bp Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində ...
23:09 10.09.2026
0
0
0
NAXÇIVAN :
11 Sentyabr 2026, Cümə
Bakı Korporativ Dayanıqlılıq Forumunun yekun tədbiri olan “Təsir Dialoqu: Bakı Dayanıqlı Biznes Assambleyası 2026” özəl sektorun iqlim fəaliyyətini sürətləndirmək və götürülmüş öhdəlikləri praktiki icraya çevirmək yollarının müzakirəsi məqsədilə Azərbaycanın və daha geniş regionun aparıcı biznes liderlərini, siyasətçiləri, maliyyə institutlarını və beynəlxalq tərəfdaşları bir araya gətirib.
"Şərq qapısı" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 4-cü İqlim Həftəsinin İcra Forumunun rəsmi sessiyası və Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 çərçivəsində keçirilən Assambleya BMT Qlobal Sazişinin Azərbaycan Şəbəkəsinin əsas tədbiri kimi təşkil olunub. Tədbir biznes liderləri üçün regional iqlim və dayanıqlı inkişaf prioritetlərini daha geniş qlobal iqlim gündəliyi ilə əlaqələndirən yüksəksəviyyəli platforma yaradıb.
Dialoqda Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev, COP29-un yüksəksəviyyəli iqlim çempionu, Milli Məclisin deputatı və Bakı İqlim Fəaliyyəti Həftəsinin layihə rəhbəri Nigar Arpadarai, BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri Mariyasin, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko və COP31-in İqlim üzrə Yüksəksəviyyəli Çempionunun xüsusi müşaviri Kris Mensah, həmçinin Azərbaycanın və regionun aparıcı şirkət və maliyyə institutlarının yüksəksəviyyəli nümayəndələri iştirak ediblər.
Assambleyada çıxış edən BMT Qlobal Sazişinin Azərbaycan üzrə ölkə nümayəndəsi Samir Məmmədov iqlim üzrə öhdəliklərdən praktiki icraya keçidi və Azərbaycanın iqlim və dayanıqlı inkişaf prioritetlərinin həyata keçirilməsində biznesin getdikcə artan rolunu vurğulayıb.
Samir Məmmədov deyib: “Artıq sual biznesin iqlim fəaliyyətində aparıcı rolunun olub-olmaması deyil, ambisiyaları nə qədər sürətlə və effektiv şəkildə fəaliyyətə çevirə biləcəyimizdən ibarətdir. Assambleyanın əsas faydası həmin ambisiyaları həyata keçirə biləcək tərəfləri – biznesi, hökuməti, maliyyə sektorunu və beynəlxalq tərəfdaşları – bir araya gətirməkdən ibarətdir. 3-cü Bakı Dayanıqlı Biznes Assambleyası Azərbaycan və regionun özəl sektorunun iqlim keçidində rolunun gücləndirilməsi istiqamətində göstərilən səylərə töhfə verir və yerli biznes fəaliyyətini Qlobal İqlim Fəaliyyəti Gündəliyi, Azərbaycanın NDC 3.0 sənədi və COP31-ə gedən yol ilə əlaqələndirir”.
Liderlər Dialoqunda iqlim fəaliyyətinin rəqabətqabiliyyətlilik, dayanıqlılıq və uzunmüddətli artım mənbəyinə çevrilməsi yolları müzakirə olunub. Daha sonra enerji, bankçılıq və maliyyə, sement və tikinti, telekommunikasiya və nəqliyyat, pərakəndə və distribusiya sektorlarının nümayəndələri özəl sektorun perspektivlərini bölüşüblər.
Sektorlar üzrə liderlər – SOCAR-ın vitse-prezidenti Əfqan İsayev, “Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənov, “Norm Cement”in baş icraçı direktoru Henning Sasse, “Azercell Telekom”un baş hüquq və data üzrə direktoru Şirin Əliyeva və “Veysəloğlu Şirkətlər Qrupu”nun baş direktor müavini Könül Kərimova biznesin yaşıl keçidi prosesində qarşılaşdığı praktiki maneələr və imkanlardan söz açıblar.
COP29-un prezidenti Muxtar Babayev, BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Dmitro Şlapaçenko, UNECE baş katibinin müavini Dmitri Mariyasin və COP31 İqlim üzrə yüksəksəviyyəli çempionunun xüsusi müşaviri Kris Mensahın çıxışları Assambleyanın regional və beynəlxalq əhəmiyyətini bir daha vurğulayıb.
Çıxışlarda BMT Qlobal Sazişinin özəl sektoru dayanıqlı inkişaf məqsədləri ətrafında bir araya gətirmək, qlobal çərçivəni yerli biznes fəaliyyətinə çevirmək istiqamətində artan rolu qeyd olunub. Rəsmilər, həmçinin COP29 Sədrliyi komandasının özəl sektorun qlobal iqlim fəaliyyəti gündəliyinə cəlb edilməsində göstərdiyi mühüm və yüksək səviyyəli liderlik rolunu vurğulayıblar.
Assambleya Azərbaycanın və regionun biznes ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. İştirakçılar COP29 Sədrliyinin, BMT Qlobal Sazişinin və onun Azərbaycandakı şəbəkəsinin özəl sektoru dayanıqlı inkişaf və iqlim fəaliyyəti istiqamətində səfərbər etməsini, eləcə də şirkətlərin öhdəliklərdən praktiki əməkdaşlığa və real icraya keçidi üçün platforma yaratmasını yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Assambleyanın, eləcə də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində formalaşdırılan biznes gündəliyinin həyata keçirilməsində müxtəlif sektorların – bank və telekommunikasiya, neft-qaz, tikinti və digər sahələrin – nümayəndələri fəal iştirak ediblər.
Digər xəbərlər