NAXÇIVAN :

01 Yanvar 2025, Çərşənbə

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsidir

...

2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi böyük məna daşıyır. Ötən ilin sentyabrında suverenliyimizin tam bərpasından sonra birliyimizin gücünü daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən biridir. 
Bu gün Azərbaycan bütün dünyada ədalət uğrunda mübarizə aparır. İnsan ədalətin təmin olunduğunu görəndə özünü daha güclü, əmin, məmnun hiss edir. Çünki ədalət həyatımızda mizan yaradan ali dəyərdir. Amma ədalət də öz-özünə təmin olunmur. Bu məqsədə nail olmaq üçün onun naminə çalışmaq lazım gəlir. "Ədalətə çatmaq üçün sən gərək onu əldə edəsən, o, göydən düşməz. Ona görə gələcək fəaliyyətimiz üçün də bu, əsas olmalıdır"  sözlərini bu il sentyabrın 20-də Xankəndidəki Qarabağ Universitetinin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğuladı. O qeyd etdi ki, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün Azərbaycan nümunəsi bir ümid işığıdır.
Biz ərazi bütövlüyümüzə, suverenliyimizə birliyimizin gücü ilə nail olduq. 44 günlük Vətən
müharibəsinin möhtəşəm tarixi, xalq-dövlət-ordu birliyi Azərbaycan cəmiyyətinin unikal monolitliyə malik olduğunu göstərdi. Birliyi daim qorumaq və gələcək nəsillərə ötürmək indi ən ümdə vəzifələrdən olmalıdır. Bunun üçün yeni nəslin milli ruhda tərbiyə alması, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiqlik göstərməsi, kənar təsirlərə düşməməsi, müxtəlif vədlərə aldanmaması mütləqdir. 
Azərbaycan torpaqlarının işğalı XIX əsrin əvvəlində bağlanmış üç müqavilədən "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqavilələrindən başlanır. Bu müqavilələr faktiki olaraq sonrakı işğal üçün zəmin hazırladı. Belə ki, həmin müqavilələrin imzalandığı tarixə qədər heç vaxt Qarabağ torpağında yaşamamış ermənilər İrandan və Şərqi Anadoludan kütləvi surətdə bu əraziyə köçürüldü. Beləliklə, Azərbaycanın gələcək bəlalarının əsası qoyuldu. Ermənistan və erməni alimlərinin hər zaman olduğu kimi, tarixi təhrif edərək yeni uydurma tarix yaratmağa çalışmalarına, öz lobbi şəbəkələri vasitəsilə müəyyən dərəcədə beynəlxalq ictimaiyyəti də çaşdırmağa nail olmalarına rəğmən tarix tarixdir. Onu sona qədər ört-basdır etmək mümkün deyil.
1993-cü ilin iyununda ölkənin o təlatümlü günlərində əgər Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmasaydı, Azərbaycan dövlətinin, hətta parçalanaraq dünya xəritəsindən silinməsi ehtimalı labüd idi. Ümummilli Liderin ölkənin gələcək taleyinə görə məsuliyyəti öz üzərinə götürməsi tarixin axarını dəyişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf proseslərini uğurla davam etdirərək Azərbaycanı tarixdəki ən güclü çağlarına yetirən Prezident cənab İlham Əliyev xalqımızı böyük Zəfərə – ən böyük hədəfinə çatdırdı. Artıq yaşadığımız bu günlər xəyal deyil, reallıqdır, təqvimdə öz əlamətdar yerini tutmuş qürur günümüzdür. Bu günün işığında Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur, dirçəlir. Soydaşlarımız öz el-obalarına qayıdırlar, doğma yurdlarında yeni həyata başlayırlar.
Yuxarıda qeyd olunan reallıqları ümumiləşdirsək deyə bilərik ki, 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilməsi Azərbaycan xalqının birliyinin, həmrəyliyinin və gücünün ifadəsidir.

Elvin Qurbani
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin zabiti

Nəşr edilib : 29.12.2024 12:33