NAXÇIVAN :

22 May 2025, Cümə axşamı

Naxçıvanlılar düşmən qarşısında əyilmirlər

...

“Naxçıvanın Dəmir qapı Dərbəndi, qeyrət qalası Sədərəyi üç tərəfdən dövrəyə alan vüqarlı dağlara baxıram. Bu dağlar vüqarını Vətən oğullarının bir vaxtlar döyüşlərdə bu torpağa hopan qanından, sevgisindən alır”, – deyə düşünürəm. “Bir zamanlar barıt qoxusu gələn bu torpaqlardan indi gül-çiçək ətri gəlir”, – deyirəm.   

Həmin günlərdə isə Sədərək od içində idi.  Onun bahar çiçəkləri qana boyanmışdı. Bu gün keçmiş döyüşçülərin dilindən Sədərək döyüşləri haqqında xatirələri dinləmək insanı həmin günlərə aparır. Qəhrəmanlıq dolu günləri ehtiyatda olan polis polkovnik-leytenantı Vidadi Həsənovdan dinləyib yazıya köçürürük.

1992-ci il mayın 18-də daşnakların Sədərəyə hücumu daha genişlənmişdi.  Səhər 5-ə yaxın rus ordusunun əsgərləri ilə birlikdə dinc Sədərəyi güclü atəşə tutdular. 12 min əhalinin yaşadığı kənd səhəri döyüşlə qarşıladı. Qocalar, qadın və uşaqlar kənddən çıxarıldı. Günün birinci yarısınadək bir qadın və Milli Ordunun üç əsgəri şəhid oldu. 40 nəfərdən çoxu yaralandı. Naxçıvandan, Şərurdan, muxtar respublikanın digər bölgələrindən kömək gələnədək ermənilər mövqelərimizin bir neçəsini ələ keçirdilər. Hücum genişləndi. Lakin igid döyüşçülərimiz mərdlik göstərərək Ucubiz, Şeytan təpəsi postlarını geri almağa, düşmənin iradəsini qırmağa nail oldular. Bir-birindən qeyrətli oğullar canlarını Vətən yolunda qurban verirdi. Erməni təcavüzkarları uzaqvuran toplardan və “Alazan” tipli raketlərdən Şərurun bir sıra kəndlərini, rayon mərkəzini atəşə tuturdular. Sədərəkdə top mərmisinə tuş gəlməyən ev, səhiyyə ocağı, məktəb binası qalmamışdı. Toplardan və zirehli texnikalardan atılan mərmilərlə kəndin yolu, izi də tamam dağıdılmışdı. Həmin çətin günlərdə Heydər Əliyevin xalqa televiziya ilə müraciəti qədim diyarın qeyrətli oğul və qızlarını Vətəni daha cəsarətlə qorumağa səslədi. Döyüşlərdə qələbə, inam əzmi gücləndirildi. Sədərək döyüşlərində bütün Naxçıvan diyarının qeyrətli, qolu bükülməz oğulları mərdliklə vuruşurdular. Vüqarlı dağlarımızın ətirli çiçəkləri qana boyandı. Şəhid qanına. Amma gələcəyə ümidlə baxan naxçıvanlılar düşmənin qarşısında Əlincə qalası kimi möhkəm dayanmışdılar. Bu gün də işğalçı ölkə ilə cəmi bir neçə yüz metrdə yerləşən Sədərək rayonunun adı çəkiləndə qəlbində Vətən sevgisi, damarında azərbaycanlı qanı daşıyan hər bir kəsin xəyalında qəhrəman bir yurd canlanır. Qəhrəmanlığı, Əlincə duruşu ilə Dəmir qapı Dərbəndidir Sədərək  Dədə Qorqud yurdu Naxçıvanın.  Bir vaxt vardı kiçik bir kənd idi, indi isə duruşu, gözəlliyi ilə göz oxşayır. Həmin kiçik kənd olan illərdə onun adını, oğullarının qəhrəmanlığını bütün dünya duydu.

Həmin günlərin şahidi olan Fazil Zamanov da xatirələrini bizimlə bölüşür:

“Möcüzəyə bənzəyirdi yüzlərlə silahlı erməni hücumunun qarşısının əliyalın bir qrup könüllü tərəfindən kəsilməsi, amma biz bunu bacardıq. Naxçıvanlılar düşmənin qarşısında əyilmədilər. Sədərəyin daşı, torpağı yurdumuzun hər yerindən gələn igidlərin qanı ilə sulandı, amma bir qarışı belə düşmənə verilmədi. Səngərdə bir igid şəhid olurdusa, beşi onun silahına sarılır, səngərə can atırdı. Ağır silahlardan atılan mərmilər kəndi xarabaya çevirmişdi. Ötən əsrin 70-ci illərində salınan qəsəbə tamam dağıdılmış Ulu Öndərin göstərişi ilə inşa edilən şərabçılıq zavodu, əhalinin əsas dolanışıq mənbəyi olan gül istixanaları, üzüm plantasiyaları yerləyeksan edilmişdi. Elə gün olurdu ki, onlarla igid şəhid olurdu, yenə iradəsi sınmırdı naxçıvanlıların. Bu iradə Vətən sevgisindən, torpaq məhəbbətindən, ən əsası isə Ulu Öndərin yurdumuza qayıdışından güc alırdı və daha da böyüyürdü. Dahi rəhbərin gəlişi səngərdəki əsgərə də, evindən didərgin düşən Sədərək camaatına da güc və ümid verirdi. Onun döyüş mövqelərindəki oğullarla  və Dəhnə adlandırılan ərazidə çadırlarda yaşayan sakinlərlə görüşü hələ də yaddaşlardadır və qürurla xatırlanır. Həmin illərdə ermənilər ağzının payını alıb yerinə necə otuzdurulubsa, indi Naxçıvana tərəf baxmağa cürət belə etmirlər”. 

Bəli, həmin çətin günlərdə bütün Naxçıvanın ürəyi Sədərəkdə döyünürdü, nigaran baxışlar oraya dikilmişdi. Əli silah tutan hər kəsin Sədərəyə yollandığı həmin vaxtlarda hamının arzusu, duası bir idi: cəbhəyə gedənlərin sağ-salamat qayıtması və torpaqlarımızın, yenicə qazandığımız, hələ təzəcə daddığımız müstəqilliyimizin qorunması. Qanlı-qadalı döyüşlərdə xalq birliyi qeyrət qalasını qorudu. “Ermənilər Sədərəyə ancaq bizim meyitimizin üzərindən keçib gedə bilərlər”, – deyən oğulların qanı ilə suvarıldı Vətən torpağı, bir qarış torpaq düşmənə verilmədi. Ulu Öndərimiz Heydər Əliyevin ətrafında birləşən əhalinin sıx birliyi, Vətən təəssübkeşliyi, yurda bağlılığı Sədərəyi qorudu. Budur xalqımızın dəyanəti, budur vətənsevərlik, budur torpaq, yurd sevgisi. Həmin illərdə bunu təkcə mənfur ermənilər yox, bütün dünya gördü. Və bu həqiqət qədim Oğuz yurdu, adı dastanlara sirdaş olan Sədərəyə bir ad da qazandırdı – Naxçıvanın qeyrət qalası.  

                                       Ramiyyə ƏKBƏROVA

Nəşr edilib : 18.05.2025 10:00