NAXÇIVAN :

18 Aprel 2026, Şənbə

Uşaqlar asudə vaxtlarını necə keçirirlər?

...

Artıq bir müddətdir ki, məktəblərdə dərslər yekunlaşıb. İlin çox hissəsini məktəbdə keçirən, dərslərin yorğunluğunu üzərindən atmaq istəyən şagirdlər isti yay günlərində istirahət edir, enerji toplayaraq növbəti dərs ilinə hazırlaşırlar. Bu dövrdə əsas məşğuliyyət əyləncə olsa da, uşaqlar biliklərini, fiziki və zehni bacarıqlarını artırmaq üçün müxtəlif məktəbdənkənar müəssisələrə üz tuturlar. Bu müəssisələr uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri, istedadlarını inkişaf etdirmələri üçün xüsusi əhəmiyyətə malikdir. Həmin müəssisələrdən biri də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir. Uzun illərdir, fəaliyyət göstərən, bu gün səsi-sorağı ölkəmizin bir sıra tanınmış yerlərindən, mədəniyyət müəssisələrindən gələn onlarla sənət adamı bağlandığı peşənin ilkin sirlərinə bu mərkəzdə yiyələnib. Biz də yay tətilində uşaqların asudə vaxtlarının səmərəli təşkili istiqamətində hansı işlər görüldüyünü, nə üçün bu aylarda müəyyən dərnəklərin fəaliyyətini dayandırdığını öyrənmək üçün həmin ünvana üz tutmaq qərarına gəldik. Mərkəzin tərbiyə işləri üzrə direktor müavini Günay İsaqova ilə görüşüb mövzu ilə bağlı suallarımızı ünvanladıq. Müsahibim bildirdi ki, uşaqların bilik və bacarıqlarını inkişaf etdirmək, intellektual səviyyələrini yüksəltmək, qabiliyyət və istedadlarını üzə çıxarmaq və inkişaf etdirmək üçün məktəbdənkənar müəssisələrin üzərinə böyük vəzifələr düşür. Yaxşı haldır ki, muxtar respublikamızda fəaliyyət göstərən belə müəssisələrdə çalışan pedaqoji kollektivlər bu həqiqəti dərindən dərk edir, yaradılmış şəraitdən səmərəli istifadəyə səy göstərir, öz vəzifə borclarına məsuliyyətlə yanaşırlar. Çünki gələcəyimiz bu gün yetişdirdiyimiz gənclərə etibar ediləcək.

Müsahibim deyir ki, mərkəzdə müxtəlif dərnəklər fəaliyyət göstərir və uşaqlar, əsasən, yaradıcı dərnəklərə – rəsm, rəqs, gimnastika, dulusçuluq, dekorativ işlər – aplikasiya və digər sahələrə maraq göstərirlər. Bununla yanaşı, dram, məntiq və sair sahələri də uşaqlar çox sevirlər. Lakin onu da qeyd etməliyik ki, yay tətilində məşğələlər olmadığından və məzuniyyətə çıxmaq səbəbindən bəzi müəllimlərin rəhbərlik etdikləri dərnəklərin fəaliyyəti müvəqqəti olaraq dayandırılır.    

Bu mövsümdə mərkəzdə əyləncəli yay tədbirlər planı hazırlanır ki, həmin plan əsasında gəzinti, ekskursiya, piknik və oxu, həmçinin film günləri təşkil olunur, idman və əyləncəli yarışlar, şeir müsabiqələri və başqa tədbirlər keçirilir.

Qeyd edək ki dərnəklərə qəbul, əsasən, sentyabr, oktyabr aylarından başlayır.

                                   Türkanə ƏSƏDOVA  

Nəşr edilib : 02.07.2025 15:41