NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Uşaqlarda nitq ləngimələrinin səbəbləri

...

Uşaqlarda nitqin inkişafının ləngiməsi valideynləri narahat edən əsas məsələlərdən biridir. Mütəxəssislər bildirirlər ki, bu problem həm tibbi, həm də sosial amillərlə bağlıdır və son illər texnologiyadan həddindən artıq istifadə bu riski daha da artırır. Beynəlxalq təşkilatlar, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF də erkən uşaqlıq dövründə inkişaf problemlərinin artdığını vurğulayırlar. Mövzu ilə bağlı danışan Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin direktoru, loqoped Minurə Musayeva bildirib ki, nitq uşağın dünyanı dərk etmə və özünü ifadə etmə vasitəsidir. Nitq ləngiməsi uşağın yaşına uyğun danışıq və dil bacarıqlarının formalaşmasında gecikmə deməkdir. Əgər uşaq deyilənləri anlayır, lakin fikrini sözlə ifadə etməkdə çətinlik çəkirsə, bu artıq inkişaf geriliyi kimi qiymətləndirilir. Söz ehtiyatının məhdud olması, cümlə qura bilməmək, səsləri düzgün tələffüz etməmək, danışığı anlamaqda çətinlik və ümumiyyətlə, nitqin olmaması əsas əlamətlər sırasındadır.

Onun sözlərinə görə, bu vəziyyətin səbəbləri müxtəlif ola bilər. Nevroloji problemlər, doğuş travmaları, hipoksiya, beyin inkişafının ləngiməsi, autizm spektr pozuntusu, epilepsiya kimi tibbi hallar danışığa təsir göstərə bilər. Eyni zamanda anadangəlmə eşitmə zəifliyi, tez-tez təkrarlanan qulaq iltihabları və adenoid problemi də gecikməyə səbəb olur. Artikulyasiya aparatında – dilaltı pərdənin qısa olması, damaq və çənə quruluşundakı pozuntular da çətinlik yaradan amillərdəndir.

Minurə Musayeva vurğulayır ki, nitqin formalaşması mərhələli şəkildə gedir. Bir yaşa qədər olan dövrdə uşaq səs reaksiyaları ilə danışığa hazırlaşır. Üç yaşa qədər ilk sözlər yaranır və aktiv ifadə başlayır. 3-7 yaş aralığında lüğət ehtiyatı sürətlə artır, sözlərin mənası dəqiqləşir, səsləri ayırd etmə bacarığı təkmilləşir. Məktəb dövründə isə ifadə imkanları struktur baxımından daha da zənginləşir. Mütəxəssis qeyd edir ki, valideynlər körpə doğulduğu andan onunla ünsiyyət qurmalıdırlar. Danışmaq, göz təması saxlamaq, emosional münasibət göstərmək nitqin təməlini qoyur. Gündəlik canlı dialoq, birgə oyunlar və kitab oxuma inkişafı stimullaşdırır. Uşağın istəklərini dərhal yerinə yetirmək əvəzinə onu sözlə ifadə etməyə həvəsləndirmək daha faydalıdır. Vaxtında müdaxilə olunmadıqda problem dərinləşə bilər. Uşaq fikirlərini ifadə edə bilmədikdə psixi proseslər zəifləyir, özünə inam azalır, davranış çətinlikləri yaranır. Səs, tələffüz qüsurları və qrammatik səhvlər qalıcı hala keçə, bəzi hallarda eşitmə və ya digər inkişaf pozuntuları gec aşkar edilə bilər. Minurə Musayeva telefon və digər rəqəmsal vasitələrdən həddindən artıq istifadənin də mənfi təsir göstərdiyini bildirir. Onun sözlərinə görə, nitq qarşılıqlı dialoq üzərində qurulur. Ekran qarşısında uşaq passiv dinləyici rolunda qalır, halbuki inkişaf üçün emosional reaksiya, göz təması və canlı ünsiyyət vacibdir. Mütəxəssis hesab edir ki, texnologiyanı tam qadağan etmək real deyil, lakin 0-2 yaş aralığında ekran tövsiyə olunmur. 2-5 yaş dövründə isə gündəlik məhdud zaman çərçivəsində və valideyn nəzarəti ilə istifadə daha məqsədəuyğundur.

Mövzunun tibbi tərəfinə aydınlıq gətirən Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin Psixiatriya şöbəsinin həkim-rezidenti Mustafa Həsənov isə bildirir ki, danışıq bacarığının gec formalaşması beynin danışma və anlama mərkəzləri arasındakı neyron əlaqələrinin zəifliyi ilə bağlı ola bilər.

Onun sözlərinə görə, genetik meyillilik, eşitmə problemləri, fiziki və psixi geriliklər, doğuş travmaları, sinir zədələnmələri kimi amillər bu vəziyyətə səbəb ola bilər. Ailə daxilində ünsiyyətin az olması və texnologiyadan həddindən artıq istifadə də risk faktorları sırasındadır.

Həkim vurğulayır ki, erkən yaşlarda ekran qarşısında uzun müddət qalmaq uşağın sosial və emosional bacarıqlarına mənfi təsir göstərir. Çünki ekranla ünsiyyət birtərəflidir və uşaq aktiv cavab verməyə təşviq olunmur. Halbuki beyin qarşılıqlı dialoq, oyun və emosional təmas vasitəsilə daha sürətli formalaşır.

Mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edilməzsə, gələcəkdə özünü ifadə çətinliyi, ünsiyyət problemləri, özgüvən azalması və davranış pozuntuları ortaya çıxa bilər. Buna görə də ailələrə canlı ünsiyyətə üstünlük vermək, ekran vaxtını məhdudlaşdırmaq və şübhəli hallarda gecikmədən yardım almaq tövsiyə olunur.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 28.02.2026 14:58