NAXÇIVAN :

05 May 2026, Çərşənbə axşamı

Unudulmayan sənət: Tənənəmdə xalçaçılıq ənənəsi davam edir

...

Uşaqlığımızdan yaddaşımıza həkk olunan, bu günə qədər yaşadılan bir çox mədəni irs nümunələri var. Xalqımızın qoruyub saxladığı, milli kimliyimizi özündə əks etdirən xalça sənəti bu irsin ən dəyərli nümunələrindəndir. Azərbaycanı sirli naxışlarda yaşadan bu sənətin minillik tarixi var. Bu gün də ucqar kəndlərdə, qədim evlərdə rast gəlinən xalçalar bizim keçmişimizin, yaddaşımızın və milli ruhumuzun canlı izləridir.

Biz də bu irsi daha yaxından tanımaq üçün Şərur rayonunun Tənənəm kəndinə üz tutduq. Qədimliyini qoruyub saxlayan bu diyarda xalçaçılıq ənənələri bu gün də yaşadılır. Kənddə bu sənət haqqında danışacaq insan tapmaq isə heç də çətin olmadı. Belə ki, demək olar, hər evdə kilim və cecim kimi müxtəlif xalça növləri bu günə qədər qorunub saxlanılır.

Bu evlərdən birində isə xalçaçılıq sənətini yaşadan, onu nəsildən-nəslə ötürən Güllər Salmanova ilə həmsöhbət olduq. 56 yaşında olsa da o, bu sənəti bu gün də yaşadır və qoruyub saxlayır. Bununla kifayətlənməyən Güllər xanım kənddə xalçaçılıq dərnəyi yaradaraq bu sənətə maraqgöstərən azyaşlılara xalça toxumağın sirlərini öyrədir. İşini sevərək görən və xalçaları böyük həvəslə toxuyan Güllər xanım söhbətimiz zamanı vurğuladı ki, bu sənəti hələ uşaqlıq illərindən anası və nənəsindən öyrənib. Onların yanında ilmə-ilmə bu sənətin incəliklərinə yiyələnən Güllər xanım zamanla bu işi daha da sevib və həyatının ayrılmaz bir hissəsinə çevirib.

O qeyd edir ki, bu günə qədər 150-yə yaxın xalça və kilim toxuyub, onların bir çoxunu isə hədiyyə olaraq yaxınlarına bağışlayıb. Güllər xanım üçün xalça toxumaq, sadəcə, bir məşğuliyyət deyil, həm də milli irsimizi yaşatmağın bir yoludur. Bu səbəbdən o, bildiklərini gənc nəslə ötürməyi özünə borc bilir.

Toxuduğu xalçaları yaxından təqdim edən Güllər xanım öz əl işlərini, eləcə də uşaqlara öyrətdiyi kiçik xalçaları nümayiş etdirərək onlar haqqında ətraflı məlumat verdi. Onun sözlərinə görə, dərnəyə qatılan uşaqlar hər ilməni böyük həvəslə toxuyur, bu qədim sənətin sirlərini öyrənməyə xüsusi maraq göstərirlər. Həftədə iki dəfə keçirilən məşğələlərdə uşaqlara xalça toxumağın bütün mərhələləri – ilmə vurmaqdan naxış seçiminə qədər öyrədir. Bu isə xalçaçılıq sənətinin gələcək nəsillər tərəfindən də yaşadılacağına ümid yaradır.

Bizə maraqlı olan digər məqamlardan biri isə xalçanın toxunmasında istifadə edilən alətlər və ip hazırlanması prosesi idi. Güllər xanım bildirdi ki, qədimdən xalçanın toxunması üçün əsas material olan yun əvvəlcə xüsusi qaydada təmizlənir, daranır və daha sonra əyirilərək ip halına salınır. Bu proses həm böyük zəhmət, həm də səbr tələb edir. Lakin müasir dövrdə bu iş bir qədər asanlaşıb. Belə ki, bir çox hallarda iplər hazır şəkildə əldə edilir və toxuma prosesinə birbaşa başlanılır. Buna baxmayaraq, Güllər xanım ənənəvi üsulun öz dəyərini itirmədiyini və xalçaçılığın ruhunun məhz həmin köhnə proseslərdə yaşadığını vurğulayır.

Diyarımızın müxtəlif bölgələrində fərqli adlarla yaşadılan xalçaçılıq ənənələrindən söz açan Güllər xanım, söhbətimiz zamanı xalça toxunmasında istifadə olunan alətlərin sirrini də bizimlə bölüşdü. Xalçatoxuma prosesi təkcə ipi ilməyə çevirməkdən ibarət deyil, burada hər bir mərhələ xüsusi diqqət və ustalıq tələb edir. Güllər xanımın sözlərinə görə, bu sənətdə istifadə olunan alətlər də özünəməxsus əhəmiyyət daşıyır. Xalça toxunmasında həvə, çırpıcı (çirgit), kırçok və qayçı kimi ənənəvi alətlərdən istifadə edilir. Həvə vasitəsilə ilmələr möhkəmləndirilir və sıxlıq təmin olunur, bu da xalçanın davamlılığını artırır. Çırpıcı (çirgit) isə toxunmuş ilmələrin daha bərk oturmasına və naxışların aydın görünməsinə kömək edir. Kırçok sapların düzgün istiqamətdə saxlanılmasında, toxuma prosesinin düzgün getməsində mühüm rol oynayır. Qayçı isə işin son mərhələsində artıq çıxıntıların səliqəyə salınması, naxışların daha təmiz görünməsi üçün istifadə olunur.

Maraqlı söhbətimizin sonunda Güllər xanım vurğuladı ki, bu alətlər, sadəcə, texniki vasitə deyil, hər biri əsrlərlə formalaşmış xalçaçılıq ənənəsinin ayrılmaz hissəsidir. Onunla apardığımız səmimi söhbət bir daha göstərdi ki, bu sənət bu gün də yaşayır və gələcək nəsillərə sevə-sevə ötürülür.

Beləliklə, Tənənəm kəndində yaşadılan bu qədim sənət sübut edir ki, xalçaçılıq, sadəcə, keçmişin yadigarı deyil, bu gün də yaşayan və sabaha daşınan milli sərvətimizdir.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 05.05.2026 09:56