NAXÇIVAN :

18 Aprel 2025, Cümə

2025-ci ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ilin yanvar-mart aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 344 milyon 310 min 200 manat olmuşdur ki, bu da  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,6 faiz artaraq 730,7 manat olmuşdur.

***

Cari ilin yanvar-mart aylarında muxtar respublikada 114 milyon 128 min 600 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ilin müvafiq dövründəki göstəricidən 9,2 faiz azdır. Sənaye məhsulunun 89 milyon 165 min 800 manatı və ya 78,1 faizi malların, 24 milyon 962 min 800 manatı və ya 21,9 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 74,6 faizi emal, 23,0 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 43 milyon 60 min 900 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 42,3 faiz çoxdur.

Əsas kapitala vəsait qoyuluşunun 29 milyon 843 min 400  manatı və ya 69,3 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 17,2 faiz çoxdur.

***

Cari ilin yanvar-mart aylarında muxtar respublikada 41 milyon 301 min 700 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 3 milyon 376  min 100 manatı bitkiçilik sahəsi üzrə, 37 milyon 925 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,7 faiz artmışdır.

***

2025-ci ilin yanvar-mart aylarında muxtar respublikada nəqliyyat sektorunda 1 milyon 650 min  ton yük, 11 milyon 192 min 200 sərnişin daşınmışdır. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 1,1 faiz, sərnişin daşınması isə 1,0 faiz artmışdır.

***

Cari ilin yanvar-mart aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,9 faiz artaraq 9 milyon 173 min 600 manat olmuşdur. Xidmətlərin 46,3 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

2025-ci ilin yanvar-mart aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Ticarət şəbəkəsində 172 milyon    592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 53,6 faiz artaraq 2025-ci il mart ayının 1-ə milli valyuta ekvivalentində 27 milyon 961 min 300  manat təşkil etmişdir. Əmanətlərin 93,5 faizi milli, 6,5 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 53,0 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 62,3 faiz artmışdır.

***

Cari ilin yanvar-mart aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 27 milyon 457 min 60 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 2 milyon 611 min 380 dollarını və ya 9,5 faizini ixrac olunmuş məhsulların, 24 milyon 845 min 680 dollarını və ya 90,5 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə xarici ticarət dövriyyəsi 10,2 faiz, o cümlədən ixrac 1,5 faiz, idxal isə 11,2 faiz artmışdır.

                                                               ***

2025-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

                                                              ***

2025-ci ilin yanvar-fevral aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 774,5 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz çoxdur.

 ***

1 mart 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2198 nəfər və ya 0,5 faiz artaraq 471169 nəfər olmuşdur.

 

Nəşr edilib : 16.04.2025 12:19