NAXÇIVAN :

09 May 2026, Şənbə

Uşaqlar danışır, kim dinləyir?

img

Məktəb yalnız dərslərin keçirildiyi və biliklərin ötürüldüyü bir məkan deyil, həm də uşaqların şəxsiyyət kimi formalaşdığı, sosial münasibətləri öyrəndiyi və emosional inkişafdan keçdiyi mühüm bir mühitdir. Şagirdlər bu dövrdə müxtəlif çətinliklərlə qarşılaşa bilərlər: dərs yükü, müəllim və valideyn təzyiqi, dost münasibətləri, özünə inam problemləri və digər psixoloji gərginliklər onların gündəlik həyatına təsir göstərir. Belə hallarda məktəbdə fəaliyyət göstərən psixoloq şagirdlər üçün vacib bir dayaq rolunu oynayır. Psixoloq yalnız problemləri olan uşaqlarla deyil, bütün şagirdlərlə işləyərək onların psixoloji vəziyyətini izləyir, ehtiyac olduqda fərdi söhbətlər aparır və düzgün istiqamət verir. O, uşaqları diqqətlə dinləyərək onların hisslərini anlamağa çalışır, stress və narahatlıqların aradan qaldırılması üçün müxtəlif üsullar təklif edir. Bununla yanaşı, psixoloq müəllim və valideynlərlə də əməkdaşlıq edərək şagirdin inkişafına kompleks yanaşma təmin edir. Lakin bəzən belə sual yaranır: bütün məktəblərdə psixoloqlar varmı və onlar, həqiqətən, uşaqları yetərincə dinləyirmi? Bu məsələyə daha yaxından baxmaq və real vəziyyəti öyrənmək üçün Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin psixoloqu Günel Əbilova ilə həmsöhbət olduq.

– Məktəbdə psixoloq olmaq realda nə deməkdir: dəstək verən mütəxəssis, yoxsa formal bir vəzifə?

Məktəbdə psixoloq olmaq heç də formal bir vəzifə deyil və olmamalıdır. Əslində, məktəb psixoloqu uşağın məktəb həyatında görünməyən, amma çox vacib dayaqlardan biridir. Psixoloq yalnız problem yarananda müraciət edilən biri deyil, həm də uşağın emosional inkişafını izləyən, müəllim və valideynlərlə birlikdə uşağın sağlam psixoloji mühitdə böyüməsinə kömək edən mütəxəssisdir. Real işdə psixoloq bəzən dinləyən bir dost, bəzən istiqamət verən məsləhətçi, bəzən isə müəllim və valideyn arasında körpü rolunu oynayır. Uşağın davranışındakı kiçik dəyişiklikləri vaxtında görmək və bunun səbəbini anlamaq çox vaxt böyük problemlərin qarşısını ala bilir. Ona görə də məktəb psixoloqunun rolu formal deyil, əksinə, məktəbin sağlam mühitinin formalaşmasında əsas sütunlardan biridir.

– Bu gün uşaqlar ən çox nədən yorulur: dərsdən, təzyiqdən, yoxsa anlaşılmamaqdan?

Bu gün uşaqların yorğunluğu yalnız dərslərin çoxluğu ilə bağlı deyil. Ən böyük yorğunluq çox vaxt təzyiq və anlaşılmamaq hissindən yaranır. Uşaq yalnız dərs yükündən deyil, həm də daim yüksək nəticə gözləntisindən, müqayisələrdən və bəzən dinlənilməmək hissindən yorulur. Valideyn və müəllimlərin yaxşı niyyətlə qoyduğu tələblər bəzən uşağın daxili ehtiyacları ilə üst-üstə düşmür. Uşaq öz hisslərini ifadə etməkdə çətinlik çəkəndə və ya onu, həqiqətən, anlayan birini tapmayanda bu yorğunluq daha da dərinləşir. Mənim müşahidəmə görə, uşaqların ən çox ehtiyac duyduğu şey yalnız istirahət deyil, həm də dinlənildiklərini və başa düşüldüklərini hiss etməkdir.

– Bir psixoloq kimi sizi ən çox çıxılmaz vəziyyətə salan hal nə olur?

 Bir psixoloq üçün ən çətin və çıxılmaz hiss olunan hallar, adətən, uşağın probleminin aydın olduğu, lakin böyüklərin bunu qəbul etmək istəmədiyi vəziyyətlərdir. Bəzən uşaq açıq şəkildə kömək siqnalları verir, amma valideyn və ya mühit bu siqnalları görməzdən gəlir və ya problemi kiçiltməyə çalışır. Belə hallarda psixoloq yalnız uşaqla deyil, həm də böyüklərin düşüncə və yanaşmaları ilə işləməli olur ki, bu da prosesi çətinləşdirə bilər. Bununla belə, hər bir vəziyyətdə ümid qalır. Kiçik dəyişikliklər belə böyük nəticələrə gətirib çıxara bilir. Psixoloqun əsas vəzifəsi də məhz bu ümid xəttini qorumaq və uşağın ehtiyaclarının görünməsinə kömək etməkdir.

Psixoloqun fikirləri göstərir ki, məktəb mühitində uşaqların psixoloji vəziyyəti düşündüyümüzdən daha həssasdır. Lakin nəzəri yanaşmaların arxasında real hisslər, real qorxular və susulan fikirlər dayanır. Bu mənzərəni daha yaxından görmək üçün Naxçıvan şəhər Cəmşid Naxçıvanski adına 11 nömrəli tam orta məktəbin 9c sinif şagirdi Duyğu Şahbazovaya suallarımızı ünvanladıq.

– Məktəbdə heç psixoloqa müraciət etmisinizmi?

Bəli, bir dəfə psixoloqa müraciət etmişəm. Əsasən, dərslə bağlı stres yaşadığım bir vaxt idi və özümü bir az gərgin hiss edirdim. Psixoloqla söhbət edəndə başa düşdüm ki, hisslərimi demək və kiminsə məni dinləməsi, həqiqətən, rahatladır. O vaxtdan sonra psixoloqa müraciət etməyin düzgün bir şey olduğunu düşünürəm. Bəzən insanın köməyə ehtiyacı olur.

– Əgər probleminiz olsa, bunu kimə deyirsiniz: müəllimə, valideynə, yoxsa heç kimə?

Əgər problemim olsa, adətən, əvvəl valideynlərimə deməyə çalışaram. Çünki düşünürəm ki, onlar məni daha yaxşı anlayır və mənim üçün narahat olurlar. Bəzən isə məktəbdə olan problemlərlə bağlı müəllimimlə də danışa bilərəm. Amma elə hallar olur ki, insan əvvəlcə bir az özündə saxlayır və sonra kiməsə deməyə qərar verir. Məncə, problemi heç kimə deməmək düzgün deyil, çünki danışanda insan özünü daha yüngül hiss edir.

Günay HACIYEVA

DAHA ƏTRAFLI