NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

“Zəfərin ruhunda birləşənlər” adlı layihə həyata keçiriləcək

...

15-16 sentyabr 2025-ci il tarixlərdə Türkiyə Respublikasının İğdır şəhərində “Zəfərin ruhunda birləşənlər” adlı layihə həyata keçiriləcək. “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyi və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Birliyini Yaşatma Dərnəyinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasından olan şəhid ailələri və qazilər, həmçinin qardaş Türkiyənin şəhid ailələri və qaziləri 16 sentyabrda İğdır şəhərində görüşəcəklər. Bu məqsədlə bir neçə şəhid ailəsi üzvü və qazi qardaş ölkəyə yola düşüb . 

İştirakçılar şəhərin tarixi və mədəni irsi ilə tanış olacaq, həmçinin əsaslı yenidənqurma işləri aparılan Heydər Əliyev parkında “Bir millət-iki dövlət” devizi altında şəhidlərin əziz xatirəsinə ağacəkmə aksiyasında iştirak edəcəklər.

Vətən müharibəsindəki zəfərin 5 illiyinə həsr olunan layihənin məqsədi Azərbaycan və Türkiyə arasında ortaq milli-mədəni dəyərlərin təbliği, şəhid ailələri və ictimaiyyət nümayəndələri arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsidir. Eyni zamanda layihə Türk dünyasında birgə fəaliyyətin təşviqi, sosial dəstək mexanizmlərinin inkişafı və qazilər ilə şəhid ailələri arasında təcrübə mübadiləsi vasitəsilə qardaşlıq və həmrəyliyin gücləndirilməsinə xidmət edir. Belə tədbirlər Türk dünyası xalqları arasında ortaq dəyərlərin qorunması və birliyin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bəxtiyar ƏLİYEV

“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin mətbuat katibi

Nəşr edilib : 15.09.2025 16:56