycan milli geyimləri: XIX əsrin sonu – XX əsrin əvvəlləri” və “Azərbaycan milli geyimlərində folklor yaddaşı və milli kimlik” mövzularında məruzələr dinlənilib.
Sonda “Tağıyev” filminin geyim və kino rəssamı Vüsal Rəhimin “Azərbaycan geyim mədəniyyəti. Tarixi irsin bədii interpretasiyası” adlı fərdi sərgisinə baxış keçirilib.

Nəşr edilib : 15.09.2026 20:37