NAXÇIVAN :

31 May 2025, Şənbə

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib

...

“Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar muxtar respublikada keçirilən bayram tədbirlərinin növbətisi Şahbuz rayonunda keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə tər gül dəstələri qoyulub. Daha sonra uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaqların istedad və bacarıqlarının təbliğinə xidmət edən bu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Şahbuz Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev tədbiri çıxış nitqi ilə açaraq 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onlara göstərilən dövlət qayğısından və  sağlam, savadlı, vətənpərvər ruhda böyümələrinin əhəmiyyətindən danışıb. Həmçinin R.Babayev Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətindən, bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətlərindən danışıb.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, uşaqların hərtərəfli inkişafı, onların hüquqlarının qorunması və sağlam mühitdə böyüməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.
Ramilə Seyidova çıxışında komitənin mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə həyata keçirdiyi tədbirlərdən söz açıb, bu əməkdaşlığın uşaq hüquqlarının müdafiəsi və onların rifahının təmin olunmasında mühüm rol oynadığını vurğulayıb. Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ramilə Seyidova çıxışında vurğulamışdır ki, uşaq hüquqlarının müdafiəsi sahəsində ardıcıl və məqsədyönlü tədbirlər komitənin əsas fəaliyyət istiqamətlərindən biridir. O bildirmişdir ki, uşaqların hüquqlarının qorunması məqsədilə komitə tərəfindən mütəmadi olaraq monitorinqlər həyata keçirilir. Bu monitorinqlər vasitəsilə təhsil, səhiyyə, sosial müdafiə, ailə mühiti və digər sahələrdə uşaqların hüquqi vəziyyəti təhlil olunur, mövcud problemlər müəyyənləşdirilir və onların aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülür.
Komitə sədri çıxışının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya uşaqlara göstərilən xüsusi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Tədbirdə Şahbuz rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Səma İsmayılova çıxış edərək qazandığı uğurlardan danışıb, yaradılan şərait, göstərilən diqqət, müasir təhsil imkanları və dəstəyə görə minnətdarlığını bildirib.
Tədbir çərçivəsində rayon üzrə 2024–2025-ci tədris ilində təhsil və idman sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyə, Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən isə hədiyyələr təqdim edilib. 
Tədbirin bədii hissəsində Şahbuz rayonu üzrə fəaliyyət göstərən uşaq musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr-evi-uşaq bağçasının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.

Nəşr edilib : 30.05.2025 00:09