Qış aylarında dərimizə necə qulluq edək?
10:52 05.01.2025
0
0
0
NAXÇIVAN :
05 Yanvar 2025, Bazar
Bu gün yolumuz Babək rayonunun Babək şəhərinədir. Yurdumuzun qonaqpərvər, zəhmətsevər insanlarının yaşadığı Babək şəhəri Naxçıvan şəhərindən, təxminən, 5-10 kilometr aralıda yerləşir. Beş mindən artıq əhalisi olan bu şəhər diyarımızın abad, müasir yaşayış məskənlərindən biridir. Ötən əsrin 70-ci illərində, Ulu Öndərimiz Heydər Əliyevin səyləri nəticəsində abadlaşan və xalq qəhrəmanımız Babəkin adı verilən bu şəhər, sözün həqiqi mənasında, müasir sima qazanmasına baxmayaraq, həyət-bacalarda bu gün də xalqımızın ənənəvi məşğuliyyətləri qorunub yaşadılır. Məsələn, Babək şəhərində hələ də evlərində xalçatoxuyan zəhmətsevər qadınlarımız, evlərdə hələ də ata-babalarından onlara miras qalmış əkinçilik, bağçılıq-bostançılıq işini sevə-sevə davam etdirən torpağa qırılmaz tellərlə bağlı insanlar var…
İlin bu dövrlərində sözügedən yaşayış məntəqəsinə nə zaman səfər etsəniz, Babək şəhərinə doğru uzanan yol üzərindəki həyət-bacalarda və ya əkin sahələrində böyük istixanaların olduğunu görəcəksiniz. Bu mənzərə ilə tanışlıq bizə belə bir fikir verdi ki, elə budəfəki mövzumuzda, oxucularımıza bu istixanalarda nə yetişdirildiyini, hansı məhsullara daha çox üstünlük verildiyini gündəmə gətirək və istixanaların iş prinsipini sizlərin diqqətinə çatdıraq…
Rayon mərkəzinə yenicə daxil olmuşduq ki, yolun kənarında böyük bir ərazini əhatə edən istixanada çalışan təsərrüfatçıları görüb həmin ünvanda ayaq saxladıq. Öyrəndik ki, bu istixanaların sahibi Babək şəhər sakini Gəray Əliyevdir. O, illərdir, öz halal qazancını torpaqdan götürür. Müsahibimiz deyir ki, təsərrüfatın müxtəlif sahələri üzrə kifayət qədər təcrübə qazanıb. Gəray Əliyev bizi istixana ilə tanış edib, söylədi ki, ilin bu fəslində, havanın soyuq keçməsinə baxmayaraq, istixanaların hesabına burada müxtəlif növ göyərtilər yetişdirir. Bunlara keşniş, şüyüd, qodem (vəzəri), soğan və sair misal göstərmək olar. Göyərtilərin məhsuldar olması onlara vaxtlı-vaxtında göstərilən qulluqdan asılıdır. Məhsulları, əsasən, daxili bazarlarda satışa çıxarırıq. Günə 2 min dəstə göyərtini bağlayıb, hazır vəziyyətdə bazara yollayırıq. Müsahibimiz fikrinə əlavə olaraq deyir ki, bu məhsullar böyük zəhmət hesabına başa gəlir. İstixana işi olduqca məsuliyyətlidir. Təsərrüfatın bütün sahələri kimi, bu işin də özünəməxsus qaydaları vardır. Çalışırıq ki, onlara vaxtlı-vaxtında əməl edək və yetişdirdiyimiz məhsullara düzgün qulluq göstərək.
Müsahibimiz söyləyir ki, o bu istixanaları bir-bir öz əli ilə ərsəyə gətirib. Ailə təsərrüfatı olduğundan onun ən yaxın köməkçiləri də elə təsərrüfatçının ailə üzvləridir. Gəray Əliyev deyir ki, rayonda və Babək şəhərində ilin bu vədəsində kimin həyətyanı sahəsinə üz tutsanız, mütləq təsərrüfatla məşğul olan ailələrə rast gələcəksiniz. Bu da təsadüfi deyildir. Çünki yurdumuzun torpağı, suyu məhsulun yetişməsi və bol olması üçün əlverişlidir.
Elə təsərrüfat sahibi ilə söhbətləşərkən istixanada yurdumuzun zəhmətkeş qadınlarının burada göyərti yığdığını görüb onlara yaxınlaşırıq. Sözügedən təsərrüfat işində illərdir, çalışdığını deyən Təranə Əliyeva muxtar diyarımızın bərəkətli torpaqlarından ağız dolusu danışdı. Təranə xanım deyir ki, zəngin nemətlərin yetişdirildiyi bu istixanada onların təzə-təzə toplanıb satışa çıxarılmasına dəstək göstərir. Onu da qeyd edir ki, göyərti vitaminlə bol olduğundan alıcılar daha çox üstünlük verir. Eyni zamanda bu göyərtilərdən Naxçıvan mətbəxinə xas yeməklər də hazırlayırıq. Qış ayı olmasına baxmayaraq, zəhmət çəkib alın təri ilə qazandığımız pulla ailə büdcəmizə dəstək göstəririk. Hətta yurdundan uzaqda yaşayan insanlara sovqat göndəririk. Elə içərisində olduğumuz istixanada şüyüdün iyi insanı valeh edir. Naxçıvan lavaşı və pendiri ilə birlikdə burada bitən şüyüdün dadını, məncə, sevməyən yoxdur.
Müsahiblərimizin vaxtını çox almadan “Allah işinizi avand etsin”, – deyib, təsərrüfat sahəsindən uzaqlaşırıq…
Bülbül QULİYEVA
Digər xəbərlər