NAXÇIVAN :

04 May 2026, Bazar ertəsi

Yusif Məmmədəliyev xalqımızın qəlbində görkəmli ictimai xadim kimi yaşayır

...

Görkəmli akademik, ictimai xadim, SSRİ Dövlət mükafatı laureatı Yusif Məmmədəliyev haqqında düşünərkən Ulu Öndər Heydər Əliyevin alimin 90 illik yubileyində dediyi sözləri xatırlamamaq mümkün deyil: “Yusif Məmmədəliyev xalqımızın tarixinə böyük alim, maarifçi, təşkilatçı, görkəmli ictimai-siyasi xadim kimi daxil olubdur. O öz elmi fəaliyyəti, elmi əsərləri, ixtiraları ilə Azərbaycan elminin inkişafına böyük təkan verib və dünya elminə, xüsusən dünya neft kimyası elminə görkəmli töhfələr veribdir. Yusif Məmmədəliyevin elmi fəaliyyəti, alimliyi həm geniş nəzəri xarakter, eyni zamanda çox əməli, tətbiqi xarakter daşıyır. Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur. Yusif Məmmədəliyev məhz belə alim olmuşdur”.
Dünyaşöhrətli akademikin Ordubad şəhərində yerləşən ev-muzeyi həmişə insanlarla dolu olur. Bu günlərdə biz də həmin muzeyə üz tutduq. Budur, Yusif Məmməd­əliyevin uşaqlıq dövrünün keçdiyi evin qapı­sından içəri daxil oluruq. O ev ki 1975-ci ildən bəri muzey kimi fəaliyyət göstərir. Muzey, təxminən, 407 eksponatla fəaliyyətə başlayıb, hazırda 2000-dən çox eksponat muzey fondunda mühafizə olunur. Beş otaqdan ibarət olan ekspozisiya salonlarının, birincisi, Yusif Məmməd­əliyevin elmi fəaliyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu otaqdır. Burada çoxlu fotolar və görkəmli alimin həyat və fəaliyyəti barədə ətraflı məlumatlar özünə yer alıb. Digər otağa daxil olarkən XIX əsrə aid evlərdə olduğu kimi, interyerindəki çoxlu böyük və kiçik taxçalar,  onların içərisində qorunub saxlanan həmin dövrə aid müxtəliftipli məişət əşyaları insana nostalji hisslər bəxş edir. Bunların fonunda isə qulağımıza pıçıldayan musiqi sədasıdır. SSRİ Xalq artisti Rəşid Behbudovun ifasında səslənən “Ala gözlüm” mahnısının ahəngində muzey direktoru Elvira İbrahimova ilə Yusif Məmmədəliyev haqqında həmsöhbət oluruq. Müsahibim bildirir ki, artıq bir ildir, muzeydə görkəmli akademikin xoşladığı “Sənsiz” romansı, “Ölkəm”, “Küçələrə su səpmişəm”, “Ləpələr” və başqa mahnılar səsləndirilir. Bu isə muzeyə gələn qonaqlarda daha xoş təəssürat yaradır. Salonun sol tərəfindəki küncünə qara rəngli piano qoyulub. Bu isə Yusif Məmmədəliyevin ömür-gün yoldaşı Bilqeyis xanımdan yadigardır. Muzeyin direktoru deyir ki, onlar gənclik vaxtı bir məclisdə olarkən Bilqeyis xanım pianoda ifa edirmiş. Orada ilk tanışlıqları olub və sonradan bu görüş onların ailə həyatı qurması ilə nəticələnib. Görkəmli akademik həmişə Bilqeyis xanımın onun üçün sevdiyi mahnıları ifa etməsini istəyərmiş.
Muzeyi ziyarət edənlərdə zəngin təəssürat yaradan otaqlardan biri alimin iş otağıdır. Burada gördüyümüz masa Elmlər Akademiyasından muzeyə hədiyyə olunub. Həmin masada mürəkkəb qabı, anası Gülsüm xanımın fotoşəkli, fil fiqurları, külqabı, barometr və sair əşyaları görürük. Bu salonda böyük bir kitab rəfi də diqqətimizi çəkir. Yaxınlaşıb baxırıq. Rəfdə akademikin müəllifi olduğu və oxuduğu kitablar özünə yer alıb. 
Elvira xanımla söhbətimiz zamanı da bu qənaətə gəlirik ki, doğrudan da, kimya təbiət, təbiət kimyanın özüdür elə. Eyvandan açılan xoş mənzərə Yusif Məmmədəliyev dünyasına, onun ruhuna təsirsiz qalmamışdır. Baxmayaraq ki, o, Təbiətşünaslıq fakültəsində oxumuşdu, amma məqsədi filoloq olmaq idi. Orada kimyaçı professor Sadıq Hüseynzadə ilə qarşılaşması Yusif Məmməd­əliyevin arzusunu dəyişə bilib. Nəticədə, o, kimyaçı olur. İllər keçsə də, filoloq olmaq istəyi onun qəlbində arzu kimi qalır. Yəqin ki, alimin “Etiraf” adlı şeiri də belə yaranıb:
    Oxudum Şərqin ustad şairlərini –
    Camini, Hafizi, Xəyyamı, Sədini
    Küsdüm taleyimdən, küsdüm dünyamdan
    Nədən şair yaratmadı məni Yaradan?..
    ...Yetirdim əlimi elmin camına,
    Düşdüm kimyanın torgirdabına.
    Toru doğrayıb aça bilmədim,
    Kimya tilsimindən çıxa bilmədim.

Amma buna baxmayaraq, deyə bilərik ki, Yusif Məmmədəliyev elmi fəaliyyətinə, ixtiralarına, kəşflərinə, yeniliklərinə görə, sözün həqiqi mənasında, kimya elminin tilsimindən kifayət qədər alnıaçıq və üzüağ çıxıb. Ordubad kimi balaca bir şəhərdə doğulub, amma okeanın o tayında Amerika kimi güclü bir dövlətin aliminin fikrinin üzərindən xətt çəkə bilibsə, Rusiya kimi inkişaf etmiş bir dövlətin aliminin nəzəriyyəsini tar-mar edə bilibsə, bu o deməkdir ki, Yusif Məmmədəliyev adı böyük hərflərlə yazılan alimdir. Onun zamanı qabaqlayan kəşfləri, ixtiraları da bunu sübut edir. Yüksək oktanlı benzin  faşist Almaniyası üzərində SSRİ-nin qələbəsini təmin etdi. 
Nəzərə alaq ki, o, 56 il ömür sürüb, lakin bu qısa zaman kəsiyində əsrlərə bərabər məhsuldar bir alim həyatı yaşayıb. Onun elmi fəaliyyəti, demək olar ki, bir sıra elmlərə nüfuz edə bilmişdi. “Azərbaycanda elmin inkişafı” adlı monoqrafiyasinda riyaziyyatdan, fizikadan, filologiyadan yazan alimin təşəbbüsü ilə 1959-cu ildə Şamaxı astrofizika rəsədxanası yaradılmışdı.
Yusif Məmmədəliyev düşünürdü: “Necə olur ki, astronom, alim Nəsrəddin Tusinin vətənində rəsədxana olmasın?” Böyük çətinliklərdən keçərək o, nəhayət, istəyinə nail olur. Rəsədxanaya Almaniyadan diametri 2 metr olan teleskop gətirilir. Bu isə Yusif Məmmədəliyevin sifarişi ilə hazırlanmışdı və Almaniyanın özündə belə bir teleskop yox idi. 
Kimyaçı alimin çoxşaxəli elmi fəaliyyətinə nəzər salsaq, görərik ki, Qobustan qayaüstü təsvirlərinin tədqiqində də onun xidmətləri danılmazdır. Kimyaçı alim üçün maraqlı olan o idi ki, bu, Azərbaycanın tarixidir, öyrənilməli, tədqiq edilib, analiz olunmalıdır. Onun təşəbbüsü ilə o vaxtlar böyük bir ekspedisiya təşkil edilir və Qobustan qayaüstü təsvirləri araşdırılır. Yeri gəlmişkən qeyd edək ki, SSRİ, ABŞ, İtaliya, Fransa, İngiltərə, Polşa, Macarıstan və başqa ölkələrdə keçirilən qurultay, konqres və simpoziumlarda iştirak edən alim ölkəmizdə Əlyazmalar Fondu, Sumqayıt Kimya Elmi Mərkəzi və digər müəssisələrin təşkilində də təşəbbüskarlıq göstərmişdir. 
“Lenin”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və müxtəlif medallarla təltif edilən Yusif Məmmədəliyev 1945-ci ildə yaradılmış Azərbaycan SSR Elmlər Akademiyasının ilk həqiqi üzvlərindən biri idi. Bunu da qeyd etmək lazımdır ki, onda Yusif Məmməd­əliyevin 40 yaşı hələ tamam olmamışdı. Yusif Məmmədəliyev Elmlər Akademiyasının prezidenti, universitetin rektoru vəzifələrində də çalışıb. Bu gün hərtərəfli fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutlarının böyük əksəriyyəti məhz kimyaçı akademik Yusif Məmməd­əliyevin Elmlər Akademiyasının prezidenti kimi çalışdığı vaxtlarda təşkil olunmuşdur. Bu da tarixi faktdır ki, o dövrdə neft emalı sənayesinin yenidən qurulmasında Yusif Məmməd­əliyevin də böyük rolu olub. 1945-46-cı illərdə Sovet İttifaqının Neft Sənayesi Nazirliyinin Elmi Texniki Şurası yaradılanda bu şuraya Yusif Məmmədəliyev rəhbərlik edib. 
Muzeydə Yusif Məmmədəliyev haqqında dünyanın məşhur şəxsiyyətlərinin fikirləri də özünə yer alıb. Onlardan biri böyük demokrat yazıçımız Mirzə İbrahimova məxsusdur. 
1984-cü ildə muzeyin xatirə dəftərində görkəm­li alimin yaxın dostu  Mirzə İbrahimov yazıb: “Muzeyin hər guşəsində mən diri, 
ölməz Yusifi görür, onun səsini eşidirəm”. 
1996-cı il 10 sentyabr tarixdə akademikin anadan olmasının 90 illik yubileyi Respublika sarayında keçirilib. 2005-ci ildə  anadan olmasının 100 illiyi isə ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 
YUNESKO xətti ilə Parisdə YUNESKO-nun iqamətgahında qeyd olunub.  
Akademikin 110 illik yubileyi də ölkə miqyasında qeyd olunub. Bu il isə 120 illik yubileyinin qeyd olunması ilə bağlı Azərbaycan Prezidentinin 2025-ci il 5 iyul tarixdə imzaladığı Sərəncam  görkəmli akademikin  90 illik yubileyi keçirilərkən Ulu Öndər Heydər Əliyevin sözlərini yada salır: “Yusif Məmmədəliyev heç vaxt unudulmayacaq, zaman keçdikcə onun Azərbaycan xalqının tarixindəki yeri daha da açıq görünəcəkdir və insanlar, gələcək nəsillər Azərbaycanın belə şəxsiyyətləri ilə fəxr edəcəklər”. 
Bu gün həm də ona sevinirik ki, 120 illik yubileyi qeyd olunan akademik Yusif Məmmədəliyev haqqında Ulu Öndər Heydər Əliyevin böyük arzularından biri həyata keçməkdədir. 

Aidə İBRAHİMOVA
 

Nəşr edilib : 13.07.2025 15:09