Malatyada sərnişin avtobusu dərəyə aşıb, 4 nəfər ö...
22:03 03.05.2026
0
0
0
NAXÇIVAN :
03 May 2026, Bazar
Azərbaycan ilə Serbiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf edir və bu əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur.
"Şərq qapısı" xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər bütün sahələr üzrə yüksələn xətt üzrə inkişaf edir və bu prosesin əsasında dövlət başçılarının siyasi iradəsi dayanır. Nazir müavininin sözlərinə görə, mədəniyyət sahəsində əməkdaşlıq da bu ümumi inkişafın ayrılmaz tərkib hissəsidir. Azərbaycan və Serbiya arasında artıq mədəniyyətin müxtəlif istiqamətləri üzrə səmərəli əməkdaşlıq formalaşıb. Kitabxana sahəsində hər il yüzlərlə kitabın qarşılıqlı tərcüməsi və mübadiləsi həyata keçirilir. Həm Azərbaycan, həm də Serbiya müəlliflərinin əsərlərinin digər ölkədə nəşr olunması xalqlarımız arasında mədəni yaxınlaşmaya mühüm töhfə verir.
Fərid Cəfərov əlavə edib ki, muzeylər arasında əməkdaşlıq da diqqətəlayiqdir. Xüsusilə Azərbaycan Xalça Muzeyi ilə Serbiyanın Etnoqrafiya Muzeyi arasında təşkil olunan mübadilə sərgiləri bu sahədə uğurlu tərəfdaşlığın bariz nümunəsidir.
Nazir müavini vurğulayıb ki, film sənayesi sahəsində də son illərdə müsbət dinamika müşahidə olunur. Azərbaycan nümayəndələrinin Serbiyada keçirilən beynəlxalq film festivallarında iştirakı, eyni zamanda, serbiyalı qonaqların Bakıda təşkil olunan kino tədbirlərində fəal iştirakı əlaqələrin genişləndiyini göstərir.
“Yeni birbaşa aviareysin açılması iki ölkə arasında mədəni mübadilələrin intensivləşməsinə və xalqlar arasında birbaşa təmasların artmasına əlverişli şərait yaradacaq. Serbiya nümayəndə heyətinin Azərbaycana səfəri incəsənət və musiqi sahəsində əməkdaşlığa yeni impuls verəcək. Keçiriləcək birgə tədbirlər və layihələr iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə F.Cəfərov bildirib.
Digər xəbərlər