NAXÇIVAN :

16 Iyul 2025, Çərşənbə

2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib

...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ilində şagird nailiyyətlərinin mükafatlandırılmasına   həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov bildirib ki, Naxçıvanda 2024-2025-ci tədris ili təhsil nailiyyətləri baxımından müsbət nəticələrlə yadda qalıb. Nazir qeyd  edib  ki, bu il tam orta təhsil səviyyəsi üzrə 467 məzun 200-250, 302 məzun 250-300 intervalında bal toplayıb. 2 məzun isə 300 bal toplayaraq ölkə üzrə ən yüksək nəticəni göstərib. Cari ildə, həmçinin Naxçıvan Muxtar Respublikasında ümumi orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış  imtahanlarının nəticələrində də, ötən illə müqayisədə müsbət dinamika müşahidə olunub. Belə ki, 200-249 bal intervalında nəticə göstərən şagirdlərin sayı ötən ilə nisbətən 25, 250-300 bal intervalında 29, 200-300 bal aralığında nəticə göstərən şagirdlərin sayında isə 26 faiz artım olub. 
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev öz çıxışında şagirdlərə təbrikini çatdıraraq elmin və təhsilin cəmiyyətimizdəki əhəmiyyətini ifadə edən fikirlər səsləndirib.
Naxçıvan Qızlar Liseyinin məzunu muxtar respublika üzrə ən yüksək nəticəni göstərərək 690 bal toplayan Sehrin Cəfərova çıxış edərək öz uğur hekayəsi barədə məlumat verib. 
Tədbirdə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq təhsil sahəsində həyata keçirilən tədbirlər bağlı videoçarx nümayiş olunub.
Təhsil Nazirliyi tərəfindən təsis olunan olimpiada və müsabiqələrin qaliblərinə, müxtəlif idman sahələri  üzrə uğur qazanan, eyni zamanda buraxılış və qəbul imtahanlarında ən yüksək nəticə göstərən şagirdlər diplom və hədiyyələrlə təltif olunub. Həmçinin tədbirə ev sahibliyi edən Naxçıvan Hərbi Kollecinin rəisi, polkovnik-leytenant Yaşar Hüseynov Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunub. 
Rəsmi hissə başa çatdıqdan sonra bədii hissədə isə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında mahnılar səsləndirilib, rəqs qruplarının çıxışları olub. Sonda xatirə fotosu çəkdirilib.

Cavanşir BAĞIRLI

Nəşr edilib : 04.07.2025 16:59