Ümumi təhsil pilləsində vergi mədəniyyəti və maliy...
15:50 21.04.2026
0
0
0
NAXÇIVAN :
21 Aprel 2026, Çərşənbə axşamı
“Ölkəmiz daha bir mötəbər beynəlxalq tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşünə ev sahibliyi edir. Füsunkar şəhərimiz Qəbələdə keçirilən sammit “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr edilib. Azərbaycan hər zaman türk dövlətləri arasında birliyə, həmrəyliyə layiqli töhfələr verir. Türk Dövlətləri Təşkilatı (TDT Avrasiyanın xəritəsində artıq güclü siyasi-iqtisadi mərkəzə çevrilir. Qlobal müstəvidə türk dövlətlərinin təsirini artırmaq istiqamətində strateji addımlar atılır. Bu mənada, oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının XII Zirvə görüşünün mövzusu “Regional sülh və təhlükəsizlik” olaraq açıqlanması xüsusi ilə diqqəti çəkir.”
Bu sözləri “Şərq qapısı” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aysel Dünyamalıyeva deyib.
Deputat onu da əlavə edib ki, Qəbələ Zirvə görüşündə TDT-yə üzv və müşahidəçi ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri iştirak ediblər. Türk dövlətləri arasında əməkdaşlığın ilk addımları 1992-ci ildən bu yana müəyyən fasilələrlə toplanan Türkdilli ölkələrin Zirvə görüşü ilə atılıb. 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında imzalanmış müqavilə ilə qurulmuş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), 2021-ci ilin noyabrında İstanbul Zirvə toplantısında Türk Dövlətləri Təşkilatı adlandırılıb. Hazırda bu beynəlxalq qurum türk dövlətlərinin birlik, qardaşlıq, həmrəylik mücəssəməsi olmaqla yanaşı, dünyanın siyasi və iqtisadi güc mərkəzinə çevrilməkdədir.
Deputat bildirib ki, tarixi Zəfərimizin, suverenliyimizin tam bərpasının yaratdığı reallıqlar fonunda bu gün dünya türk dövlətlərinin birliyinin, həmrəyliyinin şahidinə çevrilir. Azərbaycan daim Türk dünyasının birliyinə davamlı töhfələr verir. Bunun nəticəsidir ki, dövlət başçısı Prezident İlham Əliyev 2021-ci ildə Türk Dünyasının Ali Ordeninə layiq görülmüşdür. Prezident İlham Əliyevin təşəbbüsü ilə ötən ildən etibarən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsi də Azərbaycanın bu birliyin möhkəmlənməsində nə qədər maraqlı olduğunu təsdiqləyir. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə görüşü və bu tədbirdə qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha sübut etdi. Prezident İlham Əliyev həmin Zirvə görüşündə bəyan etdi ki, Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan Prezidentinin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü deyən ölkəyə çevrilib. Türk dünyasının birliyinin daimi və əbədi olması üçün Azərbaycan bundan sonra da səylərini əsirgəməyəcək. Prezident İlham Əliyevin də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşündə dediyi kimi: “Zirvə görüşümüz qəbul edəcəyimiz qərarlarla Türk Dövlətləri Təşkilatının mövqeyini daha da gücləndirəcək, xalqlarımızın rifahına və təhlükəsizliyinə əlavə töhfə verəcəkdir”, - deyə deputat Aysel Dünyamalıyeva bildirib.
Digər xəbərlər