NAXÇIVAN :

03 Iyun 2025, Çərşənbə axşamı

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar bayram tədbirlərindən ikincisi baş tutub

...

Bu gün “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  muxtar respublikada start verilən silsilə bayram tədbirlərinin ikincisi Ordubad rayonunda keçirilib.
Ordubad Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdikləri tədbir Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli tədbiri giriş nitqi ilə açaraq iştirakçıları və uşaqları səmimi-qəlbdən təbrik edib. O, çıxışında uşaqların cəmiyyətin gələcəyi olduğunu vurğulayıb, onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsinin dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu diqqətə çatdırıb. F.Hüseynli çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət uşaq siyasətindən bəhs edib və  bu istiqamətdə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqların rifahı və inkişafı naminə həyata keçirdiyi çoxşaxəli və mühüm layihələri xüsusi vurğulayıb.
Naxçıvan Muxtar Respublikasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova vurğulayıb ki, uşaqlara göstərilən dövlət qayğısı Azərbaycanın həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ramilə Seyidova qeyd edib ki, ölkədə uşaqların hüquqlarının qorunması, onların hərtərəfli inkişafı, təhsil və sağlamlıq imkanlarının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır. Bu istiqamətdə həyata keçirilən layihələr sağlam və savadlı nəslin formalaşmasına xidmət edir. Komitə sədri bildirib ki, Naxçıvan Muxtar Respublikasında uşaqların müdafiəsi və rifahı naminə çoxşaxəli fəaliyyət həyata keçirilir. Bu fəaliyyət çərçivəsində digər dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində bir sıra mühüm nəticələr əldə olunub. R.Seyidova xüsusi olaraq uşaqların təhsildən yayınma hallarının qarşısının alınması istiqamətində görülən işlərə diqqət çəkib. Qeyd olunub ki, bu məqsədlə komitə tərəfindən “İşçi qrupu” yaradılıb, monitorinqlər aparılıb, uşaqların ailələrinin sosial vəziyyəti, psixoloji durumu və təhsildən yayınma səbəbləri araşdırılıb. Nəticədə, 23 uşağın məktəbə davamiyyəti təmin olunub və müvafiq məlumat bazası yaradılıb. Çıxışında vətənpərvərlik mövzusuna da toxunan komitə sədri bildirib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin geri qaytarılmasında iştirak edən şəhidlər arasında gənclərlə yanaşı, çox gənc yaşda Vətən uğrunda mübarizə aparan övladlarımız da yer alıb. Bu isə uşaqların və gənclərin vətənpərvərlik ruhunda yetişməsinin, dövlətin təhsil və tərbiyə siyasətinin səmərəli nəticəsidir. Ramilə Seyidova çıxışının sonunda qeyd edib ki, bu il keçirilən imtahanlarda ən yüksək nəticəni Ordubad rayonunda yerləşən Ordubad internat məktəbinin bir şagirdi əldə edib. Bu uğur həm şagirdin səyi, həm də bölgədə yaradılmış müasir təhsil infrastrukturunun və göstərilən dəstəyin nəticəsidir. Sonda komitə sədri uşaq hüquqlarının müdafiəsinə göstərilən xüsusi diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Tədbirdə Ordubad rayonu üzrə təhsil sahəsində ən yüksək nəticə göstərən şagird Zəliha Yusifova çıxış edərək qazandığı uğurlar haqqında danışıb. O, əldə etdiyi nailiyyətlərdə yaradılan əlverişli şəraitin, göstərilən diqqət və qayğının, həmçinin müasir təhsil imkanları və dəstəyin mühüm rol oynadığını qeyd edib. Zəliha Yusifova dövlət tərəfindən gənclərə və şagirdlərə göstərilən bu diqqətə görə dərin minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində rayon üzrə 2024-2025-ci tədris ilində təhsil, idman və incəsənət sahələrində yüksək nailiyyətlər əldə etmiş uşaqlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr təqdim edilib. 
Tədbirin bədii hissəsində Ordubad rayonu üzrə fəaliyyət göstərən uşaq musiqi məktəbləri, tam orta məktəblərin şagirdləri və körpələr evi-uşaq bağçalarının balaca fidanları tərəfindən vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və rəqs nömrələri nümayiş etdirilib.

Nəşr edilib : 26.05.2025 22:44