“Bakı Enerji Həftəsi”: Azərbaycanın qlobal enerji gündəliyinə strateji töhfəsi
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında 13 iri neft şirkəti arasında Bakıda “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin dünya miqyasında siyasi və iqtisadi müstəqillik yolunda mühüm mərhələyə qədəm qoymasına zəmin yaratdı. Bu strateji razılaşma Azərbaycanın enerji sektorunun inkişafında yeni dövr açdı və ölkənin beynəlxalq enerji bazarına inteqrasiyasını sürətləndirdi. Nəticədə, Azərbaycan bu gün təkcə ənənəvi neft və qaz sahəsində deyil, həm də bərpa olunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji” istehsalı və ixracı istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir, bu sahədə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bu kontekstdə əsası müstəqil Azərbaycanın beynəlxalq ixtisaslaşmış sərgisi olan Xəzər Neft və Qaz Sərgisi ilə qoyulan və hər il keçirilən “Bakı Enerji Həftəsi” ölkəmizin enerji strategiyasında yeni perspektivlərin formalaşması və genişmiqyaslı əməkdaşlıqların qurulması baxımından mühüm platformaya çevrilib. Zamanla Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin bazasında formalaşan bu tədbir daha geniş məzmun, daha böyük iştirakçı coğrafiyası və artan strateji əhəmiyyət qazanıb. Hazırda o, təkcə sərgi formatı deyil, eyni zamanda qlobal enerji siyasətinin müzakirə olunduğu yüksək səviyyəli dialoq platforması kimi çıxış edir.
İyunun 1-də Bakı Ekspo Mərkəzində işə başlayan “Bakı Enerji Həftəsi” enerji sektorunda fəaliyyət göstərən nüfuzlu beynəlxalq və yerli şirkətləri, dövlət rəsmilərini və ekspertləri bir araya gətirərək qlobal enerji gündəliyində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır. Builki tədbir yeni iştirakçılar və milli pavilyonlar da daxil olmaqla 46 ölkədən 270-dən çox şirkəti əhatə edir ki, bu da Azərbaycanın enerji sektoruna artan beynəlxalq marağı və ölkənin uzunmüddətli strateji potensialına olan inamı aydın şəkildə göstərir. Prezident İlham Əliyev həftə çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edərək ölkəmizin enerji gündəliyinin prioritet istiqamətlərini, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın artan rolunu və beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. Dövlət başçısı, həmçinin ənənəvi enerji resursları ilə yanaşı, bərpa olunan enerji mənbələrinin inkişafının strateji əhəmiyyət daşıdığını qeyd edərək, Azərbaycanın bu sahədə həyata keçirdiyi layihələrin region və dünya üçün mühüm töhfə olduğunu bildirib.
Həftə çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst təbii qaz hasilatına başlanması mərasimi keçirildi ki, bu da Azərbaycanın enerji sektorunda yeni mərhələnin başlanğıcı və ölkənin qaz potensialının güclənməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir. Eyni zamanda SOCAR ilə bir sıra beynəlxalq şirkətlər arasında əməkdaşlığı genişləndirən sənədlər də imzalandı. Bu addım enerji sahəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.
“Əsrin müqaviləsi”ndən Cənub Qaz Dəhlizinə: Azərbaycanın uğurlu enerji yolu
Məlum olduğu kimi, Azərbaycanın müasir enerji inkişafı 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə yeni mərhələyə qədəm qoyub. Həmin dövrdə ölkə ciddi iqtisadi çətinliklər, siyasi qeyri-sabitlik, enerji çatışmazlığı və sosial problemlərlə üzləşmişdi. Elektrik və qaz idxalı, yüksək yoxsulluq səviyyəsi və məhdud investisiya imkanları fonunda təbii sərvətlərin beynəlxalq əməkdaşlıq çərçivəsində işlənməsi strateji çıxış yolu kimi müəyyən edilib. Bu qərar sonrakı onilliklərdə ölkənin iqtisadi modelini əsaslı şəkildə dəyişdirib. 1996-cı ilin iyun ayında imzalanan və 30 ili tamamlanan “Şahdəniz” qaz yatağı üzrə müqavilə Azərbaycanın qaz sənayesində yeni dövr açıb və ölkəni iri qaz ixracatçısına çevirib. Bununla paralel olaraq Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Supsa marşrutu və daha sonra Cənub Qaz Dəhlizi kimi layihələr regionun enerji xəritəsini dəyişdirib. Bu infrastruktur layihələri Azərbaycanı Xəzər regionu ilə Avropa bazarları arasında əsas enerji körpüsünə çevirib və enerji təhlükəsizliyində onun rolunu əhəmiyyətli dərəcədə artırıb. Respublikamız hazırda 16 ölkəyə mavi yanacaq nəqli həyata keçirir ki, onlardan 10-u Avropa İttifaqının üzvüdür. Təsadüfi deyil ki, Aİ tamamilə haqlı olaraq Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı adlandırır. 2007-ci ilin əvvəlindən etibarən 2026-cı ilin birinci rübünün sonunadək Cənub Qaz Dəhlizi vasitəsilə 196,5 milyard kubmetr “mavi yanacaq” ixrac olunub. Bunun da 58 milyard kubmetri Avropa bazarlarına çatdırılıb. Hazırda təbii qaza ciddi ehtiyac duyulduğunu nəzərə alsaq Azərbaycandan “mavi yanacaq” alan Avropa ölkələrinin sayının daha da artacağı gözlənilir.
Təkcə sonuncu “Bakı Enerji Həftəsi”ndən ötən bir il ərzində 4 yeni ölkənin respublikamızın müəllifi olduğu bu meqalayihəyə qoşulması Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyinin daha da möhkəmləndiyini və Avropanın enerji təhlükəsizliyində rolunun getdikcə artdığını göstərir. Prezident İlham Əliyev 31-ci “Bakı Enerji Həftəsi”nin açılışı mərasimində çıxışı zamanı bu məsələyə xüsusi toxunaraq, ixracat coğrafiyasının daha da genişlənəcəyinin mesajını verdi: “Bu gün Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Qeyd etdiyim kimi, biz sayı artmaqda olan ölkələri qazla təchiz edirik. Keçən il burada – “Bakı Enerji Həftəsi”ndə mən auditoriyaya məlumat verdim ki, Azərbaycan qazını 12 ölkə alır. Bu gün onların sayı 16-dır və onlardan 10-u Avropa İttifaqına üzv olan ölkələrdir. Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”.
Enerji siyasətində yeni mərhələ: iqtisadi gücdən yaşıl potensiala
Enerji sektorunun inkişafı ötən müddətdə ölkəmizin iqtisadi modelində fundamental dəyişikliklərə səbəb olub. Neft və qaz gəlirlərinin mərkəzləşdirilmiş şəkildə idarə olunması məqsədilə Dövlət Neft Fondu yaradılması nəticəsində bu vəsaitlər sosial-iqtisadi inkişaf layihələrinə yönəldilib. Nəticədə genişmiqyaslı infrastruktur quruculuğu həyata keçirilib, yollar, məktəblər, xəstəxanalar və enerji infrastrukturu yenilənib. Eyni zamanda yoxsulluq səviyyəsinin azalması, işsizliyin aradan qaldırılması və maliyyə sabitliyinin gücləndirilməsi müşahidə olunub. Xarici borcun idarə olunması daha sistemli xarakter alıb və valyuta ehtiyatları əhəmiyyətli dərəcədə artıb. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində çıxışı zamanı bu məqamları təhlil edərək Azərbaycanın mühüm iqtisadi nailiyyətlərindən biri kimi xarici borcun dünya üzrə ən aşağı səviyyələrdə olduğunu vurğulayıb. Sitat: “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də, təqribən, eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən, ümumi daxili məhsulun 6 faizindən çoxdur”.
Dövlət başçısının çıxışlarında da dəfələrlə qeyd etdiyi kimi, bu gün Azərbaycanın enerji siyasətində əsas prioritetlərdən biri bərpa olunan enerji mənbələrinin inkişafıdır. Qarşıdakı illərdə günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılması nəzərdə tutulur. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni hidroenerji obyektləri ölkənin enerji potensialının genişlənməsinə mühüm töhfə verir. Artıq bir sıra layihələr istismar mərhələsinə daxil olub. Gələn ilin sonunadək günəş və külək enerjisi üzrə ümumi gücün 2 giqavata çatdırılması, 2032-ci ilin sonunadək isə 8 giqavata yüksəldilməsi planlaşdırılır. Eyni zamanda Qarabağ və Şərqi Zəngəzurda 300 meqavatdan artıq hidroenerji gücünün istifadəyə verilməsi ölkənin enerji balansına əlavə imkanlar qazandırır. Bu potensial gələcəkdə neft və qaz ixracını tamamlayan mühüm enerji mənbələrindən birinə çevriləcək. Bununla yanaşı, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq enerji layihələri regionun enerji xəritəsinin yenidən formalaşmasında mühüm rol oynayır. “Qara dəniz Enerji Kabeli” və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan marşrutu üzrə quruda reallaşdırılacaq elektrik kabeli layihələri ölkəmizin Avropa ilə enerji əməkdaşlığını daha da gücləndirəcək. Həmin layihələr enerji ixracının şaxələndirilməsinə, regional inteqrasiyanın dərinləşməsinə və Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.
Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın enerji siyasətində nəqliyyat və logistika infrastrukturunun inkişafı da xüsusi əhəmiyyət daşıyır. Son illərdə Bakı–Tbilisi–Qars dəmir yolu, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafı ölkənin tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirərək onun qlobal ticarət sistemində mövqeyini daha da gücləndirib. Eyni zamanda, Orta Dəhlizin potensialını ciddi şəkildə artıracaq Zəngəzur dəhlizinin reallaşdırılması regionlararası iqtisadi əlaqələrin genişlənməsinə, yükdaşımaların daha səmərəli təşkilinə və logistika axınlarının optimallaşdırılmasına mühüm töhfə verəcək. Bu proseslər bütövlükdə Azərbaycanın geosiyasi əhəmiyyətini daha da yüksəldir. Beləliklə ölkə enerji resurslarından yalnız iqtisadi inkişaf amili kimi deyil, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi və regional sabitliyin möhkəmləndirilməsi baxımından strateji mexanizm kimi istifadə edir. Qonşu dövlətlərlə və daha geniş coğrafiyada formalaşan enerji tərəfdaşlığı isə regional inteqrasiyanı dərinləşdirir, qarşılıqlı etimadı gücləndirir və əməkdaşlıq üçün dayanıqlı zəmin yaradır.
Çoxsaylı iştirakçıların bir araya gəldiyi və qlobal enerji gündəliyinin əsas müzakirə mövzularının formalaşdığı “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji siyasətində əldə etdiyi nailiyyətləri nümayiş etdirən, eyni zamanda gələcək inkişaf prioritetlərinin müəyyənləşdirildiyi mühüm beynəlxalq platformadır. Bu tədbir ölkəmizin qlobal enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı strateji rolu, etibarlı tərəfdaş kimi formalaşan nüfuzunu və enerji sahəsində genişlənən əməkdaşlıq imkanlarını bir daha ortaya qoyur. Neft və qaz sektorunda əldə edilən uğurların bərpa olunan enerji layihələri ilə tamamlanması, nəqliyyat və logistika infrastrukturunun inkişafı, eləcə də yeni regional təşəbbüslərin həyata keçirilməsi Azərbaycanın dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərini təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl enerji siyasəti ölkənin iqtisadi qüdrətinin artmasına, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və regionun enerji xəritəsində aparıcı rolunun daha da güclənməsinə xidmət edir. Bu baxımdan, Bakı Enerji Həftəsi təkcə enerji sahəsində əməkdaşlıq platforması deyil, həm də Azərbaycanın gələcəyə yönəlmiş inkişaf modelinin və strateji baxışının ifadəsidir.
Nail ƏSGƏROV