Naxçıvanda ictimai nəqliyyatda yenilik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ictimai nəqliyyat infrastrukturunun yenilənməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu siyasətin tərkib hissəsi olaraq ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Naxçıvan şəhərində "BakuBus" MMC-nin yeni avtobus parkının açılışı baş tutub.
Bu barədə “Şərq qapısı” qəzetinə müsahibəsində “BakuBus” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, tikintisinə ötən ilin dekabr ayında başlanılan və 2,72 hektar ərazini əhatə edən avtobus parkında yuma məntəqəsi, təmir mərkəzi və inzibati bina fəaliyyət göstərir. Park, ümumilikdə, 112 sərnişin avtobusunun yerləşdirilməsi imkanına malikdir. Avtobusların fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə ərazidə 16 şarj stansiyası quraşdırılıb. İlkin mərhələdə 53 sərnişin tutumuna malik 60 ədəd "BYD" markalı avtobus Naxçıvan sakinlərinin xidmətinə təqdim olunub.
MMC rəsmisi qeyd edib ki, avtobusların operativ şəkildə təmizlənməsi üçün yuma məntəqəsi də yaradılıb. Burada bir avtobusun yuyulması orta hesabla 3-6 dəqiqə ərzində həyata keçirilir. Parkda istifadə olunan suyun 85 faizi filtirasiya edilərək yenidən emal olunacaq. Avtobus parkının istifadəyə verilməsi ilə 222 nəfər işlə təmin edilib. Avtobuslarda ödənişlər tamamilə nağdsız formada həyata keçirilir. Sərnişinlər CityCard ilə yanaşı, BakıCard ödəniş sistemindən də istifadə edə bilərlər. Bundan başqa, sərnişinlə"r Google Pay" və "Apple Pay" vasitəsilə, BakıCard mobil tətbiqində yaradılan QR kodla, həmçinin bank kartlarını NFC vasitəsilə yaxınlaşdırmaqla ödəniş edə biləcəklər. Avqustun 7-dən etibarən CityCard kartlarının satışı Naxçıvanın poçt mərkəzlərində həyata keçirilir.
Əsmər Əliyevanın sözlərinə görə, ilkin mərhələdə 9 marşrut xətti üzrə avtobuslar fəaliyyətə başlayıb. Marşrut xətləri və dayanacaqlar optimallaşdırılıb. Bununla bağlı məlumatlar "BakuBus" MMC-nin rəsmi sosial media platformalarında sərnişinlərin diqqətinə çatdırılıb.
"BakuBus" MMC-nin Naxçıvan şəhərində fəaliyyətə başlaması ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin məmnuniyyətinin artırılması, eləcə də müasir və rahat nəqliyyat xidmətlərinin göstərilməsi baxımından mühüm əhəmiyyət daşıyır",–deyə o əlavə edib.
Zəhra VƏLİYEVA