Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Yurdumuza sevinc, ruzi-bərəkət, xoşbəxtlik gətirən daha bir ilimiz də, beləcə, gözəl notlarla sona yetir, nurlu sabahlara aparan yeni ilə qədəm qoyuruq. Xoş xatirələr isə bizimlə qalır. Hər bir insan üçün Yeni il yeni başlanğıclar, yeni ümidlər deməkdir. Doğma diyarımızda Naxçıvan sakinləri də əsl bayram ovqatı yaşayır. 2026-cı ilin gəlişi münasibətilə artıq bir neçə gündür ki, hər il olduğu kimi, bu il də küçə və prospektlər bəzədilib, mərkəzi meydanda ucaldılan yeni ilin simvolu rəngarəng küknar ağacı isə birliyimizi, həmrəyliyimizi ifadə edir. Ətrafında əsl bayram ab-havası duyulur. Hər tərəf al-əlvan rəngə boyanıb. Bu bayramda hamının sevimlisinə çevrilən Şaxta baba və Qar qız da küknar ağacının ətrafında cəm olub uşaqlara müxtəlif hədiyyələr verir, xatirə şəkilləri çəkdirirlər.
Şəhərimizin mərkəzində olan zaman muxtar respublika sakinlərinin simasında yeni ili böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşıladığını görürük. Yeni il həm də geridə qalan ilin uğurlarına nəzər salmaq, qarşıdakı hədəfləri müəyyənləşdirmək üçün gözəl fürsətdir. Yeni ilin gəlişi insanlara yenidən inanmaq hissi bəxş edir. Daha yaxşı sabahlar, daha aydın məqsədlər, daha möhkəm iradə. Elə bu inamdır ki, insanı addımlamağa vadar edir. Cəmiyyət olaraq biz də Yeni ilə yeni gözləntilərlə qədəm qoyuruq. Daha güclü birlik, daha sağlam sosial münasibətlər, daha məsuliyyətli vətəndaş mövqeyi – bütün bunlar gələcəyin təməlini təşkil edir. Arzumuz qarşıdan gələn il hər bir evə işıq, hər bir ürəyə ümid gətirsin. Qoy arzular qorxuya deyil, cəsarətə söykənsin. Belə bir deyim vardır: “Yeni ili hansı əhvali-ruhiyyə ilə başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan”. İnanırıq ki, 2026-cı il ölkəmizə, muxtar respublikamıza sülh, firavanlıq və davamlı inkişaf gətirəcək.
Bu gün Azərbaycan xalqı Yeni ili zəfər ruhunda, qürur və əmin-amanlıq şəraitində qarşılayır. Azərbaycanın son illərdə qazandığı uğurların təməlində Prezident İlham Əliyevin ölkədə apardığı uzaqgörən və prinsipial siyasət dayanır. Xüsusilə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi zəfər xalq-ordu-lider birliyinin bariz nümunəsi oldu. Müharibədən sonra azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri Prezident İlham Əliyevin strateji baxışının davamı kimi uğurla həyata keçirilir. Yeni il ərəfəsində ölkədə hökm sürən sabitlik, sosial rifahın yüksəlməsi, regionların sürətli inkişafı və gələcəyə yönəlmiş layihələr xalqın dövlətinə və liderinə olan inamını daha da gücləndirir. Bu inam Azərbaycanı yeni qələbələrə, yeni nailiyyətlərə aparır. Yeni ili qarşılayan Azərbaycan xalqı əmindir ki, geridə qoyduğumuz illər kimi 2026-cı il də uğurlar, tərəqqi və milli qürur ili olacaq.
Bu yeni il hər evə sevinc, hər ailəyə xoşbəxtlik, hər ürəyə ümid bəxş etsin. Bayram sevincini paylaşmaq, bir-birimizə diqqət və qayğı göstərmək isə bu gözəl günlərin ən böyük mənasıdır. Biz də “Şərq qapısı”nın oxucularına və dünya azərbaycanlılarına bu gözəl bayrama xoş ovqatla başlamağı, bütün arzularının çin olmasını diləyirik. 2026-cı il hər birinizin həyatında ən uğurlu illərdən biri olsun. Yeni il bayramınız mübarək! Hər zaman həmrəy olaq!
Bülbül RÖVŞƏNQIZI
Digər xəbərlər