Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Beş il öncə soyuq bir payız günündə başlandı zəfər yürüşü. İgid Azərbaycan əsgəri illərdir, düşmən tapdağında haray qoparan torpağın hər qarışına can qurban verib irəli atıldı. 44 günün hər anı, hər saniyəsi Azərbaycan xalqının iradə, birlik və qəhrəmanlıq salnaməsinə çevrildi. Şanlı Qələbəmizin müəllifi olan igid oğullarımız, Vətənin hər qarışı uğrunda sinəsini sipər edən qəhrəmanlarımız bir an belə unudulmadı. Onlar heç vaxt unudulmayacaq, daim ehtiramla, böyük sevgi ilə xatırlanacaq. O günlərdə Azərbaycan Ordusu yalnız silah gücü ilə deyil, Vətən sevgisinin gücü ilə qalib gəldi.
Qələbənin sevincini, şəhidlərin igidliyinin qürurunu, qazilərin rəşadətini və bu torpağa dönən həyatın səsini özündə yaşadan beş il. Bu illər ərzində Qarabağ dirçəlir, azad torpaqlarda yeni həyat cücərir. Bu zəfər hərbi gücümüzlə yanaşı, həm də xalqımızın milli birliyinin, hər bir vətənsevər azərbaycanlının dövlətə sədaqətinin və Ali Baş Komandanın qətiyyətinin təntənəsidir. Biz bu gün şəhidlərimizin ruhu qarşısında baş əyərək onların bizə əmanət qoyduğu azad torpaqlarda əbədiyaşar Azərbaycanı qururuq. Bu yurd yerinin insanları üçün milləti millət edən ruhdur, xalqı bir amal ətrafında birləşdirən mənəvi sütundur, ən böyük dəyərdir, mənliyimizin, kimliyimizin ayrılmaz parçasıdır. Əcdadlarımızın nəsildən-nəslə ötürdüyü bu müqəddəs yurd sevgisi min illər boyu xalqımızı sınaqlardan keçirib, amma heç vaxt sarsıda bilməyib.
Hər daşında tariximizin izi, hər qarışında bir qəhrəmanın nəfəsi var. Vətən sevgimizin, sədaqətimizin, ruhumuzun yaşadığı ən ülvi məkan, ən müqəddəs ocaqdır. Bu gün biz torpaqlarımızın azadlığının ildönümünü qeyd etməyin qürurunu, sevincini yaşayırıq. Bilirik ki, qarşıda bizi daha qürurlu, daha fəxrli günlər gözləyir. Artıq bu eldə, bu obada “ayrılıq”, “hicran” sözləri unudulub. Çünki bu torpaq azaddır, bu xalq qalibdir. Və hər ilin bu fəslində zəfərin nəfəsi duyulur elə qələbə müjdəli, zəfər ətirli payız kimi!
Uşaqlıq illərimizdən bəri xəyalını qurduğumuz Şuşa, Laçın, Kəlbəcər və digər doğma torpaqlarımız bu gün azad nəfəs alır. Qarabağ həsrətinin sona yetdiyi həmin payız artıq bizim üçün milli dirçəlişin, qələbə ruhunun simvoludur. İndi o torpaqlara yenidən həyat qayıdır. Dağlar yenidən səslənir, çaylar yenidən nəğmə oxuyur. Bütün bunların arxasında isə bir həqiqət dayanır: bu zəfər şəhidlərimizin canı, qanı bahasına qazanılıb. Hər addımda, hər nəfəsdə onların izi, onların ruhu var. Qəlbimizin hər döyüntüsündə “Vətən” deyə çağırdıq, canımızla, qanımızla, inamımızla “azad və müstəqil Azərbaycan” idealına sarıldıq. “Biz müstəqil doğulduq, müstəqil yaşayacağıq, müstəqil öləcəyik”, – deyə and içdik. Qarabağda, qədim Şuşanın qayalarında, Kəlbəcərin sıldırım dağlarında, Xocalının qarlı yollarında yüzlərlə, minlərlə oğul canını torpağa əmanət qoydu.
Sevdası Vətən olanlar üçrəngli bayrağa bürünüb son mənzillərinə yola salındılar. Onlar müstəqilliyin qiymətini öz qanları ilə yazdılar tarixə. Bu gün qanlı-qadalı, gözü yaşlı günlərin yerini nur, səadət və zəfər alıb. İndi Vətən torpağının hər qarışı dirçəliş və yenidənqurmanın şahididir. Bütün bölgələrdə həyat qaynamaqdadır, tikinti, abadlıq, tərəqqi hər addımda özünü göstərir. Bu gün Qarabağ azaddır, Şuşa azaddır, Laçın azaddır! Ağdamın da, Xocalının da, Kəlbəcərin də sahibləri doğma yurdlarına qayıdırlar. Bəli, bu torpaqların azadlığı oğul, qardaş, ata, ömür-gün yoldaşı əvəzinə soyuq torpağı qucaqlayan anaların göz yaşları, yuxusundan atasının son baxışı ilə oyanan körpələrin həsrəti ilə yoğrulub.
Düz beş il əvvəl Şuşada dalğalanan o ay-ulduzlu bayrağımız bir millətin dirçəliş rəmzinə çevrildi. O bayraq 30 illik həsrətin, səbrin, birliyin, Vətən sevgisinin təcəssümüdür. Bu gün o zəfər günəşi hər bir dağımızı, hər bir kəndimizi, hər bir ocağımızı işıqlandırır. Azadlıq günəşinin şəfəqləri doğma elindən, obasından uzaqda yaşamağa məcbur olmuş insanların qəlbində yeni ümid, yeni həyat, yeni nəfəs oyadır. İndi o Günəş azad və müstəqil Azərbaycanın səmasında əbədi parlayır.
Bu torpaq bir daha əsarət görməyəcək!
Bu bayraq bir daha enməyəcək!
Bu Vətən daim azadlığın, müstəqilliyin və qürurun simvolu olaraq qalacaq!
Bülbül Rövşənqızı
Digər xəbərlər