NAXÇIVAN :

29 Noyabr 2024, Cümə

2024-cü ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 66 milyon 955 min 300 manat olmuşdur ki, bu da  2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,7 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 0,1 faiz artaraq 2272,5 manat olmuşdur.

***

2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada 365 milyon 905 min 900 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2023-cü ilin müvafiq dövründəki göstəricidən 0,3 faiz azdır. Sənaye məhsulunun 325 milyon 555 min 600 manatı və ya 89,0 faizi malların, 40 milyon 350 min 300 manatı və ya 11,0 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,2 faizi mədənçıxarma, 83,7 faizi emal, 14,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,3 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

Cari ilin yanvar-sentyabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 128 milyon 548 min 800 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricini 2,8 faiz üstələyib.

İstifadə olunmuş vəsaitin 27 milyon 544 min 300 manatı və ya 21,4 faizi məhsul istehsalı sahələrinə, 23 milyon 262 min 200 manatı və ya 18,1 faizi xidmət sahələrinə, 77 milyon 742 min 300 manatı və ya 60,5 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.

Əsas kapitala vəsait qoyuluşunun 108 milyon 230 min  manatı və ya  84,2 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,4 faiz çoxdur.

***

2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikada 275 milyon 579 min 700  manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 158 milyon 227 min 900 manatı bitkiçilik sahəsi üzrə, 117 milyon 301 min 800 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,2  faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı 0,5 faiz artmışdır.

***

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada nəqliyyat sektorunda  5 milyon 359 min 700 ton yük, 35 milyon 374 min 400 sərnişin daşınmışdır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,7 faiz, sərnişin daşınması isə 1,2 faiz artmışdır.

***

2024-cü ilin yanvar-sentyabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 25 milyon 853 min 100 manat olmuşdur. Xidmətlərin 47,0 faizi mobil telefon rabitəsi sahəsində formalaşmışdır.

***

Cari ilin yanvar-sentyabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 908 milyon 41 min manat təşkil etmişdir ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur. Ticarət şəbəkəsində 466 milyon 733 min 100 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 441 milyon 307 min 900 manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

2024-cü ilin yanvar-avqust aylarında muxtar respublikada fəaliyyət göstərən bank və bank olmayan kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 256 milyon 974 min 100 manat məbləğində kredit verilmişdir. Verilmiş kreditlərin 21 milyon 970 min 900 manatı və yaxud 8,5 faizi qısamüddətli, 235 milyon 3 min 200 manatı və yaxud 91,5 faizi uzunmüddətli kreditlər olmuşdur.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 39,2 faiz artaraq 2024-cü il sentyabr ayının 1-nə milli valyuta ekvivalentində 21 milyon 840 min 700 manat təşkil etmişdir. Əmanətlərin 94,6 faizi milli, 5,4 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 39,3 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 37,0 faiz artmışdır.

***

2024-cü ilin yanvar-sentyabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 97 milyon 700 min 590 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 7 milyon 962 min 970 dollarını və ya 8,2 faizini ixrac olunmuş məhsulların, 89 milyon 737 min 620 dollarını və ya 91,8 faizini isə idxal məhsullarının dəyəri olub. 2023-cü ilin yanvar-sentyabr ayıları ilə müqayisədə xarici ticarət dövriyyəsi 14,8 faiz, o cümlədən ixrac 34,7  faiz, idxal 12,4 faiz azalmışdır.

***

2024-cü ilin yanvar-sentyabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 137 milyon 519 min 700 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çoxdur.

                                                              ***

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 775,2 manat olmuşdur ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 16,2 faiz çoxdur.

                                                    ***

1 sentyabr 2024-cü il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 2584 nəfər və ya 0,6 faiz artaraq 470135 nəfər olmuşdur.

Nəşr edilib : 14.10.2024 14:54