Selçuk Bayraktar: Can Azərbaycanda yüksək texnolog...
23:11 04.06.2025
0
0
0
NAXÇIVAN :
05 Iyun 2025, Cümə axşamı
Müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün iftixarla xatırlayırıq. Ona görə ki, xalqımızın əsrlərboyu uğrunda mübarizə apardığı milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk edirik. Ulu Öndərin həyat yolu bizdə qürur hissi doğurur, çünki onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımlar bu gün bizə suveren və qalib dövlətin nümayəndəsi kimi qürur verir. Görkəmli dövlət xadiminin “Azərbaycan Respublikası milli dövlətçilik quruculuğu yolunda müvəffəqiyyətlər qazanaraq şərəfli gələcək istiqamətində inamla addımlayır” qənaətində mühüm bir ideya durur. Milli dövlətçiliyi qorumaq, möhkəmləndirmək, xalqa özünün müstəqilliyinin möhkəmləndirilməsi üçün müstəsna təminat vermək. Ömrünü bütünlüklə Azərbaycan dövlətinin qorunmasına, möhkəmləndirilməsinə və inkişafına həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edildi. İk milli Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, həm də Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.
Əlbəttə ki, ölkəmiz yenidən müstəqillik qazandıqdan sonra özünün Konstitusiyasını qəbul etməli, bununla bütün dünyaya müstəqil və suveren dövlət modelini reallaşdırmalı idi. Ölkəmizin bu taleyüklü vəzifənin öhdəsindən gəlməyi bacaran tarixi şəxsiyyətə ehtiyacı vardı. Uzaq görən xalqımız bu şəxsiyyətin Ulu Öndər Heydər Əliyev olduğunu anlayırdı. Ona görə də xalqın təkidi və yüksək etimadı ilə Prezident seçildikdən sonra Ümummilli Lider Heydər Əliyev ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi bir sənəddir. Ulu Öndərin rəhbərliyi ilə hazırlanan Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Konstitusiyanın qəbul edildiyi vaxt suverenliyimizin və ərazi bütövlüyümüzün pozulduğu dövrə təsadüf edirdi. Ərazimizin 20 faizi işğal altında idi. Buna baxmayaraq, Ulu Öndər uzaqgörənliyi ilə ölkəmizin tezliklə ərazi bütövlüyünə və suverenliyinə qovuşacağına inanırdı. Nəhayət, həmin tarixi gün 2023-cü ilin sentyabr ayında gəlib çatdı. 20 sentyabr 2023-cü ildə ölkəmiz yeni tarixi dövrə qədəm qoydu. Nəhayət, 30 ildən sonra Azərbaycan Respublikası Konstitusiyası quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılmış, cəmi 23 saat davam edən antiterror əməliyyatı zamanı rəşadətli Azərbaycan Ordusu qarşısına qoyduğu bütün tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycan Respublikasının suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı suverenliyimizin bərqərar edldiyi bütün ərazilərimizdə əzəmətlə dalğalanır. Əsas Qanunumuzun preambulasında ülvi niyyətlərlə bəyan edilmiş, ölkənin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunmasını, vətəndaş cəmiyyətinin bərqərar olunmasını, xalqın iradəsinə, qanunların aliliyinə əsaslanan hüquqi, dünyəvi dövlət quruculuğunu, ədalətli, iqtisadi və sosial qaydalara uyğun hamının layiqli həyat səviyyəsinin təmin olunmasına, milli-mənəvi dəyərlərə sadiqliyə, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağa və digər ümumbəşəri dəyərlərə hörmət müddəalarına əməl edilmişdir.
Ümummilli Lider Heydər Əliyev demişdir: “Bu Konstitusiya Azərbaycan xalqının keçdiyi tarixi inkişaf yolunun məntiqi nəticəsidir. Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, müstəqil dövlətçiliyin qorunub saxlanılması, möhkəmləndirilməsi və demokratik dəyişikliklərin həyata keçirilməsi üçün hərtərəfli zəmin və şərait yaradır. Azərbaycanın tarixi keçmişini, bugünkü reallıqlarını və gələcək inkişaf perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir”. Ölkəmizin çətin və taleyüklü dövründə dövlətə rəhbərliyin ağır məsuliyyətini öz üzərinə götürən Ulu Öndərin yaratdığı mükəmməl dövlətçilik təlimi və onun ayrılmaz hissəsi kimi Konstitusiyamız müstəqil Azərbaycan Respublikasının bugünkü varlığının və gələcək inkişafının əsası olmaqla ölkəmizin hərtərəfili inkişafina və tərəqqisinə xidmət edir.
Hər birimiz ölkə başçısı Prezident İlham Əliyevin 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı imzaladığı Sərəncamı məmnunluqla qarşılayırıq. 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. 2023-cü ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra ölkə Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı.
Sevindirici haldır ki, bu gün müstəqil dövlətimiz artıq dünyada böyük nüfuz sahibidir. Hər birimiz müasir müstəqil Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibliyindən, sözünün imzası qədər əhəmiyyətli olmasından qürur hissi ilə söhbət açırıq. Ölkəmizin hazırkı vəziyyətini müstəqilliyimizin bərpasının ilk illəri ilə müqayisə etdikdə qazandığımız uğurlara görə kimə borclu olduğumuzu bir daha aydın şəkildə görür, bunu gənc nəslə çatdırmağı özümüzə borc bilirik. Qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına xalqımızın milli sərvəti sayılan ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olunub. Bütün ölkə ərazisində Konstitusiya quruluşumuz bərqərar edilib. Ölkə başçısı İlham Əliyev cənablarının ətrafında xalqımız daha sıx birləşir. Bu birlik də ölkəmizi daha uğurlu, işıqlı bir sabaha aparır.
2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi ölkəmizin mövcud reallığının təzahürüdür. Ölkə Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyətini qeyd edərkən Ulu Öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.
Zamin NƏBİYEV
İstintaq bölməsinin baş müstəntiqi,
ədliyyə müşaviri
Digər xəbərlər