Bağanıs Ayrım kəndindən olan zərərçəkmiş: Ermənilə...
18:09 11.04.2025
0
0
0
NAXÇIVAN :
11 Aprel 2025, Cümə
“Azərbaycanın yerləşdiyi coğrafiyadan səmərəli istifadə etməklə təşəbbüskarı olduğu, iştirakı ilə reallaşdırılan nəhəng neft-qaz, nəqliyyat layihələri Avropa ölkələri üçün ticarət dövriyyəsi, enerji təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqının üzvi kimi, Almaniya da iki ölkə arasında diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən bəri respublikamızla münasibətlərin inkişafında, əməkdaşlıqların dərinləşməsində maraqlı tərəfdir. 2011-ci il mayın 5-də Ticarət və investisiyalar üzrə Almaniya-Azərbaycan yüksək səviyyəli İşçi Qrupun, bir il sonra isə Bakıda Alman-Azərbaycan Xarici Ticarət Palatasının təsis edilməsi münasibətlərin möhkəmlənməsinə töhfələr verib. Ötən dövrdə rəsmi Berlinlə Bakı arasında ayrı hökumət nümayəndələrinin iştirakı ilə iqtisadi, ticarət, enerji, siyasi təhlükəsizliyə dair birgə məsləhətləşmələr aparılıb, yeni tərəfdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə dialoqlar baş tutub. Bu baxımdan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin ölkəmizə səfəri də iki ölkənin maraqlarını kəsişdirən gələcək perspektiv imkanların dəyərləndirilməsi üçün faydalı oldu”.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti Bəhruz Məmmədov deyib.
Deputat qeyd edib ki, liderlərin Bakı görüşündə ikitərəfli gündəliyə daxil olan geniş, əhatəli məsələlərə, eləcə də beynəlxalq məsələlərə toxunuldu, səfərin çox faydalı, məhsuldar olacağına və ikitərəfli əlaqələrə yeni təkan verəcəyinə əminlik ifadə olundu. Dialoq zamanı Orta Dəhliz layihəsi və bu layihədə Azərbaycanın rolu, ölkələrimiz arasında enerji sahəsində əlaqələrin perspektivləri müzakirə edildi, “yaşıl enerji” ilə bağlı əməkdaşlıq ön plana çəkildi. Eyni zamanda COP29-un Azərbaycanda yüksək səviyyədə təşkil edildiyi və həmin tədbir zamanı iqlim gündəliyi ilə bağlı mühüm nəticələrin əldə olunduğu vurğulandı. Mətbuata bəyanatdan sonra jurnalistlərin suallarını cavablandıran prezidentlər Cənubi Qafqazda sabitliyin təmin olunması, Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması, sülh müqaviləsinin imzalanmasına dair bir sıra məsələlərə aydınlıq gətirdi. Dövlətimizin başçısı sülh gündəliyinə dair respublikamızın mövqeyini qəti şəkildə ortaya qoydu, Ermənistanın Azərbaycanın iki legitim şərtini qəbul edib yerinə yetirəcəyi təqdirdə sülh müqaviləsinin imzalanacağını vurğuladı: “Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
“Azərbaycan-Almaniya liderlərinin Bakı görüşündən gəlinən nəticə odur ki, hər iki ölkə siyasi dialoq qurmaqda, iqtisadi əlaqələri gücləndirməkdə, ticarət dövriyyəsini artırmaqda maraqlıdır. Bu xüsusda onu da qeyd etmək yerinə düşər ki, ikitərəfli iqtisadi, ticarət əlaqələrin inkişafının hazırkı vəziyyətində müsbət tendensiya müşahidə olunur. Məhz artan dinamikanın nəticəsidir ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 485,4 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 285 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 200,4 milyon ABŞ dolları olub. Son 1 ildə ticarət dövriyyəsi 2,8 dəfə, ixrac 5 dəfə, idxal isə 1,7 dəfə artıb. Bu iki respublikanı yaxınlaşdıran əsas amillərdən biri də bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinə üstünlük vermələridir. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə reallaşdıralacaq layihələrdə alman şirkətlərinin təcrübələrindən istifadə gündəmdədir. Digər tərəfdən nəzərə alsaq ki, Federativ Respublika Avropada sənayenin sürətlə inkişaf etdiyi qabaqcıl ölkələrdəndir, o zaman qeyri-neft sənayesinin inkişafını əsas hədəflərdən biri kimi qarşıya qoyan Azərbaycanın gələcəkdə etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənə bilər. Şübhəsiz, Zəngəzur dəhlizinin açılması ilə Orta Dəhlizin əhəmiyyətinin artması bir sıra Avropa ölkələri kimi, Almaniyanın da Azərbaycanla ticarət dövriyyəsini çoxaldacaq və bölgəyə əlavə investisiya axınına şərait yaradacaq. Ümumilikdə, Almaniya Prezidentinin səfəri çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlərə dair bütün müzakirə olunan məsələlər əsas verir deyək ki, bu səfər əlaqələrə yeni yanaşma gətirəcək, müsbət təkan verəcək”, - deyə Bəhruz Məmmədov əlavə edib.
Digər xəbərlər