NAXÇIVAN :

05 May 2025, Bazar ertəsi

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

...

"Şərq qapısı" xəbər verir ki, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. 
Tədbir başlamazdan öncə xalqımızın dahi oğlu, Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyətlərdən, müdrik dövlət xadimlərindən biridir. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova “Heydər Əliyev – müasir Azərbaycan dövlətinin banisidir” və Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir” adlı mövzularla çıxış edərək bildiriblər ki, Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Nə qədər ki Azərbaycan milləti və dövləti var dünya miqyaslı böyük tarixi şəxsiyyət Heydər Əliyev həmişə xatırlanacaq, onun parlaq siması qədirbilən insanların qəlbində yaşayacaq, əziz və unudulmaz xatirəsi hər zaman xüsusi ehtiramla anılacaqdır.
Sonra Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətinə həsr edilmiş “Əbədiyyətin ilk əsri” adlı filmə və sərgiyə baxış olub.

Nəşr edilib : 11.12.2024 16:41