Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Otuz ilə yaxın bir həsrət… Bu illərdə sanki torpaq da nəfəsini içinə çəkmişdi. Dağlar susurdu, çaylar sükuta qərq olmuşdu, xarıbülbül sanki daha açmaq istəmirdi. Hər daşın, hər ağacın içində gizlənmiş bir fəryad vardı: “Mən əsirəm, amma ümidlərim ölməyib”. O fəryadı Azərbaycan əsgəri eşidirdi... Silahın səsindən əvvəl eşidirdi; torpağın fəryadını duyurdu... Ona görə də Vətən çağıranda hər bir əsgər ayağa qalxaraq qanını, canını, gəncliyini, gülüşünü bircə kəlmə üçün fəda etdi: “Torpaq!” Bəli, bu Zəfər, sadəcə, bir ordunun qələbəsi deyil. Bu Zəfər daşların, qayaların, çinarların qələbəsidir. Əsir torpağın azad nəfəsi, əsarətdə böyüyən çiçəklərin göz yaşıdır. İllərlə lal qalan dağlar indi danışır: “Mən azadam!”
İllərlə dünyaya sual ünvanladıq: “Haqq haradadır? Ədalət nə vaxt gələcək?” O suallar cavabsız qalırdı. Dünya susurdu, beynəlxalq tribunalardan, sadəcə, boş bəyanatlar gəlirdi... Və bir gün Azərbaycan özü cavab oldu. Ədalətin səsi bayrağın Şuşada dalğalanması idi. Haqqın səsi əsgərin addımı idi. Zəfər Günü bizə öyrətdi ki, heç kim bizim haqqımızı bərpa etməyəcək. Heç bir yad əllər torpağımızı bizə qaytarmayacaq. Biz öz gücümüzə, öz birliyimizə arxalanaraq torpağı geri almalıydıq və aldıq! Şuşa azad ediləndə külək başqa əsdi. Dağların sinəsindən elə bir səs yüksəldi ki, sanki xarıbülbül qulağımıza dedi: “Mən azadam!” Şuşa Qarabağın ürəyi idi, əsir ürək azad olanda bədən də dirildi. Cıdır düzündə əsgərin ayaq səsləri əks-səda verəndə, o an tarix geri dönüb baxdı. Vaqifin ruhu güldü, Bülbülün səsi yenidən dağlara yayıldı, Natəvanın gözləri yaşardı. Çünki Şuşa təkcə şəhər deyildi, millətin qəlbinin döyüntüsü idi. Bir anlıq düşünək: illərlə yad əllərdə olan Şuşa qalası yenidən öz sahiblərinə qayıdanda, yalnız daş divarlar yox, tarix də dirildi. Bu qələbə, sadəcə, bir coğrafiyanın deyil, bir millətin ruhunun qurtuluşu idi.
Döyüşlər gedərkən səngərdə əsgərin əli silahda, anasının əli isə səcdədə idi. Bir millət sanki eyni ürəklə döyünürdü. O günlərdə hər evdə dua vardı, hər qəlbdə ümid, gözlərdə həyəcan. Əsgər ön cəbhədə vuruşurdu, arxa cəbhədə isə xalq bütün varlığı ilə əsgərin yanında idi. Bir-birindən xəbəri olmayan minlərlə insan eyni anda eyni söz deyirdi: “Qarabağ Azərbaycandır!” Bu birlik Zəfərin möcüzəsini yaratdı. Bu gün hər kəs əminliklə deyə bilər: dövlət, xalq və ordunun vəhdəti hər cür divarı yıxa bilir.
Bu gün azad edilmiş torpaqlarda həyat yenidən başlayır. Köçkün illərlə həsrət qaldığı kəndinə dönür. Uşaqlar yeni məktəblərdə təhsil alır, analar evlərinin ocağında çörək qoxusunu hiss edəcək və edir, babalar çinar kölgəsində nağıl danışacaq və danışır. O torpaqlarda böyüyən hər körpə artıq əsirlik hekayəsi eşitməyəcək. Onların ilk sözləri “qaçqınlıq”, “didərginlik” olmayacaq. Onlar öz Vətənlərində böyüyəcək, öz torpaqlarında güləcək, öz yurdlarında toy edəcəklər. Bu, Zəfərin möcüzəsidir. Hər yeni tikilən ev, hər bərpa olunan kənd, hər salınan yol şəhidlərin ruhuna ən böyük dua, xalqımızın qəlbində ən böyük təsəllidir.
8 noyabr təkcə bir tarix deyil, xalqın yaddaşına həkk olunmuş əbədi anddır. Bu andı unutmaq olmaz, çünki şəhidlərin qanı ilə yazılıb. Hər yeni nəsil bilməlidir ki, bu torpaq, sadəcə, coğrafiya deyil, şəhidlərin qanı, anaların gözyaşı, qazilərin yarası ilə möhkəmlənmiş müqəddəs Vətəndir. 8 Noyabr – Zəfər Günü. Məhz bu gün Azərbaycan xalqı başı dik, alnıaçıq şəkildə tarixə öz möhürünü vurdu. Hər zaman deyəcəyik: “Zəfər bizimdir, Qarabağ Azərbaycandır!”
Günay HACIYEVA
Digər xəbərlər