MDB dövlət başçıları tarixi yaddaşın qorunmasına d...
15:44 09.10.2026
0
0
0
NAXÇIVAN :
09 Oktyabr 2026, Cümə
Naxçıvanda ilk mətbu orqanın yaranması XX əsrin 20-ci illərinə təsadüf edir. “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda mətbuat tarixinin əsası qoyuldu. Beləliklə, “Füqəra səsi” daha sonra “Şərq qapısı” adı ilə öz mövqeyini möhkəmləndirən mətbu nəşr günümüzədək uzun və şərəfli bir yol aldı. Azərbaycan mətbuat tarixində öz milli varlığını qoruyub saxlayan tək-tük qəzetlərdəndir “Şərq qapısı”. Düz 105 ildir, yol gəlir. Bu uzun yolçuluqda müxtəlif illərdə adı dəyişsə də, yolu dəyişmədi, usanmadı, tükənmədi. Zamanın rüzgarına tab gətirdi, yıxılmadı. Söz xiridarlarının, qələm aşiqlərinin dəyişməz ünvanı oldu. Ötən yüz beş ildə bu qapını kimlər açdı, bu qapıdan kimlər keçdi, nəsillər bir-birini əvəz etdi. Ən yaxşı ənənələri qoruyub bir-birinə miras ötürdü. Bu gün muxtar respublikada yaşayıb-yaradan qələm sahiblərinin əksəriyyəti “Şərq qapısı” məktəbinə, bu məktəbdə öyrəndiklərinə borcludur. Redaksiyanın arxivində qorunub saxlanılan 20, 30 il əvvəlki qəzet nömrələrini vərəqlədikcə, insanı qəribə bir hiss bürüyür. Texnologiya əsrində qəzet bəzən “öz dövrünü başa vurmuş” kimi görünsə də, əslində, belə deyil. Dövrün tələbinə uyğun olaraq sosial platformalarla müqayisədə arxa plana keçsə də, qəzet bir yurdun tarixini öz səhifələrində qoruyan və gələcəyə daşıyan etibarlı informasiya resursudur. Arxiv rolunu oynayan qəzetdə biz müxtəlif illərə dair fotoları, insanların duyğu və düşüncələrini, yaşam tərzini, şəhər və kəndlərin sosial-iqtisadi vəziyyəti barədə xəbərləri görə bilirik:
Naxçıvan Dövlət Arxivində isə “Şərq qapısı”nın 40-cı illərdən üzübəri nömrələri qorunub saxlanılır. Qəzet səhifələri saralsa da, sanki inadla özündə foto və yazıları qoruyur. Qəzetin keçən əsrin 60-90-cı illərində dərc olunmuş nömrələrini vərəqləyirəm. 5 aprel 1962-ci il tarixli sayında “Gələcək jurnalistlərin səsi” başlığı diqqətimi cəlb edir. Qəzetin bir səhifəsində ovaxtkı Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbələrindən bir qrupunun materialları dərc olunub. Bu imzalar içərisində beşinci kurs tələbəsinin də imzası var. “Kəndimizin sabahı” adlı məqaləsində Şahtaxtı kəndinin tarixindən, qaynar həyatından bəhs edən gənc jurnalistin səsi çox keçmir ki, “Şərq qapısı” qəzetindən eşidilməyə başlayır. Muxtar respublikanın sosial-iqtisadi həyatından, zəhmətkeş insanların əməyindən bəhs edən yazılara “İnşaatçı”, “Bakinskiy raboçiy”, “Respublika” və digər mərkəzi mətbuat orqanlarında da rast gəlinir. Muxtar respublikanın aparıcı mətbu orqanı olan “Şərq qapısı” qəzetində 30 ilə yaxın müddətdə qüsursuz və səmərəli fəaliyyətinə görə bir neçə dəfə Fəxri fərman və medallarla təltif olunur. Beləliklə, mətbuat tariximizdə bir imza da bərqərar olur – Hacı Rəsulov imzası.
“Bir ömrün tarixi”, “Yanar ürək”, “Ömrünüz duz dağına dönsün”, “Şir biləkli, Fərhad ürəkli”, “Tikinti meydançalarında”, “İşi bacarana tapşıranda”, “Yollara qayğı gərəkdir”, “Yaralar sağalmayıb”, “Tikintidə dönüş”, “Dəmiryol inşaatçılarının sevinci”, “Dostluq salnaməsi”, “Çörək növbəsi”, “Sərnişinlər avtobus gözləyir” və digər yazılara baxdıqda müəllifin sadə əmək adamları ilə yanaşı, tənqidi mövzulara da üstünlük verdiyi müşahidə olunur. Tikinti meydançalarının qaynar nöqtələrindən, iqtisadiyyatın ayrı-ayrı sahələrindən xəbər verən jurnalisti cəmiyyətdəki nöqsanlar da narahat edir, qələmi ilə geriliyə qarşı mübarizə aparır. “Kadr yerində olmayanda”, “Gözdən pərdə asırlar”, “Süründürməçilik”, “Qaynarlıq yoxa çıxıb”, “Binaların təhvili niyə ləngiyir”, “Geriliyi aradan qaldırmalı” kimi yazılar bu qəbildəndir. Tənqidi yazılardan sonra qapımızı döyən çox olurdu. Amma o hər dəfəsində geri göndərər, əqidəsindən dönməzdi. Hətta bir dəfə pəncərəmizin altında təhdid dolu səslər də eşitdim. Onda bərk qorxmuşdum (o səslər indi də qulağımdadır). Atam yenə də heç bir reaksiya vermədi, imzasının və peşəsinin xidmətində cəsarətlə dayandı.
Heç xatirimdən çıxmaz. İki böyük çamadan qəzetlə dolu idi. Atam hər dəfə bu çamadanı açar, qəzetin yeni nömrəsini qoyar, bir də sanki xəzinə qoruyurmuş kimi bağlayardı. Demək olar ki, bu proses gündəlik belə davam edərdi. İşdən qayıdandan sonra da masa arxasına keçər, sarı kağızlara elə hey nə isə yazardı. İşdən yorğun gəlməsinə baxmayaraq, sirdaş olduğu o sarı kağızlara tökülən sözlər isə çamadana yığılan qəzet səhifələrində yer alardı. Atam o çamadanda yuxusuz gecələrinin zəhmətinin barını və nəhayət, doğma qəzeti – “Şərq qapısı”nı saxlayar, hifz edərdi. Düşünürəm ki, uşaqlıqda insan nəyi görür və təsiri altına düşürsə, o, bilavasitə, ruhuna sirayət edir. Beləcə, ruhum müəllimlikdən çəkib məni də “Şərq qapısı”na apardı. Uşaqlıqdan oxumasam da, toxunduğum, daim təmasda olduğum və bizim evin bir doğmasına çevrilmiş “Şərq qapısı” indi qapılarını mənim üzümə açmışdı. Böyük söz məktəbinin kandarından ilk dəfə əlimdə yazı ilə içəri girəndə çox həyəcanlıydım. Axı mən müəllim idim. Müəllimin bəlli auditoriyası var. Amma bu auditoriya daha geniş, daha qarışıq idi. Beləliklə, 2002-ci ildən yazılarımla ara-sıra “Şərq qapısı”nın qonağı oldum. Peşəkar jurnalistlərin çalışdığı qəzet səhifələrində imzamı görmək məni xoşbəxt edirdi. Beləliklə, sözümü daha geniş auditoriyaya çatdırmaq şansı qazandım.
Ömürlərinin son gününədək sənətlərini yaşadan sevdalıları gördüm mən: Səxavət Kəngərlini, Sevindik Həmzəyevi, Eldar Əhmədovu, Cəfər Kərimovu, Cəfər Əliyevi, Cəlil Vəzirovu və atam Hacı Rəsulovu. Doğma qəzetimizin 105 illiyi ərəfəsində hər birini ehtiramla anırıq.
Sonrakı iş fəaliyyətini Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri Komitəsində davam etdirən Hacı Rəsulovun səsi radionun efir dalğalarından eşidilir. Ömrünün 70-ci zirvəsində olmasına baxmayaraq, əzmlə çalışır. Zəhmətkeşliyi, peşəsinə sədaqəti ilə xatirələrə köçən Hacı Rəsulovun sənət yolu gənc jurnalistlərə örnək ola bilər. O, seçdiyi sənətini sevdi, şərəfli jurnalist ömrü yaşadı. Xoşbəxt o kəs deyil ki, sənəti ilə özünə şöhrət qazandırsın, xoşbəxt o kəsdir ki, sənətini başqalarına da sevdirə bilsin.
Həm həyatda, həm də sənətdə məhz Hacı Rəsulovun atam olması ilə bu gün fəxr edirəm. Çünki o heç zaman peşəsinə xəyanət etmədi. Sözün xidmətində ləyaqətlə dayandı. Vəfatından sonra “Səs” qəzetinin bölgə müxbiri kimi “İmzalar içində” adlı məqaləmi belə bir cümlə ilə bitirmişdim: “Rəsulov imzası mətbuat səhifələrində yenə də görünəcək, amma bu dəfə qələmini şərəf və ləyaqətlə davam etdirəcək yolunun davamçısı qızının imzası ilə”.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər