Şuşa Bəyannaməsi – tarixi münasibətlərin yeni mərhələsi
Əbədi qardaşlığın simvolu
Prezident İlham Əliyev Vətən müharibəsində Türkiyənin Azərbaycana dəstəyini yüksək dəyərləndirərək deyib: “İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmişdir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu həm bizi ruhlandırdı, eyni zamanda müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi”.
44 günlük Zəfər yürüşündən sonra tarix Şuşada iki dövlətin əzəli qardaşlığının sarsılmaz olduğuna bir daha şahid oldu. Türkiyə-Azərbaycan arasında yeni və möhtəşəm bir səhifə açıldı. 15 iyun 2021-ci ildə yüz il öncə, 1921-ci ildə imzalanmış Qars müqaviləsi, 9 fevral 1994-cü ildə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” və “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol”, eləcə də 16 avqust 2010-cu il tarixdə imzalanmış “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”ni rəhbər tutaraq Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan bəyannamə ilə iki qardaş ölkə arasında tarixi münasibətlər yeni mərhələyə qədəm qoydu. İki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlığın simvoluna çevrilən Şuşa Bəyannaməsi Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətlərin keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılmasının göstəricisi oldu. 2022-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində keçirilən “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans bir daha Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını, əbədiliyini dünyaya nümayiş etdirdi.
Region üçün yeni tarixi gerçəklik
Hər keçən gün keyfiyyətcə yeni mərhələyə yüksələn iki ölkənin müttəfiqlik əlaqələri regionun geostrateji reallıqlarını tam nəzarətdə saxlayır, gələcək inkişaf üçün real imkanlar yaradır. Şuşa Bəyannaməsi ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini özündə ehtiva edir. Bəyannamədə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və sair məqamlar əksini tapır. Həmçinin bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir.
Bir-birimizin təhlükəsizliyini təmin etmək hüququna sahibik
Şuşa Bəyannaməsində hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilir. Bu müqavilə ilə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardımla ölkələrimiz bir-birinin təhlükəsizliyini təmin edəcək. Türkiyə Respublikasının hərbi sənayesinin inkişafını nəzərə alaraq deyə bilərik ki, müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı bu iki ölkənin hərbi qüdrətini daha da artıracaq.
İki dövlətin Silahlı Qüvvələri müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılır. Ordunun modernləşdirilməsi istiqamətində birgə səylər göstərilir, müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlər həyata keçirilir. Silahlı Qüvvələrin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlıq və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edilməsi bəyannamədə xüsusi yer tutur.
Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması xüsusi əhəmiyyət daşıyır. Uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Prezidenti İlham Əliyev bu siyasi hadisənin tarixi əhəmiyyətini vurğulayaraq deyib: “Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında, ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. Digər bir vacib məqam ondan ibarətdir ki, bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə ucaldır”.
Türk dünyasının birlik və rifahına xidmət
Azərbaycanın və bütövlükdə, Türk dünyasının qədim mədəniyyət beşiyi olan Şuşa şəhərindəki tarixi görüşdə imzalanan bəyannamə həm də Türk dünyasının birlik və rifahına xidmət edir. Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi və Türk həmrəyliyinin daha da möhkəmləndirilməsi məqsədilə Türk Dövlətləri Təşkilatı, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKSOY və Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində həyata keçirilən fəaliyyətlərə təkan verilir. İki qardaş ölkə arasında imzalanan bəyannamədən üç il sonra 2024-cü il iyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Həmin görüşdə çıxış edən dövlət başçısı dedi: “Qardaşım Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan və Türkiyənin rəsmi müttəfiqliyinin əsasını qoyan Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır... Bu gün Qarabağ Bəyannaməsi də Şuşada imzalanacaq. Əminəm ki, bu gün imzalayacağımız Qarabağ Bəyannaməsi, qəbul etdiyimiz qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir”.
Şuşa Bəyannaməsində milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması da nəzərdə tutulub ki, bu da ölkələrin iqtisadi və ticarət diversifikasiyası ilə bağlı bir-birlərinə qarşılıqlı dəstək olacağı anlamına gəlir. Ticari şaxələnmənin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını nəzərə alsaq, bu sahədə əməkdaşlıq iqtisadi inkişafın dayanıqlılığı baxımından da vacib hesab olunur. Digər mühüm məqam malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri
tədbirlərin görülməsidir.
Tranzit-nəqliyyat potensialı daha da inkişaf etdirilir
İki ölkə arasında 20 ildən artıqdır ki, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi, eləcə də perspektiv sahələrdə birgə istehsalın qurulması, investisiya əməkdaşlığının qarşılıqlı faydalı inkişafı üçün daha əlverişli şərait yaradılır. Bəyannamədə Azərbaycan və Türkiyənin malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində tədbirlər görülməsinin də vacibliyi qeyd olunur. Şərq-Qərb/Orta Beynəlxalq Nəqliyyat Dəhlizinin rəqabət qabiliyyətinin artırılması əsas hədəflərdəndir. Bu məqsədlə Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər. Onu da xüsusi olaraq vurğulamaq lazımdır ki, bəyannamə imzalanandan əvvəlki ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 4 milyard 160 milyon dollar idisə, bu göstərici ötən il 5 milyard 720 milyon dollaradək yüksəlib. Bu, bəyannamə imzalanandan sonra ölkələr arasındakı ticarət dövriyyəsinin 28 faiz artması deməkdir. Hədəf isə Azərbaycan və Türkiyə arasındakı ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Azərbaycanın xarici ticarət dövriyyəsinin 11,6 faizi Türkiyənin payına düşür. Bu İtaliyadan sonra Türkiyənin ikinci ən böyük ticarət tərəfdaşı olması deməkdir. Qardaş dövlət Azərbaycan ixracatında da ikinci ən böyük tərəfdaşdır: 13,5 faiz. Azərbaycanın qeyri neft-qaz ixracının 16,5 faizi Türkiyənin payına düşür. İqtisadi münasibətlər yalnız ticari əlaqələrdə deyil, həmçinin qarşılıqlı sərmayə qoyuluşlarında da özünü göstərməkədir. İndiyədək Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollardan çox, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 18 milyard dollar sərmayə yönəldib.
Turanı birləşdirən ümid körpüsü: Naxçıvan
Vətən savaşında qazanılan zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti Naxçıvan Muxtar Respublikasının blokadadan azad edilməsi istiqamətində çox önəmli və tarixi bir məsələnin həllini təmin etdi. 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsində də Naxçıvana xüsusi yer ayrılıb. Bu kontekstdə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının xüsusi coğrafi vəziyyətinin nəzərə alınması nəzərdə tutulur. Həmçinin Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılması və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisi iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcək. Öz milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan və Türkiyə regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlər formalaşdırır. Eləcə də münaqişələrin, regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərirlər. Hər iki ölkə sülhsevər siyasəti ilə regionun gələcək taleyini sülh müqaviləsinin imzalanmasında görür.
Bütün bu sadaladıqlarımız onu göstərir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və türk xalqının atası Mustafa Kamal Atatürkün müdrikcəsinə söylədikləri “Bir millət, iki dövlət” və “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyi xüsusi vurğulanaraq imzalanan bəyannamə bütün sahələrdə strateji əməkdaşlığı daha da dərinləşdirdi və sarsılmaz qardaşlığın simvolu oldu.
Ramiyə ƏKBƏROVA