Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yo...
23:14 12.10.2026
0
0
0
NAXÇIVAN :
13 Oktyabr 2026, Çərşənbə axşamı
10 oktyabr – Yanğınsöndürənlərin Peşə Bayramı Günüdür
Hər bir peşənin özünəməxsus məsuliyyəti var. Lakin elə peşə sahibləri də var ki, onların xidmət yolu çox zaman başqalarının təhlükədən uzaqlaşdığı anda təhlükəyə doğru getməkdən keçir. Burada insan həyatının xilas edilməsi, təhlükənin qarşısının alınması və insanların təhlükəsizliyinin təmin olunması başlıca vəzifədir. Belə peşə sahiblərindən biri də yanğınsöndürənlərdir.
Böyük tarixi yol keçmiş Azərbaycan yanğınsöndürmə xidmətinin fəaliyyətində insanların ən çətin anlarında onların köməyinə çatmaq, həyatını qorumaq və təhlükəsizliyi təmin etmək üçün göstərilən çoxsaylı cəsarət nümunələri var. Bu fədakarlıq və xidmətə sədaqət gənc nəsil yanğınsöndürənlər üçün də mənəvi örnəkdir.
Yanğın bir anda başlayır, bir anda böyüyür. Sakitliyi pozan zəng səsi ilə saniyələr hesablanmağa başlayır. Siren səsi şəhərin sükutunu yarır, insanlar yol verir, yanğınsöndürmə avtomobilləri hadisə yerinə doğru hərəkət edir. Onlar üçün hər çağırış yeni bir məsuliyyət deməkdir. Çünki onun arxasında bir insanın həyatı, bir ailənin taleyi, bir ev, bir müəssisə və maddi dəyərlər dayanır.
Hadisə yerinə çatmaq isə yalnız başlanğıcdır. Qarşıda vəziyyətin qiymətləndirilməsi, insanların təhlükəsizliyinin təmin olunması, yanğının yayılmasının qarşısının alınması və mümkün nəticələrin aradan qaldırılması kimi mühüm vəzifələr dayanır. Yüksək temperatur, boğucu tüstü, dağılan konstruksiyalar və hər an dəyişə bilən vəziyyət məhdud zaman çərçivəsində çevik və düzgün qərarlar tələb edir.
Onlar yalnız alovla mübarizə aparmırlar. Köməyə ehtiyacı olanları təhlükəsiz yerə çıxarır, qəza və dağıntılar zamanı insanların köməyinə çatırlar. Bəzən isə qorxu içində olan bir ailəyə güvən verir, onların ən çətin anında yanında olurlar. Bütün bunların mərkəzində insan həyatının və təhlükəsizliyinin qorunması dayanır.
Yanğınsöndürənlərin qəhrəmanlığı çox vaxt səssiz yaşanır. Onlar ən mürəkkəb şəraitdə üzərlərinə düşən vəzifəni yerinə yetirir, insanların təhlükəsizliyini təmin etdikdən sonra növbəti çağırışa hazır olurlar. Bunun arxasında isə daim davam edən hazırlıq, peşəkarlıq, intizam və komanda işi dayanır. Çünki fövqəladə hadisə zamanı hər əməkdaşın fəaliyyəti digərinin işi ilə sıx bağlıdır.
Müasir texnika və xüsusi avadanlıqlar yanğınsöndürənlərin imkanlarını genişləndirsə də, bütün bunların arxasında yenə də insan amili dayanır. Vəziyyəti düzgün qiymətləndirən, çevik qərar verən və texnikadan məqsədyönlü istifadə edən məhz peşəkar yanğınsöndürəndir.
Yanğınsöndürənlərin xidmətində cəmiyyətin də üzərinə məsuliyyət düşür. Hadisə yerinə gedən yanğınsöndürmə avtomobillərinə yol vermək, onların hərəkətinə mane olmamaq və təhlükəsizlik qaydalarına əməl etmək bəzən həyati əhəmiyyət daşıyan saniyələr qazandırır.
Bu məsuliyyətli xidmət muxtar respublikada da peşəkarlıq və fədakarlıqla həyata keçirilir. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri müxtəlif ərazilərdə baş verən yanğınlara çevik müdaxilə edərək insanların həyat və sağlamlığının, əmlakının və ətraf mühitin qorunmasına xidmət edirlər. 2026-cı ilin 9 ayı ərzində Dövlət Yanğından Mühafizə hissələri tərəfindən 298 yanğın hadisəsi üzrə çıxış həyata keçirilib. Operativ müdaxilə nəticəsində yanğınların geniş ərazilərə yayılmasının qarşısı alınıb, insanların təhlükəsizliyi təmin olunub və maddi itkilərin minimuma endirilməsi istiqamətində tədbirlər görülüb.
Bəzən bir peşəni izah etmək üçün çox sözə ehtiyac olmur. Ən çətin anda insanın yanında olmaq, təhlükəyə doğru addımlamaq və üzərinə düşən məsuliyyəti yerinə yetirmək həmin peşənin mahiyyətini ifadə edir. Yanğınsöndürənlərin səssiz qəhrəmanlığı da məhz belə anlarda özünü göstərir.
İllər keçir, texnika yenilənir, xidmətin imkanları genişlənir. Dəyişməyən isə insanların çətin anlarında yanğınsöndürənlərə olan inamıdır.
Camal KAMALOV
Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin
yanğınsöndürmə növbəsinin rəisi, daxili xidmət mayoru
Digər xəbərlər