NAXÇIVAN :

22 Aprel 2026, Çərşənbə

Türkiyəli tarixçi: Naxçıvanda gördüklərim məni valeh etdi və qürurlandırdı

...

"Naxçıvanda gördüklərim məni valeh etdi və qürurlandırdı. Orada, hətta kəndlərdə belə musiqi məktəbləri fəaliyyət göstərir, Naxçıvan Dövlət Universitetinin nəzdində isə 150 nəfərlik simfonik orkestr mövcuddur. Mən öz-özümə sual verdim: “Niyə Mustafa Kamal Atatürkün dövründə “musiqi inqilabı” elan edilən Türkiyədə bu cür təcrübə yoxdur?”
"Şərq qapısı" xəbər verir ki, bu fikirlər türkiyəli məşhur tarixçi, professor İlber Ortaylının “Hürriyet” qəzetində bazar günü dərc olunmuş yazısında əksini tapıb.
Alim Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Səbinə Əliyevanın dəvəti ilə Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş dörd günlük səfər təəssüratlarını oxucu auditoriyası ilə bölüşüb.
İ.Ortaylı vurğulayıb ki, Türkiyə və Azərbaycanı yalnız iqtisadi, müdafiə və ya diplomatik əlaqələr deyil, həm də mədəni yaxınlıq bağlayır. Bu isə iki ölkənin tarixi irsindən qaynaqlanan təbii nəticədir. Bu kontekstdə professor Ümummilli Lider Heydər Əliyevin sözlərini sitat gətirib: “Bir millət, iki dövlət”.
“Binaların memarlıq üslubu, yaşıllıqlar, həyət-bacalar, universitet, dövlət strukturlarının inzibati binaları Naxçıvan şəhərinə möhtəşəm bir görkəm verir və bu məni dərin təsirləndirdi. Burada İran, Avropa və Anadolu qovuşur... Naxçıvan öz mətbəxi, incəsənəti və mədəniyyəti ilə xüsusi bir ruh daşıyır”, – deyə tarixçi qeyd edib.
Müəllif, həmçinin Naxçıvanda təşkil olunan konfranslardan, oradakı diqqətdən və ona ünvanlanan suallardan məmnun qaldığını bildirib.
İ.Ortaylı səfər çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşdünüyü də qeyd edib.
Alim əlavə edib ki, azərbaycanlılar Türkiyəyə və onun mədəniyyətinə böyük maraq göstərirlər, bu isə, xüsusilə gənc tələbələr arasında özünü daha çox büruzə verir.
İ.Ortaylı Azərbaycanı “Qafqazda həlledici oyunçu” adlandıraraq Bakının “uğurlu və peşəkar xarici siyasətinə, eləcə də dövlət strukturlarının səriştəli fəaliyyəti”nə diqqət çəkib.

Nəşr edilib : 28.09.2025 19:08