NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Zəfərin səsi, şəhidlərin izi

...

Bizim işimiz haqq işidir 

Dünya yaranandan, tarix bəlli olandan aylar günlər öz yerini tutandan, saatlar dəyişib gecə-gündüz olandan hər il gəlirdi o gün: 27 sentyabr. Adi bir gün idi: günəş doğulur, bəzən isə yağış yağırdı, sadə, sakit günlərdən biri kimi keçirdi yüz illərdir, həmin tarix. Ta ki həmin səhərə kimi... Həmin səhər hələ dan ulduzu görünməmiş, azan səsi duyulmamış, günəş dağların ardından boylanmamış Azərbaycan torpağında yerlə göy birləşdi sanki. Azərbaycan əsgəri dilində Vətən nəğməsi, könlündə Qarabağ yanğısı, ürəyində düşmənə nifrət hissilə döyüşə atıldı. Azərbaycanın bir qaranlıq payız gecəsinin sabahı igid oğullarımızın günəş kimi parlayan qəhrəmanlıqlarının şəfəqləri ilə açıldı. Qəlbi Vətən eşqi ilə döyünən igid oğullarımız öz canları bahasına üçrəngli bayrağımızı azad edilmiş torpaqlarımıza sancdığı saatlarda Azərbaycan xalqının gözü televiziya ekranında, qulağı səsdə idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətindəki hər söz, hər cümləni əzbərləyir, ürəyimizə həkk edirdik. Biz bu sözləri “Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” eşitmək üçün 28 ildir, səbirsizliklə gözləmişdik axı. Axı O, Prezident seçiləndə xalqa söz vermişdi Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyinə. Və budur, həmin vaxt çəlib çatmışdı. Ali Baş Komandan Ulu Öndərin vəsiyyətini yerinə yetirmək yolunda qələbəyə doğru xalqı ilə birlikdə ilk addımını atırdı. Vaxtilə Naxçıvanda əsası qoyulan Milli Ordu “Müzəffər” adını qazanmaq üçün Murovun qarlı aşırımlarını aşır, torpağımızı ovuc-ovuc azad edirdi.

    Belə Vətən sevgisi görən olmamışdı

Bu 44 gün ərzində dünya cəbhə xəttində olmayan yaşayış məntəqələrində dinc əhaliyə hücum edən və elan olunmuş atəşkəs rejimini ardıcıl olaraq pozan Ermənistan və öz ərazilərini, yaşayış məntəqələrini bir-bir işğaldan uğurla azad edən Azərbaycan gördü, qəhrəman övladın Vətənini necə sevdiyinə şahid oldu. Həmin səhər cəbhəboyu mövqelərimizə düşən mərmilərin səsi təkcə Azərbaycana yox bütün dünyaya yayıldı. İllərdir, sakit dayanıb bir milyon qaçqının qışın soyuğunda, yayın istisində dəmir vaqonlarda necə yaşadığı ilə maraqlanmayan böyük və “ədalətli” dünya dövlətləri araya girib “Müharibəni dayandırın”, – deyəndə oğulları şəhid olan analar Ali Baş Komandana “Döyüşək, azad edək torpağımızı, dayanmasın müharibə” teleqramı vurdu. Cəbhə bölgəsindən uzaqda yaşasa da, düşmən mərmisinə tuş gələn, evindən yaralı vəziyyətdə çıxan Azərbaycan qadını “Evim, varım-dövlətim Azərbaycan əsgərinin saçının telinə qurban olsun, ta ki onlar sağ olsun, Şuşaya bayraq sancsın”, – deyib düşmənə gözdağı verdi. 
Şəhid oğulları son mənzilə yola salan avtomobillərin önünə gül səpən analar, əsgər kalonlarının keçdiyi yolların ətrafında toplaşıb maşınları dayandırıb onlara pay tutan insanlar, qocalıq məvacibi ilə əsgərə pay tutan ahıllar hər kəsin arzusu bir idi: nə olursa olsun, qələbə qazanaq. Öz yurdumuza qovuşaq. Çünki bu müharibə təkcə torpaqlarımızı azad etmək üçün başlayan əks hücum deyildi, həm də 200 ildir, parçalanan, yarımcan edilən Azərbaycan torpağının hər balasını bir təpədə itirən anaların, işğalda olan torpaqlarda düşmən tapdağında dolaşan narahat ruhların, itkin şəhidlərin qisasını almaq uğrundakı ədalət yürüşü idi. İllərdir, zülüm çəkdirilən bir xalqın qoca dünyanın ədalətsizliyinə verdiyi cavab idi. 

    Səndən ötrü can verməyə cümlə hazırıq

Biz həmin günlərdə Dövlət Himnindəki bu sözlərin əməldə də şahidi olduq. 44 gündə təkcə əsgəri ilə deyil, bütün xalqı ilə birlikdə döyüşdü Azərbaycan Ordusu. Gəncədə qadağan olunmuş silahların xarabaya çevirdiyi binaların altından üz-gözü qanlı, yaralanmış vəziyyətdə çıxarılan balaca Bəxtiyarın gülən üzündən, iki balasını Vətənə qurban verən ananın məğrur duruşundan, şəhid qardaşının məzarına torpaq atıb, şəhid həyat yoldaşının hərbi papağını başına geyinib bayrağa sarılmış tabutunu çiynində daşıyan gəlinin cəsarətindən güc alaraq döyüşdü. İşğaldan azad edilən Cəbrayılda, Füzulidə, Zəngilanda ucalan şanlı bayraq döyüşə gəlmək üçün növbə gözləyən mülki Azərbaycan vətəndaşının çiynində şəhidi dağ yuxarı qaldıran oğullara güc verdi. Azərbaycan xalqı 44 gün ərzində təkcə Ali Baş Komandanı, ordusu, həkimi ilə deyil, müəllimi, təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürən təqaüdçüsü, illik ruzisini əsgərlərə bağışlayan kəndlisi ilə də tarix yazdı. 

    Şuşasız işimiz yarımçıq olar

Həmin gündən hər bir azərbaycanlının gözü yolda, qulağı səsdə qaldı. Ali Baş Komandanın xalqa müraciəti səbirsizliklə gözlənildi. İlk müjdələnən Suqovuşan, qələbə şəhəri Cəbrayıl, sonra Füzuli, Zəngilan, Qubadlı, Hadrut oldu. Hamının gözü Şuşada idi. Müzəffər Sərkərdə də deyirdi axı: “Şuşasız işimiz yarımçıq olar”. Və həmin gün gələndə bütün dünya şahid oldu bu xalqın gücünə. Keçilməz dağları Vətən sevgisi ilə aşan, sıldırım qayalara şəhidi çiynində qalxan Azərbaycan əsgərinin cəsarəti, Vətən sevdası dillərə dastan oldu. Həmin şanlı gün gələndə bu xalqın sevinci dünyaya sığmadı. Ata vəsiyyətini yerinə yetirən oğul olmaq şərəfini qazanan Ali Baş Komandan müjdəni xalqına Şəhidlər xiyabanında verdi. Və 8 noyabr “Zəfər Günü” kimi tarixə yazıldı. Bir gün sonra Azərbaycan Respublikasının 9 Noyabr – Bayraq Günündə düşmənin qəddi sındı. Təslim olan Ermənistana döyüş meydanında dərs keçən Ali Baş Komandan hərb meydanındakı qələbəni siyasi masada da qələbəyə çevirdi. Ağdam, Laçın, Kəlbəcər bir güllə atılmadan, bir şəhid verilmədən azad edildi. 
Bu müharibədə qazanılan zəfər təkcə öz tariximizi yox, həm də regionun və dünyanın tarixini yenidən yaratdı. Postsovet məkanında 1945-ci ildən sonra keçirilən ilk Qələbə paradına da biz imza atdıq. Hamı gördü ki, bu xalq torpaqlarının işğalına 30 il səbir edə bilər, amma bununla barışa bilməz. Bütün dünyanın gözü 44 gün Azərbaycanda qaldı. Onlar oğullarımızın igidliyindən, qəhrəmanlığından danışdı: “Belə döyüş, belə dövlət, belə Vətən sevgisi görən olubmu? Azərbaycan əsgəri dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə, qan-tər içərisində qalxırdı. Nə yaralını, nə öləni əldən buraxırdılar. Budur vətənpərvərlik! Budur Vətən sevgisi! Budur torpağa bağlılıq!” 

    Tapşırıq yerinə yetirildi

Tarixin bütün dövrlərində xalqına, dövlətinə sədaqətlə xidmət edən hər bir liderin ən böyük arzusu kürsüdə xalqa verdiyi sözləri yerinə yetirə bilmək xoşbəxtliyinə nail olmaqdır. Qələbə qazanıb Müzəffər Sərkərdə olmaq isə çox liderə qismət olmayıb. O bu şərəfə layiq olmaqla bərabər ömrünü xalqına həsr edən atasının da vəsiyyətini yerinə yetirərək Azərbaycan tarixinə adını qızıl hərflərlə yazıb Azərbaycan tarixinin, torpağını xilas edən və bütöv, suveren Azərbaycanın ilk Prezidenti oldu. Ata vəsiyyətini yerinə yetirib 30 ildir, həllini gözləyən bir problemi cəmi 44 gündə həll edib Müzəffər Komandan adını qazandı. Onun “dəmir yumruğ”u düşmənin başında ildırım kimi çaxıb onu pərən-pərən saldı. Tarix bu xalqın necə qəhrəman bir xalq olduğuna şahid olanda, bütün dünya Azərbaycan əsgərinin cəsarəti qarşısında heyrətə gələndə, Şuşada, Xankəndidə zəfər himni səslənəndə, şəhid anası “Oğlumun bəy paltarı uğrunda canından keçdiyi bayrağıdır”, sözlərini eşidəndə vaxtilə “Qarabağ Ermənistandır nöqtə”, – deyən, evi, yurdu-yuvası olmayan kiminsə vassalı kimi yaşayan bir köçəri tayfanın nümayəndələrinə baxıb “Siz haradan bilərdiniz ki, nöqtədən sonra nida var və onun gücü fikri bitirmir, qələbəyə, alqışa çevirir”, – dedik. 

    Vətən sağ oldu, Vətən sağaldı 

Vətən sağ oldu. 44 gündə 28 ildir, qanayan yara sağaldı. Şəhidlərin torpağa axan qanı ilə yoğrulub sağaldı. Analar, atalar candan əziz balasını torpağa tapşırıb, tabuta sarılıb gələn bayrağı bağırlarına basanda 44 gündə hər şəhid torpağa tapşırılanda “Vətən sağ olsun”, – dedi. Yarası sağalan torpaq isə şəhidini bağrına basdı ona əbədi ana olmaq üçün. Həmin gündən Şuşa deyəndə Ümidlər, Adillər, Vüsallar yada düşdü, Laçın deyəndə Əliləri, Zəngilan deyəndə Xudayarları, Turqutları, Füzuli deyəndə Elməddinləri, Mərhəmətləri canını Vətənə qurban edən şəhidləri xatırladıq. Artıq beş ildir ki, Zəfərin səsi eşidiləndə, şəhidlərin nəfəsi ilə bütöv Azərbycanın başı üstündə dalğalanan bayrağı görəndə Vətən sağ oldu, qəhrəman oğullar, sizin güllə dəyən sinənizdən axan qan Vətənin illərdir, nəfəssiz qalan ürəyinə can verdi, Qarabağda qopan əllər illərdir, taqətdən düşən qollarına Vətəndən bərk-bərk yapışmağa güc, torpağa qarışan ayaqlar yeriməyə təpər verdi, qaranlığa qərq olan gözlər 30 ildir, işığa həsrət qalan gözlərinə nur oldu, – dedik. 
Torpaq, Vətən olan oğullar, biz sizi heç vaxt unutmayacağıq, bu xalq sizi heç vaxt yaddan çıxarmayacaq, Xocalıda anasının bətnində öldürülən körpə, tapdaqdan qurtardığınız Vətən torpağı, Şuşada açan xarıbülbül çiçəyi, adsız və kimsəsiz məzarda yatan beşyaşlı qızın ruhu, bütöv Vətən, qalib Azərbaycan sizi daim minnətdarlıqla anır, torpağı öz qanı ilə yoğurub Vətən edən oğullar. Biz sizi təkcə 27 sentyabrda deyil, hər nəfəs alışımızda anırıq; hər səhər Qarabağın azad səmasından boylanan günəşi, gecələri nura qərq edən ayı görəndə. 

Ramiyə ƏKBƏROVA 

Nəşr edilib : 27.09.2025 00:15