NAXÇIVAN :

08 May 2025, Cümə axşamı

Ulu Öndərimizin xalqımız qarşısında xidmətləri unudulmazdır

...

Müasir Azərbaycan tarixinin əsas inkişaf və yüksəliş mərhələsi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərliyi tariximizə qızıl hərflərlə yazılmışdır.

Ulu Öndərimiz Heydər Əliyevin həyatının mənası Azərbaycan idi, ölkəmizin inkişafı və tərəqqisi idi. Ümummilli Liderimizin respublikamıza rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır. Ölkəmizin tarixinə Qurucu və Xilaskar – rəhbər kimi daxil olmuş Ulu Öndər xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderimiz Heydər Əliyev müstəqil Azərbaycan dövləti, xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə həmişə xalqa arxalandığını vurğulayaraq demişdir: “İstər bir azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, istərsə də onun rəhbəri, Prezidenti kimi mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizin, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.

Müdrik dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasət sayəsində Azərbaycanın milli gücünün və iqtisadi potensialının artırılmasına, torpaqların işğaldan azad edilməsinə zəmin formalaşdıran əsas amil oldu.

Bəşəriyyətin siyasi tarixi nəhəng şəxsiyyətlərin öz xalqına bəxş etdiyi qəhrəmanlıqların və qələbələrin salnaməsidir. Xalqın yetişdirdiyi ən böyük sərvət hesab edilən liderlər, nəticə etibarilə, təmsil etdiyi toplumun şərəf tarixinin müəllifi olurlar. Azərbaycan tarixinin parlaq səhifələri ayrı-ayrı dövrlərdə xalqımıza unudulmaz qələbələr töhfə etmiş dahilərin gələcəyimizə işıq saçan zəngin irsidir.

XX əsrin 70-ci illərindən etibarən başlayan Azərbaycanın intibahı və onun məntiqi yekunu sayılan müstəqil Azərbaycan dövlətinin qurulması Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin möhtəşəm və birbaşa nəticəsini ifadə edir. Ölkəmizin XXI əsrin əvvəllərindən start götürən yüksəlişi və çoxəsrlik tariximizin ən şərəfli səhifələrindən birinə çevrilən 2020-ci ilin böyük Zəfər salnaməsi isə Prezident cənab İlham Əliyevin müstəsna xidmətləri və şəxsi şücaəti sayəsində reallaşmışdır. Bu qələbə xalqına layiq olan liderin və liderinə sadiq olan xalqın qəhrəmanlıq dastanını xatırladır. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə liderinin əsəridir.

Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin qurduğu dövlətin taleyini tapşıracağı yeni liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapırdı. Onun 2003-cü ilin prezident seçkiləri ərəfəsində prezidentliyə namizəd İlham Əliyev haqqında dediyi “mən İlham Əliyevə özüm qədər inanır və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. Əminəm ki, mənim başa çatdıra bilmədiyim işləri o, başa çatdıracaqdır” sözləri Ümummilli Liderin uzaqgörənliyinin və seçiminin alternativsizliyinin bariz nümunəsi sayıla bilər.

Bir ölkənin Prezidenti, bir xalqın lideri olmaq böyük şərəfdir. Lakin xalqın qəhrəmanı olmaq, ona qalib xalq statusu qazandırmaq daha böyük şərəf, daha böyük bəxtəvərlikdir. İlham Əliyev özünün qeyd etdiyi kimi, xoşbəxt insandır. Xoşbəxtdir ki, həm Prezident, həm siyasi varis, həm də oğul kimi öz üzərinə düşən bütün vəzifələri layiqincə yerinə yetirdi. Azərbaycanın yeni, şanlı tarixinin müəllifi, xalqımızın bitib tükənmək bilməyən sevinc, qürur və bəxtiyarlığının ilham mənbəyi oldu. Bu elə bir zirvədir ki, ondan yüksəyini təsəvvür etmək mümkün deyil.

Qarabağın yenidən qurulması ilə yanaşı, qarşıda Azərbaycanda dərin islahatların həyata keçirilməsi, əhalinin həyatının və rifahının daha yüksək səviyyəyə qaldırılması sahəsində sistemli tədbirlərin davam etdirilməsi kimi vacib və məsuliyyətli vəzifə dayanır. Hədəf Azərbaycanı yaşamaq və işləmək üçün ən rahat və cazibədar məmləkətə çevirməkdir. Azərbaycan xalqının ən yüksək həyat standartları şəraitində yaşamağa layiq olduğunu Prezident cənab İlham Əliyev dəfələrlə qeyd etmişdir. Ötən illər ərzində bu standartların yaradılması istiqamətində mühüm işlərin görülməsi, ölkəmizin inkişaf, müasirləşmə sahəsində ciddi irəliləyişlərə nail olması heç kimə sirr deyil. Qarşıdakı illərdə daha cəsarətli addımların atılması, yeni həyat standartlarının bərqərar edilməsi naminə fədakarlıqlar göstərməsi üçün bütün əsaslar: niyyət, iradə, təcrübə və resurslar mövcuddur.

Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmiş, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoymuş, yeni idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

Qarabağı azadlığına qovuşdurduqdan sonra Prezident cənab İlham Əliyevin üzərinə düşən tarixi missiya məhz belə bir Azərbaycanı yaratmaqdan ibarətdir. İndiyədək onun titanik səyləri nəticəsində bu sahədə silsilə layihələr həyata keçirilib, möhtəşəm uğurlar qazanılıb. Xalqın həyatı dəyişib. Qarşıda onu daha gözəl, daha firavan etmək vəzifəsi dayanır.

Uğur və qələbə daim Prezident cənab İlham Əliyevin həyatının və taleyinin yanında olub. Növbəti uğur öz təcəssümünü daha gözəl, daha cazibədar məmləkətin qurulmasında tapacaq və o, çiçəklənən Azərbaycanın memarı adını yazdığı tarixin şanlı səhifəsinə əbədi olaraq həkk edəcəkdir.

 Aysel DÜNYAMALIYEVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 09.12.2024 14:44