Müşfiqabad qəsəbəsində Eldar şamı və zeytun ağacla...
18:06 18.04.2026
0
0
0
NAXÇIVAN :
18 Aprel 2026, Şənbə
Müasir dünyanın mürəkkəb iqtisadi labirintində hər bir fərdin öz rifahını qoruması və gələcəyini inşası artıq, sadəcə, qazanmaqla kifayət etmir, bu həm də qazandığını idarə etməklə, yəni maliyyə savadlılığı ilə ölçülür. Bu anlayış təkcə pulun hərəkətini izləməklə məhdudlaşmır, həm də iqtisadi düşüncə tərzini həyatın bir hissəsinə çevirir. Elə maliyyə savadlılığı sahəsində bizi düşündürən suallara aydınlıq gətirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Tural Məmmədzadə ilə həmsöhbət olduq.
Onun sözlərinə görə: “Maliyyə savadlılığı insanın hər bir addımında, market səbətindən tutmuş, övladının gələcək təhsil yığımına qədər hər bir qərarda iştirak edən gizli bələdçidir. Savadlı insan pulu, sadəcə, xərcləyən yox, onu şüurlu şəkildə yönləndirəndir. O, emosional impulsların təsiri ilə plansız borclanmanın tələsinə düşmür, əksinə, hər bir kredit qərarını gələcək gəlir balansına görə analiz edir. Rəqəmsal maliyyə xidmətlərinin və “asan qazanc” vədlərinin geniş yayıldığı bir dövrdə, bu bilik fərdi həm də kiberfırıldaqçılıqdan və riskli investisiyalardan qoruyan bir qalxandır. Sadə dillə desək, maliyyə savadlılığı ayın sonunu gözləmək qorxusunu, gələcəyin inamlı planlaşdırılması ilə əvəz edir”.
Müsahibimizin fikrincə, borc alma düzgün idarə edildikdə inkişafı stimullaşdıran effektiv bir alətə çevrilir: “Bu alətin faydası maliyyə savadlılığı ilə birbaşa mütənasibdir. Savadlı fərd kredit götürərkən yalnız aylıq ödənişə baxmır, o, effektiv faiz dərəcəsini, ümumi geri ödəmə yükünü və müqavilənin xırda detallarını da görür. Borcu riskdən çıxarıb planlı bir maliyyə addımına çevirmək bacarığı həm fərdi borc bataqlığından xilas edir, həm də ölkədə sağlam borclanma mədəniyyətini formalaşdırır”.
Tural müəllimə görə maliyyə baxımından məlumatlı cəmiyyət makroiqtisadiyyat üçün ən etibarlı təməldir: “Belə bir cəmiyyətdə iqtisadi inkişaf sistemli xarakter alır. Vətəndaşlar rəsmi maliyyə alətlərinə güvəndikdə kölgə iqtisadiyyatı azalır, bank sisteminə olan etimad isə kapital dövriyyəsini sürətləndirir. Bu, investisiya və sahibkarlıq təşəbbüslərinin artmasına, real sektorun canlanmasına və nəticədə, iqtisadi inkişafın daha inklüziv olmasına gətirib çıxarır. Maliyyə savadlılığı Dövlət proqramlarının səmərəliliyini artıran, inkişafın səssiz, lakin həlledici faktorudur”.
Həmsöhbətim Azərbaycanda, xüsusilə gənclər arasında rəqəmsal ödənişlərə və bank xidmətlərinə marağın artmasının sevindirici olduğunu, amma uzunmüddətli yığım və investisiya vərdişlərinin hələ də inkişaf mərhələsində olduğunu bildirir: “Bu boşluğu doldurmaq üçün Maliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi genişmiqyaslı layihələrə imza atır. “Erkən yaşlardan qənaət vərdişi” şüarı ilə məktəblərdə keçirilən təlimlər, ali təhsil müəssisələrindəki seminarlar gənc nəslin maliyyə davranışını təməldən dəyişməyə xidmət edir. Eyni zamanda peşəkar maliyyəçi və mühasiblər üçün təşkil olunan ödənişsiz sertifikat kursları maliyyə idarəetməsində şəffaflığın və səmərəliliyin artırılması üçün atılan strateji addımlardandır”.
Tural Məmmədzadənin sözlərinə görə maliyyə savadlılığının yüksəlməsi Azərbaycan üçün gələcəkdə daha dayanıqlı iqtisadi modelin formalaşmasına kömək edir. Bu iqtisadi qərarları daha rasional verən, riskləri düzgün hesablayan və milli sərvəti həm qoruyan, həm də artıran bir vətəndaş cəmiyyətinin formalaşmasıdır. Gələcəyin Azərbaycanı güclü maliyyə mədəniyyətinə malik, hər bir fərdi öz gələcəyinə məsuliyyətlə yanaşan və qlobal iqtisadi rəqabətə hazır olan bir ölkə kimi ucalacaqdır.
Elnurə CƏFƏROVA
Digər xəbərlər