NAXÇIVAN :

14 Yanvar 2025, Çərşənbə axşamı

1991-ci il dekabrın 16-da Naxçıvanda qəbul olunan qərar

...

Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik edərkən respublikanın gələcək müstəqilliyini aydın görür, özünün bütün fəaliyyətini ümummilli mənafelərin həyata keçirilməsinə həsr edirdi.

Ümummilli mənafelərin həyata keçirilməsi üçün bir çox addımlar məhz Naxçıvanda atılmışdır. Dahi şəxsiyyət Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynadı. Muxtar respublikada həyata keçrilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün atılan ən böyük addımlardan biri idi.

Onu da qeyd etmək lazımdır ki, həmin dövrdə Ali Məclisdə qəbul edilmiş qərarlar təkcə Naxçıvan üçün yox, bütün Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən qərarlar olmuşdur.  Belə qərarlardan biri də Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi 1991-ci il dekabrın 16-da imza atdığı “31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi haqqında” Qərar olub. Qərara əsasən 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada qeyd edilmişdir. Bu qərar Ali Məclisin sessiyasında bir neçə dəfə müzakirə olunmuş, buna uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 6 bənddən ibarət qərar qəbul etmişdir. Qərarda, həmçinin həmin günün hər il bayram edilməsi və həmin günün Naxçıvan Muxtar Respublikasının ərazisində iş günü hesab edilməməsi haqqında məsələlərə toxunulmuşdur.

Ulu Öndər Heydər Əliyev bu qərarı Azərbaycan türklərinin uzun illər ayrı yaşamalarından sonra birləşməsi yolunda ilk addım kimi qiymətləndirmişdi. Bu, uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasının, bu birliyin ana xəttini müəyyənləşdirən Azərbaycançılıq ideyasının formalaşmasının başlanğıc nöqtəsi idi. Əslində, bu bayramla müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında ideoloji bütövləşmənin təməli qoyulmuşdur.

Tarixi qərar sonrakı dövrdə birliyimizi və həmrəyliyimizi möhkəmləndirmiş, Ümummilli Lider Heydər Əliyevin Naxçıvandan başlanan xilaskarlıq missiyası xalqımızı vahid ideologiya ətrafında birləşdirərək Milli Qurtuluşa və Qələbəyə qovuşdurmuşdur.

Asəf ORUCOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 16.12.2024 10:23