NAXÇIVAN :

20 Noyabr 2026, Cümə

Ağdamın dirçəlişi – Zəfərimizin təntənəsi!

...

Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi ilə seçilən şəhərlərindən biri olan Ağdam bu gün yenidən dirçəliş dövrünü yaşayır. Bir zamanlar Qarabağın mühüm iqtisadi və mədəniyyət mərkəzlərindən olan şəhər uzun illər işğal altında qalsa da, xalqımızın yaddaşından heç vaxt silinmədi. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad edilməsi müasir tariximizin əlamətdar hadisələrindən birinə çevrildi. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən həmin gün “Ağdam Şəhəri Günü” kimi təsis edildi.

1993-cü il iyulun 23-də, 42 gün davam edən döyüşlərdən sonra Ağdam şəhəri işğal olundu. Rayonun böyük hissəsinin işğalı nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü, yaşayış məntəqələri, təhsil və mədəniyyət müəssisələri dağıdıldı. 128 min insan məcburi köçkün həyatı yaşamağa məhkum oldu, Ağdam uğrunda gedən döyüşlərdə 6 mindən çox soydaşımız şəhidlik zirvəsinə ucaldı.

1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək işğalçı qüvvələrin Ağdamdan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etdi. Lakin bu çağırış uzun illər nəticəsiz qaldı. Vaxtilə həyatın qaynadığı şəhərin binaları, küçələri və tarixi abidələri xarabalığa çevrildi. Dağıntıların miqyasına görə Ağdamın “Qafqazın Xirosiması” adlandırılması da bu faciənin acı mənzərəsini ifadə edirdi.

Bütün bunlara baxmayaraq, xalqımız doğma torpaqlara qayıtmaq ümidini itirmədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər illərlə ürəklərdə yaşadılan bu ümidi gerçəyə çevirdi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 20-də Ağdam rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Beləliklə, şəhərin azadlığı əlavə insan tələfatına yol verilmədən təmin edildi.

Noyabrın 23-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama səfəri, burada Dövlət Bayrağını ucaltması və dağıdılmış Ağdam Cümə məscidini ziyarət etməsi tarixi hadisələr kimi yadda qaldı. 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalının təsis edilməsi isə bu Zəfərin qazanılmasında xidmət göstərən hərbi qulluqçuların şücaətinə verilən yüksək qiymətin ifadəsi oldu.

Bu gün Ağdam işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərinin əsas mərkəzlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində şəhər müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur.

2022-ci il avqustun 16-da təsdiq edilmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Bu plana uyğun olaraq yaşayış, sənaye, nəqliyyat, təhsil və mədəniyyət infrastrukturu yaradılır. Yeni yaşayış məhəllələri salınır, məktəblər, uşaq bağçaları və səhiyyə müəssisələri tikilir, yollar çəkilir, enerji və kommunikasiya xətləri yenilənir. Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində yaşayışın bərpası, digər kəndlərdə aparılan yenidənqurma işləri doğma yurdlarına qayıdan insanlar üçün yeni həyatın başlanğıcına çevrilir.

Hazırda Ağdam şəhərində, eləcə də Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində, ümumilikdə, 2 mindən çox ailə məskunlaşıb. Bu rəqəmlərin arxasında illərlə yurd həsrəti ilə yaşayan insanların sevinci, yenidən qurulan ailə ocaqları dayanır. Eyni zamanda bu qayıdış Azərbaycan dövlətinin qətiyyətli siyasətinin, illərlə aparılan məqsədyönlü fəaliyyətin, ərazi bütövlüyümüzün bərpası uğrunda canından keçən şəhidlərimizin, sağlamlığını itirən qazilərimizin və müharibə iştirakçılarımızın Vətən sevgisinin nəticəsidir.

 Ağdamın yenidən qurulması yalnız yaşayış binalarının inşası ilə məhdudlaşmır. Dayanıqlı iqtisadiyyatın formalaşdırılması, yeni iş yerlərinin yaradılması və sahibkarlığın inkişafı da bu prosesin əsas istiqamətlərindəndir. 2021-ci il mayın 28-də yaradılmış, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkda nəzərdə tutulan investisiyaların ümumi həcminin 260 milyon manatdan çox olması onun iqtisadi potensialını göstərir. Burada fəaliyyət göstərən müəssisələr yerli istehsalın genişlənməsinə, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun artırılmasına xidmət edir.

2025-ci il mayın 10-da istifadəyə verilən Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi şəhərin ölkənin digər bölgələri ilə nəqliyyat əlaqələrini gücləndirir. Müasir standartlara uyğun inşa edilən kompleks dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən vahid nəqliyyat qovşağı kimi mühüm əhəmiyyətə malikdir. Yeni hotellərin fəaliyyətə başlaması, turizm obyektlərinin yaradılması və tarixi məkanların bərpası da Ağdamın gələcək inkişaf perspektivlərini genişləndirir.

Şəhərin bərpasında onun tarixi-mədəni simasının qorunması da xüsusi yer tutur. Ağdam Cümə məscidinin, Pənahəli xanın sarayının yerləşdiyi İmarət Kompleksinin və digər tarixi abidələrin bərpası milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə göstərilən ehtiramın təzahürüdür. Bu abidələr yalnız keçmişin yadigarı deyil, həm də Ağdamın kimliyini, zəngin mədəniyyətini və tarixi yaddaşını yaşadan mənəvi sərvətlərdir.

2025-ci il mayın 10-da istifadəyə verilən Ağdam Muğam Mərkəzi şəhərin mədəni həyatına yeni nəfəs gətirib. Təhsil və mədəniyyət müəssisələrinin, ictimai məkanların fəaliyyətə başlaması Ağdamda sosial həyatın canlanmasına, şəhərin əvvəlki şöhrətinin yenidən qazanılmasına xidmət edir.

20 noyabr – Ağdam Şəhəri Günü bir şəhərin azadlığının qeyd olunmasından daha böyük məna daşıyır. Bu tarix xalqımızın əzmkarlığının, milli birliyinin, Vətənə və doğma torpağa bağlılığının təcəssümüdür. Ağdamın keçdiyi yol bir daha göstərir ki, illərlə davam edən ayrılıq xalqın öz yurduna qayıtmaq iradəsini sarsıda bilməz.

Bu gün bir zamanlar xarabalığa çevrilmiş ərazilərdə müasir binalar ucalır, yollar çəkilir, müəssisələr fəaliyyətə başlayır, ailələr öz doğma ocaqlarına qayıdırlar. Yenidən canlanan Ağdam tarixi ədalətin bərpasının, milli iradənin və Azərbaycanın quruculuq qüdrətinin rəmzinə çevrilir. Ağdam artıq yalnız keçmişin ağrı-acısını xatırladan şəhər deyil, həm də bugünkü Zəfərimizi və sabaha olan böyük ümidlərimizi yaşadan, gələcəyə inamla addımlayan bir diyardır.

Şəhla ƏHMƏDOVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 20.11.2026 11:53