Naxçıvanın sənət adamlarına Prezidentin növbəti qayğısı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2026-cı il mayın 7-də “Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi” və “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi” haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən bir qrup incəsənət xadimi mükafatlandırılıb.
Biz də “Şərq qapısı” olaraq təltif olunan sənət adamlarının təəssüratlarını öyrəndik.
Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Rövşən Hüseynov bildirib ki, aldığı mükafat onun sənətinə verilən dəyərin bariz nümunəsidir: “Dünəndən böyük sevinc hissi keçirirəm. Bu, teatrımıza və mənə verilən çox böyük dəyərdir. Bu mükafat təkcə mənim üçün deyil, Naxçıvan teatrı üçün böyük dəyər, önəm daşıyır. Bir sənətkar kimi yetişməyimdə Naxçıvan teatrının böyük rolu var. Bu etimad həm də bizə daha məsuliyyətlə çalışmağa stimul verir. Naxçıvan teatrının daha da inkişaf etməsi və çiçəklənməsi üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəm”.
Təəssüratlarını bizimlə bölüşən digər mükafatçılardan Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası Ulduz Süleymanova qeyd edib ki, bu, göstərilən yüksək diqqət və qayğını onda böyük qürur hissi yaradıb: “Bu mükafata layiq görülmək mənim üçün böyük qürur və sevincdir. Sənət adamlarına verilən bu dəyərə görə cənab Prezidentimizə minnətdarlığımı bildirirəm. Göstərilən etimad bizi daha böyük həvəslə çalışmağa ruhlandırır”.
Təltif olunan sənət adamlarından Naxçıvan Dövlət Filarmoniyasının əməkdaşı, Əməkdar artist Vilayət İsmayılov isə göstərilən etimadı minnətdarlıq hissi ilə qarşılayıb: “Bu xəbəri böyük sevinc və qürur hissi ilə qarşıladım. İllərdir, sənət yolunda çəkdiyimiz zəhmətin belə yüksək səviyyədə dəyərləndirilməsi hər bir yaradıcı insan üçün xüsusi önəm daşıyır. Mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət biz sənət adamlarını daha məsuliyyətlə çalışmağa həvəsləndirir. Mənə göstərilən bu etimada görə cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm. Bundan sonra da Azərbaycan mədəniyyətinin, eləcə də Naxçıvan incəsənətinin inkişafı naminə var gücümlə çalışmağa davam edəcəm”.
Zəhra VƏLİYEVA