NAXÇIVAN :

15 Aprel 2025, Çərşənbə axşamı

AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri sosial layihədə iştirak edib

...

"Şərq qapısı" xəbər verir ki, AHİK sədrinin müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Lerik rayonunda başlanılan sosial layihədə iştirak edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK), Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Konfederasiyanın üzv təşkilatı Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və “Referans Medical Group”un birgə təşkilatçılığı ilə “Həmkardan həmkara qayğı ilə” yeni sosial layihəyə başlanılıb.
Layihə çərçivəsində ilk səyyar tibbi müayinə aprelin 10-11-də dağlıq rayon Lerikdə təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Lerik şəhərində abidəsi ziyarət olunub.
Lerik Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən ödənişsiz səyyar tibbi müayinə zamanı oftalmoloq, otorinolarinqoloq, endokrinoloq, nevroloq, uşaq nevroloqu, infeksionist, pediatr və travmatoloqdan ibarət peşəkar həkim heyəti tərəfindən müayinələr aparılıb.
İki gün ərzində, ümumilikdə, 300-ə yaxın aztəminatlı və ehtiyacı olan vətəndaşa 600-dən çox tibbi xidmət göstərilib. Səhhətində problem aşkarlanan sakinlərə tibbi məsləhətlər verilib, müvafiq müalicələr təyin olunub. 
Müayinəyə gələn uşaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən hədiyyələr verilib. Qeyd edək ki, Lerik rayonunda təşkil olunan sosial layihədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev də iştirak edib. Həmçinin AHİK könüllüləri də tədbirin hazırlanmasına kömək ediblər.
Səyyar tibbi müayinələr üzvlərimizin sağlamlığını qorumaq, tibbi xidmətlərə əlçatanlığı daha da artırmaq və dövlətimizin sosial siyasətinə dəstək vermək məqsədilə təşkil olunur. Layihənin ölkəmizin digər dağ, dağətəyi və sərhədyanı rayonlarında da keçirilməsi nəzərdə tutulur.

Nəşr edilib : 14.04.2025 12:13