Cəbrayıl rayonunun Soltanlı kəndində “Şəfəq” yarım...
18:06 09.05.2026
0
0
0
NAXÇIVAN :
09 May 2026, Şənbə
Bəzən tarix kitabları döyüş meydanlarını yazır, amma o meydanların arxasında səssiz bir cəbhə olur – əlləri ilə savaşan, ürəyi ilə dayanan insanlar… Tənənəm kəndində doğulan Leylan Cəfərova ilə söhbətimiz də məhz o səssiz qəhrəmanlığın izinə düşmək oldu. “Mən əlimə silah almamışam”, – deyə nənə söhbətə sakit, amma qətiyyətli bir səslə başlayır. Amma biz də müharibənin içində idik. arxa cəbhədə. Onun “arxa cəbhə” dediyi yer, əslində, bir kəndin ürəyi idi. Qadınlar, qocalar, uşaqlar bir yerə yığışar, gecə-gündüz demədən əsgərlər üçün corab, şərf, köynək toxuyardılar. Hər ilmədə bir ümid, hər sapda bir dua gizlənərdi. Nə bacarırdıqsa, edirdik deyir. Yemək bişirirdik, azuqə hazırlayırdıq, bağlamalar bağlayıb cəbhəyə göndərirdik. Kənd bir nəfər kimi idi. Müharibə yalnız cəbhədə deyil, kəndlərdə də iz qoyurdu. Gedənlərin hamısı geri dönmürdü. Nənənin səsi bu yerdə bir az titrəyir: “Qohumlarımız, tanışlarımız getdi, çoxu qayıtmadı. O vaxt kimsə gəncdir, qocadır demədi hamı getdi”.
O illər yoxsulluqla da sınağa çəkilmişdi. 1945-ci ildən sonra həyat yavaş-yavaş dəyişsə də, əvvəlcə ağır günlər yaşanmışdı. Kasıbçılıq vardı, amma dövlət də, xalq da bir-birinə dayaq oldu. Heç kim tək deyildi.
Onun yaddaşında qalan ən canlı xatirələrdən biri isə kolxoz həyatı ilə bağlıdır: minlərlə heyvan vardı. Süd sağılır, əsgərlərə, əhaliyə paylanırdı. O səhnə gözümün qabağından getmir. Birdən üzündə qəribə bir təbəssüm yaranır. Sanki o illərin içindən bir işıq süzülür: şəhər alındığını eşidəndə bizi dağlara çıxarırdılar. “Urra!”– deyə qışqırırdıq. O sevinc, o hiss tam başqa idi.
Nənənin xatirələri yalnız ağrıdan ibarət deyil. Onun yaddaşında həm də dirəniş, həm də birlik və ümid var. Atasından danışanda bunu daha aydın hiss edirsən: “Atam 60 yaşında idi. Yenə də getdi. Bir il yarım dənizdə qalıb balıq tuturdu əsgərlərə, camaata göndərirdi”.
Söhbətin sonunda ona bir sual verirəm: “O günlərdən unutmadığınız bir an hansıdır?” Bir az susur. Sonra yavaş səslə deyir: “O günləri xatırlamaq istəmirəm… Xatırlayanda sanki yenidən qocalıram. Amma bu günə baxanda… özümü cavan hiss edirəm”.
Bir az fasilə verir, sonra əlavə edir: “İndi şükür, Azərbaycan bütövdür. Nə istəyirsən, tapırsan. Bu günlər ağrısızdır”. Bu sözlər təkcə bir nənənin düşüncəsi deyil. Bu, zamanın süzgəcindən keçmiş bir həqiqətdir”.
Arxa cəbhədə silah tutmayan əllər vardı, amma o əllər bir xalqın taleyini toxuyurdu. Leylan nənənin xatirələri də bizə bunu xatırladır: qələbə yalnız səngərdə deyil, ürəklərdə qazanılır.
Günay HACIYEVA
Digər xəbərlər