NAXÇIVAN :

24 May 2025, Şənbə

Ekosistemə ciddi təhdid, bəşəri bəla - erməni ekoloji terroru

...

Ermənistanın 30 il ərzində Azərbaycana qarşı təcavüzü təkcə ərazi bütövlüyünün beynəlxalq hüquqa zidd şəkildə pozulması ilə məhdudlaşmayıb, həm də ümumbəşəri cinayətlərin törədilməsi, o cümlədən sağlam dünyanın təminatçısı sayılan ekologiyaya, ekosistemə sağalmaz yaraların vurulmasına səbəb olub. Təkcə bir neçə faktı qeyd etmək yetər ki, yaddaşlarda erməni ekoloji terrorunun miqyasının necə ölçüyəgəlməz səviyyədə böyük, ağlasığmaz dərəcədə dəhşətli olduğu haqqında kiçik təəssürat yaransın. Belə ki, monitorinqlər zamanı işğal dövründə Azərbaycan ərazilərində qızıl, civə, mis, qurğuşun, sink, kömür və digərləri daxil olmaqla, 163 faydalı qazıntı yatağı, həmçinin meşə örtüyü, nadir ağacların qanunsuz istismara məruz qalması müəyyən edilib. Qarabağ və ətraf ərazilərin 280 min hektardan çox meşə fondu, o cümlədən Avropada yeganə çinar meşəsinin əksər hissəsi, yaşı 120 ildən 2600 ilədək olan yüzlərlə ən qiymətli ağac – təbiət abidəsi vəhşicəsinə talan edilərək Ermənistana daşınıb və ya yarımfabrikat şəklində xarici ölkələrə satılıb. Bu başıpozuq toplum 30 il ərzində “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarını qarət ediblər. Eyni zamanda bu vandalizmin nəticəsi olaraq Bəsitçay və Qaragöl Dövlət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı Dövlət Təbiət yasaqlıqlarının ərazilərində olan qiymətli ağac və digər nadir biomüxtəliflik nümunələri məhv edilib.
İşğal müddətində ərazilərimizin başdan-başa mina ilə çirkləndirilməsi insan tələfatı ilə paralel, həm də ətraf mühitə, flora və fauna ehtiyatlarının da məhvinə yol açıb. Bütün bu terror aktlarını qorxmadan, çəkinmədən törətməklə qarşı tərəf BMT-nin bir sıra konvensiyalarına məhəl qoymadığını açıq şəkildə bəyan edib. Azərbaycan uzun illər ciddi fəsadlara yol açan bu dəhşətli ekoloji terrora qarşı beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyinə ümid etsə də, təəssüf ki, nəinki bununla bağlı cəza tədbirləri görülüb, hətta bəzi xarici şirkətlərin də bu bəşəri cinayətdə iştirakı, əli olub... 
2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Ermənistanın bütün cinayət əməlləri kimi, ekoloji terrorunun da əyani şəkildə ifşasına yol açıb. Ölkəmiz bu sahədə təbliğatı hər ötən gün daha da gücləndirir, Ermənistanın törətdiyi beynəlxalq konvensiyalara zidd hərəkətlər sübutlu şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Ekoloji etiraz aksiyaları keçirilir, xarici diplomatların, turistlərin Qarabağa səfərləri təşkil olunaraq 30 illik vandalizm aktlarının yaratdığı fəsadlar yerindəcə qonaqlara göstərilir, izah edilir. Ötən dövrdə ATƏT-in Parlament Assambleyasının iclaslarında bu məsələnin müzakirəyə çıxarılması dünya ictimaiyyətinin diqqətini hayların törətdiyi ekoloji terrora yönəldib. Eyni zamanda Azərbaycan Ermənistanın bütün vandalizm aktlarına, beynəlxalq konvensiyaları kobud şəkildə pozduğuna görə ədalət qarşısında cavab verməsi üçün Beynəlxalq Ədalət Məhkəməsinə verib, qarşı tərəfin məsuliyyətə cəlb edilməsi, ölkəyə və xalqa dəymiş ziyanın ödənilməsi istənilib. Ölkə Prezidenti İlham Əliyev müxtəlif beynəlxalq tədbirlərdə, siyasi platformalardan bu barədə Azərbaycanın haqq səsini eşitdirir. Bu baxımdan, Vətən müharibəsindən sonra daha dəqiq desək, 2021-ci il fevralın 14-də Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində ağaclar əkdikdən sonra dediyi fikirlər dünyaya erməni ekoloji terroru barədə mühüm əyani mesajlardan olub: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi. Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı, təqribən, 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik”. Qalib lider bu mesajı ilə bir daha dünyaya bəyan etdi ki, gözünüzü yaxşı-yaxşı açıb 30 ildir, “məzlum”  donunda göstərməyə çalışdığınız toplumun hansı vəhşiliklərə qadir olduğunu görün. Və o da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı ki, biz bu torpaqların, təbii sərvətlərin əsl sahibləriyik, dağıdan deyil, qurub yaradan, bərpa edən xalqıq. 
Ermənistanın ekoloji terrorunun miqyası təkcə meşələrin, ağacların məhvi ilə bitmir, su hövzələrinin kütləvi surətdə zəhərlənməsini də əhatə edir. Belə ki, qərb qonşumuz regionun su ehtiyatlarını da çirkləndirir və eyni zamanda su ehtiyatlarını siyasi təzyiq vasitəsinə çevirir, Oxçuçayın, Zəngiçayın ekoloji tarazlığını pozurlar. Nəzərə alsaq ki, Oxçuçay Cənubi Qafqazın ikinci böyük çayı sayılan Araza tökülür, Araz isə Kürə qovuşmaqla ən sonda Xəzər dənizinə axır, o zaman ermənilərin törətdiyi bu terrorun miqyasının nə qədər böyük olduğunu təsəvvür etmək çətin deyil. Bundan başqa Ermənistanın bütün regionu təhdid altında saxlayan, istismar müddəti çoxdan bitmiş Metsamor atom elektrik stansiyası da vardır ki, bu stansiyadan çıxan tullantılar da Araza axıdılır. Beləliklə, transsərhəd çaylarına radioaktiv tullantıların axıdılması həm də, ümumilikdə, regionun ekosidini təhdid altına alır. Ümumiyyətlə, araşdırmalar göstərir ki, hər il Ermənistandan keçən 350 milyon kubmetr su kimyəvi maddələrlə çirkləndirilir. Bu, su hövzələrində yaşayan canlılar aləminə və suvarma üçün istifadə edilən təsərrüfatlara ciddi təhlükə yaratmaqla həm də sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Göründüyü kimi, bu gün heç nə olmamış kimi davranan, sülh danışıqlarından dəm vuran, özünü “sülh göyərçini” kimi beynəlxalq arenaya sırımağa çalışan qarşı tərəf transsərhəd çaylarını, xüsusilə də ölkə­miz üçün zəngin su ehtiyatına malik Araz çayını çirkləndirməklə bəşəri cinayətlərindən əl çəkməyəcəklərini bəyan edirlər. Azərbaycan bu məsələdə də ciddi narahatlığını bəyan etməklə Ermənistandan kiçik də olsa, müsbətə doğru addım gözləyir. Prezident İlham Əliyevin də dediyi kimi: “Transsərhəd çaylarla bağlı sessiyalar kimi kiçik addımlar atıla bilər, çünki bu məsələ Azərbaycanı ciddi narahat edir. Çünki Ermənistan Araz çayını çirkləndirir və yeri gəlmişkən, Azərbaycan istiqamətində Kür çayı məsələsi müvafiq şəkildə müzakirə olunmalıdır. Beləliklə, bütün bunların praktiki təsiri ola bilər. Bu kiçik addımlarla biz etimadsızlığı azaltmağa çalışa bilərik. Etimadı qurmaq üçün illər tələb olunur, lakin ən azından etimadsızlığı azaltmaq olar, biz buna hazırıq”.
Bəli, qərb qonşumuz vaxtilə o qədər qatı cinayətlər, vandalizm aktları törədib ki, bu etimadsızlıq birmənalı şəkildə ekologiyamıza, təbii sərvətlərimizə, sağlam mühitimizə vurulan ciddi ziyanlarla da əlaqəlidir. Bu gün ölkə­miz COP29 kimi beynəlxalq konfransa layiqli ev sahibliyi edib ciddi nəticələrə nail olmaqla, “yaşıl enerji” layihələri ilə milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə böyük töhfə verir. Ancaq göründüyü kimi, Ermənistan isə həmişəki ampulasındadır, beynəlxalq konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirmir, su ehtiyatlarımızı çirkləndirməyə davam edir, region üçün böyük nüvə faciəsi yarada biləcək Metsamor Atom Elektrik Stansiyasının istismarını dayandırmır. İnanırıq ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya, hərbi-siyasi iradə sayəsində torpaqlarımızdan erməni işğalçılığının kökü kəsildiyi kimi, Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə də dünya ekosistemini təhdid edən erməni ekoloji terroruna da düzgün hüquqi qiymət veriləcək və bu bəşəri bəlaya da son qoyulacaq.

Nail ƏSGƏROV
 

Nəşr edilib : 19.05.2025 14:15