NAXÇIVAN :

09 Oktyabr 2026, Cümə

AIIB Azərbaycanda yaşıl enerji layihələrinə qrant ayıracaq

...

Energetika naziri Pərviz Şahbazovla Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) nümayəndə heyəti arasında onlayn formatda görüş keçirilib.

Nazirlikdən bildirilib ki, görüşdə bankın “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin texniki-iqtisadi əsaslandırılmasına göstərdiyi dəstək, eləcə də əməkdaşlığın dənizdə külək enerjisi potensialından istifadə istiqamətində genişləndirilməsi yüksək qiymətləndirilib.

Azərbaycan Respublikası Hökuməti (Azərbaycan Respublikası adından) ilə İnkişafın Maliyyələşdirilməsi üzrə Çoxtərəfli Əməkdaşlıq Mərkəzinin (MCDF) Maliyyə Mexanizminin İcraçı Tərəfdaşı qismində Asiya İnfrastruktur İnvestisiya Bankı arasında “Azərbaycanda irimiqyaslı dənizdə külək elektrik stansiyasını dəstəkləyən sahil infrastrukturu üzrə layihə konsepsiyası” və “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması” üzrə qrant sazişləri imzalanıb. Sənədləri Azərbaycan Respublikası Hökuməti adından energetika naziri Pərviz Şahbazov, Asiya İnfrastruktur İnvestisiya Bankı tərəfindən isə AIIB-in dövlət sektoru (2-ci region), layihə və korporativ maliyyə (qlobal) müştəriləri üzrə baş investisiya direktoru Konstantin Limitovski imzalayıb.

“Bu sazişlər Azərbaycanın Xəzər dənizində külək enerjisinin genişmiqyaslı inkişafı və yaşıl enerjinin regional və qitələrarası ötürülməsi üzrə strateji hədəflərinə beynəlxalq dəstəyin növbəti təzahürüdür. Bu əməkdaşlıq bir tərəfdən dənizdə külək enerjisinin mənimsənilməsi üçün zəruri sahil infrastrukturunun inkişafına, digər tərəfdən isə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji dəhlizinin formalaşdırılmasına xidmət edir. Hər iki layihə Azərbaycanın zəngin bərpaolunan enerji potensialının iqtisadi dəyərə çevrilməsi, Xəzər və Mərkəzi Asiyanın yaşıl enerji resurslarının ixracı, ölkəmizin regional enerji inteqrasiyasında strateji rolunun daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Asiya İnfrastruktur İnvestisiya Bankının Azərbaycanın yaşıl enerji təşəbbüslərinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”,- deyə energetika naziri Pərviz Şahbazov bildirib.

Bankın baş investisiya direktoru Konstantin Limitovski isə bildirib ki, bu, Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) MCDF tərəfindən dəstəklənən “Xəzər Yaşıl Enerji Dəhlizi” və “Azərbaycanda genişmiqyaslı dəniz külək elektrik stansiyasının yaradılmasını dəstəkləyən sahil infrastrukturu” layihələri üzrə Azərbaycanla imzaladığı ilk iki qrant sazişidir: “Bu mühüm mərhələ layihələrin hazırlanması sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır, dayanıqlı enerji infrastrukturuna gələcək investisiyaların cəlb edilməsinə və regional bağlantıların gücləndirilməsinə zəmin yaradır”.

Qrant sazişləri “Xəzər Yaşıl Enerji Dəhlizi layihəsinin hazırlanması”na 1 milyon dollar və irimiqyaslı dəniz külək elektrik stansiyalarını dəstəkləyən sahil infrastrukturu üzrə layihənin konseptual tədqiqatının hazırlanmasına isə 100 min dollar məbləğində maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutur.

Nəşr edilib : 09.10.2026 14:40