NAXÇIVAN :

31 Yanvar 2025, Cümə

2024-cü il bütün istiqamətlər üzrə ölkəmiz üçün uğurla başa çatdı

...

Şanlı tarixinin ən parlaq dövrlərini yaşayan Azərbaycan hər ötən gün iqtisadi cəhətdən daha da güclənir, sosial, elm, təhsil, mədəniyyət, idman, ətraf mühit və digər sahələrdə əldə etdiyi nailiyyətlərə yenilərini əlavə edir. Yola salmağa hazırlaşdığımız 2024-cü il də ölkəmizin tarixində bir çox mühüm hadisələrlə yaddaqalan oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edildi. Bu Sərəncam ilə Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verməyi öhdəsinə götürdü.

2024-cü ilin ən əlamətdar hadisələrindən biri növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsi oldu. Bu seçki  suveren ərazimizdə keçirilən ilk seçki olmaqla bərabər cənab Prezidentin Xankəndidə səs verməsi ilə xüsusi rəmzi məna qazandı. 2024-cü il fevralın 7-də keçirilən prezident seçkilərində İlham Əliyev inamlı qələbə qazandı. Ölkə başçısının bu parlaq zəfəri xalqın liderinə olan sonsuz inam və sevgisindən  irəli gəlməklə  son iyirmi ildə görülən işlərə verilən dəyər idi. Xalqımız  İlham Əliyevə səs verməklə Ümummilli Lider Heydər Əliyevin ideya və prinsiplərinə sadiqliklərini bir daha  bütün dünyaya nümayiş etdirdi.

2024-cü ilin fevral ayı Xocalıya qayıdışın başlanğıcı kimi tariximizə yazıldı. Bu qayıdışın fevral ayında başlaması təsadüfi hadisə deyildi. Beləliklə, ilk dəfə Xocalı qurbanlarının xatirəsi Xocalı şəhərində ehtiramla anıldı. Xocalı soyqırımının 32-ci ildönümündə Xocalı sakinləri ilə Xocalı şəhərində görüşən Müzəffər Ali Baş Komandan Xocalıya qayıdacağımıza olan inamından bəhs edərək demişdir: “Xocalı qurbanlarının xatirəsini əbədiləşdirmək üçün memorial kompleksin layihəsi çoxdan hazır idi, yer də seçilmişdi. Ancaq memorial kompleksin tikintisi ilə bağlı hər il mən müəyyən tərəddüdlər keçirərək o hadisəni, o layihəni təxirə salırdım. Ona görə ki, sizin kimi, mən də inanırdım və bilirdim, biz buraya qayıdacağıq, Xocalıya qayıdacağıq və günahsız qurbanların xatirəsini əbədiləşdirmək üçün burada Memorial Kompleks yaradılacaq”.

Bir qədər əvvələ gedərək xatırladaq ki, 2023-cü  ilin sentyabr ayının 19-da keçirilmiş antiterror əməliyyatı ilə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoydu, döyüş mövqelərin­dən və hərbi postlardan çıxdı və tam şəkildə tərk-silah olundular. Azərbaycanın bütün ərazisi üzərində suverenliyini bərpa etməsi ilə Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin varlığı öz əhəmiyyətini itirdi. Bu səbəbdən Rusiyanın Qarabağdakı sülhməramlı kontigentinin Qarabağı tərk etməsi növbəti uğur kimi tarixə yazılmaqla 2024-cü ilin ən yaddaqalan hadisələrindən birinə çevrildi.

2024-cü ilin aprel ayında Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanın əldə olunması və daha sonra bunun reallaşması ölkəmizin növbəti diplomatik qələbəsi, ölkə Prezidentinin uğurlu diplomatiyasının və düşünülmüş addımlarının məntiqi nəticəsi idi.

Bir qədər sonra iyul ayının 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının “Nəqliyyat, bağlantı və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması” mövzusunda qeyri-rəsmi görüşünün keçirilməsi və burada tarixi “Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi”nin imzalanması ilin mühüm siyasi hadisələrindən biri olmuşdur.

İşğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışın davam etməsi, ölkə başçısı cənab İlham Əliyevin Xocalı, Şuşa, Laçına, 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya, MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiyaya, “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstana, “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərəyə, Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana, iki dəfə Türkiyəyə, Misirə, Pakistana, Özbəkistana, İtaliyaya və Qırğız Respublikasına işgüzar səfərləri Ulu Öndərin siyasətini uğurla həyata keçirən, ata vəsiyyətinə dönmədən əməl edən ölkə Prezidentinin dünya dövlətləri tərəfindən yüksək səviyyədə qəbul edilməsinin ifadəsi kimi tariximizin səhifələrinə yazılmışdır.

İlin ən yaddaqalan hadisəsi isə 2024-cü ilin 11-22 noyabr tarixində Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 oldu. Azərbaycan dünyada qlobal liderlik iddiasını bir daha ortaya qoyaraq bütün boykot tədbirlərinə baxmayaraq, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-a uğurla ev sahibliyi etdi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Liderlər Sammitinin açılış mərasimində cənab Prezidentin dediyi kimi: “Mənim sonuncu mesajım o dairələrədir ki, onlar 2 ildir, boykota təşviq edirlər. Onlar bütün vasitələrlə Bakıdakı COP29-u boykot edirlər. Onlara pis xəbərim var: Bizim qeydiyyata alınmış 72 000 iştirakçımız var. Onlar 196 ölkədən gəlmiş nümayəndələrdir. Onların sırasında 80 prezident, vitse-prezident və baş nazirlər var. Beləliklə, dünya Bakıya toplaşıb və biz bütün dünyaya deyirik ki, Azərbaycana xoş gəlmisiniz”.

Ümumilikdə, yola salmağa hazırlaşdığımız 2024-cü il bütün istiqamətlər üzrə ölkəmiz üçün uğurlu bir il oldu. Bu da belə deməyə əsas verir ki, tarixə çevrilən 2024-cü ildə həyatın bütün sahələrində əldə olunmuş nailiyyətlər, xalqın rifah səviyyəsinin daha da artması qarşıdan gələn ildə də  Azərbaycan xalqı və dövləti üçün prioritet istiqamət olacaq.

Mahir İSMAYILOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 19.12.2024 12:30