NAXÇIVAN :

10 Yanvar 2025, Cümə

2024-cü ildə muxtar respublikanın su təminatının yaxşılaşdırılması üçün mühüm işlər görülüb

...

Naxçıvan Muxtar Respublikasında suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə 2024-cü ilin yanvar-dekabr ayları ərzində kanal və arxlarda lildən təmizlənmə işləri davam etdirilib, əhalini fasiləsiz və dayanıqlı içməli su ilə təmin etmək üçün içməli su anbarları yuyularaq dezinfeksiya olunub, suvarılan sahələrdə qrunt sularının səviyyəsini aşağı salmaq üçün müvafiq işlər görülüb. Belə ki, hidrotexniki qurğularda təmir işləri aparılıb, su anbarlarına suyun yığılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilib.

2024-cü ilin yanvar-dekabr ayları ərzində su ehtiyatının toplanılması işləri davam etdirilib və dekabr ayının sonunda sututarlarda 155,08 milyon kubmetr  su ehtiyatı mövcud olub. Su istifadəçilərinə yanvar-dekabr ayları ərzində 252,53 milyon kubmetr  su verilib, bunun müqabilində 203 762 hektar torpaq sahəsi suvarılıb.

2024-cü ilin yanvar-dekabr ayları ərzində 11,69 kilometr seləqarşı istiqamətləndirici bənd tikilib, 284,41 kilometr beton və torpaq kanallar, 286,81 kilometr ara arxlar, 53,9 kilometr kollektor lildən təmizlənib, 38,21 kilometr içməli su, 1,25 kilometr kanalizasiya, 2,04 kilometr suvarma boru, 3,86 kilometr təzyiqli boru, 0,39 kilometr kaptaj xətti çəkilib, 20,37 kilometr mövcud içməli su xətlərində, 1,26 kilometr kanalizasiya xətlərində, 5,57 kilometr kaptajlarda, 0,11 kilometr qapalı drenaj xətlərində, suvarma boru xətlərinin 12,64 kilometr hissəsində və təzyiqli boru xətlərinin 14,24 kilometr hissəsində təmir-bərpa işləri aparılıb.

Torpaq sahələrinin su təminatının yüksəldilməsi və su itkisinin qarşısının alınması məqsədilə mövcud kanal və arxların ehtiyac olan hissələrində təmir-bərpa işlərinin aparılması davam etdirilib. Şahbuz rayonunun Daylaqlı kəndində su arxında itkinin qarşısını almaq məqsədilə 24 metr məsafədə diametri 600 millimetr olan koruge borunu su arxında quraşdırmaqla arx təmir olunub, Ordubad şəhəri ərazisində yerləşən “Bazar” arxının uçqun zamanı zərər görmüş 40 metr hissəsi isə bərpa edilib.

Torpaq sahələrinin şoranlaşmasının qarşısını almaq məqsədilə kollektorlar lildən təmizlənib. Görülən işlər nəticəsində Şərur rayonunun 478 hektar, Babək rayonunun və Naxçıvan şəhərinin 220 hektar, Kəngərli rayonunun isə 4 hektar olmaqla, ümumilikdə, 702 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. 

Suvarma mövsümünü mütəşəkkil şəkildə başa çatdırmaq məqsədilə yeni boru xətləri çəkilib, təmirə ehtiyac olan suvarma boru xətlərində təmir-bərpa işləri aparılıb. Yaşıllıq zolaqlarının suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə Babək rayonu ərazisində mövcud yaşıllıq zolaqlarında suvarma boru xətlərinin 5973 metr hissəsində təmir-bərpa işləri görülüb.

Nasos stansiyalarında və təzyiqli boru xətlərində cari təmir işləri davam etdirilib, yeni təzyiqli boru xətləri çəkilib. Culfa rayonunun Bənəniyar kəndinin suvarma su təminatını yaxşılaşdırmaq məqsədilə “Bənəniyar” nasos stansiyasından 3,41 kilometr uzunluğunda, Şahbuz rayonunun Kiçikoba kəndində isə mövcud subartezian quyusundan 0.45 kilometr uzunluğunda yeni təzyiqli boru xətti çəkilərək istifadəyə verilib.  

Şərur rayonunda “Qorçulu”, “Həmzəli-1”, “Həmzəli-2”, “Zeyvə-1”, “Zeyvə-2”, “Xələc”, “Ərəbyengicə”, “Alışar”, “Ağbulaq-1”, “Arpaçay-2”, “Günəşli”,  “Kərimbəyli-1”, “Muğanlı” və “Dərəkənd” nasos stansiyalarının təzyiqli boru xətlərinin 2,12 kilometr hissəsində, Babək rayonunda “Hacıvar”, “Badaşqan”, “Şəkərabad”, “Araz-1”,  “Araz-2”, “Cəhri-1”, “Cəhri-2”, “Qoşadizə”, “Kərimbəyli” və “Nehrəm” nasos stansiyalarının təzyiqli boru xətlərinin 4,24 kilometr hissəsində, Şahbuz rayonunda “Mahmudoba”, “Külüs”, “Daylaqlı”, “Şahbuzkənd”, “Naxçıvani”, “Əcəmi-1”, “Əcəmi-2” nasos stansiyalarının, Ayrınc, Şada, Aşağı Qışlaq, Daylaqlı, Külüs kəndlərində və Şahbuz şəhərində yerləşən subartezian quyularının təzyiqli boru xətlərinin 1,15 kilometr hissəsində, Culfa rayonunda Bənəniyar su anbarının, “Kırna”, “Bənəniyar”, “Culfa-1”, “Yaycı-1”, “Yaycı-3” və “Gülüstan”  nasos stansiyalarının təzyiqli boru xətlərinin 1,66 kilometr hissəsində, Ordubad rayonunda “Dəstə-2” və “Əylis-1” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,75 kilometr hissəsində, Sədərək rayonunda “Sədərək-2” və “Sədərək-4” nasos stansiyalarının təzyiqli boru xətlərinin 0,07 kilometr hissəsində, Kəngərli rayonunda “Qıvraq-1”, “Qıvraq-2”, “Böyükdüz”, “Kərki”, “Şahtaxtı”, “4№-li” və “Yeni Kərki” nasos stansiyalarının təzyiqli boru xətlərinin 1,39 kilometr hissəsində, Naxçıvan şəhərində isə “Azərbaycan”, “Sərhəd dəstəsi”, “Qaraçuq-1” və “Qaraçuq-2” nasos stansiyalarının təzyiqli boru xətlərinin 2,87 kilometr hissəsində təmir-bərpa işləri aparılıb. 

2024-cü ilin yanvar-dekabr ayları ərzində 25 kəhrizdə cari təmir işləri başa çatdırılıb. Ötən dövr ərzində kəhrizlərdə 2340 metr kürə təmizlənib, 158 metr saybənd hörülüb, 5 metr uzunluğunda diametri 600 millimetr olan dəmir boru kəsilərək 3 ədəd kəhriz quyusuna quraşdırılıb.

Suvarma və içməli su mənbəyi kimi istifadə olunan subartezian quyularının       47 ədədinə yeni nasos quraşdırılmaqla, 596 ədədi əsaslı təmir olunub. Bundan əlavə, su təminatını yaxşılaşdırmaq məqsədilə Culfa rayonunun Dizə və Əbrəqunus kəndlərində hər birində 1 subartezian quyusu olmaqla, ümumilikdə, 2 yeni subartezian quyusunun tikintisi başa çatdırılaraq istifadəyə verilib, Şahbuz rayonunun Sələsüz kəndinin su təminatını yaxşılaşdırmaq üçün Daylaqlı, Ordubad rayonunun Düylün, Culfa rayonunun Əbrəqunus, Babək rayonunun Qaraqala və Vayxır kəndlərində hər birində 1 subartezian quyusu olmaqla, ümumilikdə, 5 yeni subartezian quyusunun qazma işləri başa çatdırılıb.

“Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsində içməli su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb. Ərazidə 276 evin içməli su xəttinə, 1776 evin isə kanalizasiya xəttinə birləşməsi aparılıb. Həmçinin Sədərək rayonunun Dəmirçi kəndinin içməli su şəbəkəsinin tikinti işləri başa çatdırılıb.

Şahbuz rayonu ərazisində yerləşən “Qanlıgöl” su anbarı uzun müddət təmir olunmadığından su anbarının suburaxıcı qülləsi istifadəyə yararsız hala düşmüşdür. Suburaxıcı qüllə ətrafında sızmaların qarşısını almaq və dayanıqlığı təmin etmək məqsədilə təmir-bərpa işləri aparılıb. Belə ki, suburaxıcı qüllənin dib ətrafı boyu beton konstruksiyalarla istinad divarları tikilərək bərpa olunub.

Naxçıvan Su Meliorasiya 

Sistemlərinin İstismarı İdarəsinin

mətbuat xidməti

 

Nəşr edilib : 10.01.2025 15:27